“Biz müxalifətçiləri ona görə tənqid edirik ki...”

biz-muxalifetcileri-ona-gore-tenqid-edirik-ki
Oxunma sayı: 1355

“Xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin bu və ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər”.

“Qafqazinfo” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, milli maraqlar daim uca tutulmalıdır: “Kim ki bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalif olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin.

İndiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu dayanır. Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Əgər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək. Bu düzgün yolda onlara uğurlar arzu edirəm”.