Kimdir qəhrəman, Babək ya Cavad xan?

<b>Kimdir qəhrəman, Babək ya Cavad xan?</b>
Oxunma sayı: 1044

Və əgər Babəkin ailəsindən öldürülən sadəcə Babək idi isə, Cavad xanın ailesindən həm özü, həm də oğlu şəhid edildi. Eyni zamanda Cavad xan rus işğalçılarının Bakı xanlığına hücumu zamanı öz köməyini təklif etmish yeganə xandır. Babəkin dini olan Zərdüşt dinində ölən adamın arxasınca nə dediklərini bilməsəm də, Cavad xanın dini olan İslam dinində vəfat edən, şəhid edilən insanın arxasınca Allah qəni-qəni rehmət etsin, qəbri nurla dolsun, yeri behiştlik olsun, deyə dua edildiyini bilirəm. Atalarımızın “Ən yaxın yol bildiyin yoldur” sözünü də özümə rəhbər bilib, dini dininmdən olan Cavad xanı və onunla birlikdə şəhid olan qardaş-bacılarımı bildiyim dualarla zaman-zaman yad edirəm.
Bu məqaləni isə yazmaqda məqsədim Azərbaycan mətbuatında Babəkə olan isti münasibətin müqabilində Cavad xana qarşı bu ögeyliyinin səbəbini oxucularla bölüşməkdir. Cavad xana olan bu unutqanlıq o dərəcədədir ki, hətta türkçülər və millətçilər tarixçilərin birmənalı şəkildə Bəzz qalasında yaşayanların türk olduqlarını sübut edə bilmədikləri halda Babəki özlərinə azadlıq rəmzi olaraq göstərirlər. Cavad xanın azəri türkü olduğu isə o qədər aydındır ki, onun hansı millətdən olması heç müzakirə mövzusu belə deyildir.
Bu məsələ haqqında müxtəlif təbəqələrdən olan tanışlarımla fikir mübadiləsi etdik. Bəziləri Babək haqqında çox gözəl bədii film çəkildiyini dedi. Danışdığım digər bir qism isə dedi ki, Cavad xan ruslara qarşı vuruşduğu üçün 70 il Sovet İmperiyası dövründə xalqın yaddaşından silinməyə çalışılıb. Bir başqası isə dərsliklərdə Babək haqqında daha çox məlumat verildiyini səbəb olaraq göstərdi. Lakin bu səbəblərin heç biri inandırıcı gəlmədi. Bunun üçün də Azərbaycan mətbuatında aparıcı qəzetlərdən birindən dostluq etdiyim bir köşə yazarından Babəkin mübarizə apardığı dinlə mübarizə aparan köşə yazarlarının təxmini sayını soruşdum. Dostum da tənbəllik etmədən nə az, nə çox, düz 16 köşə yazarının adını və hər bir yazarın İslama qarşı yazdığı məqalələrdən birini link olaraq e-mail poçtuma göndərdi. Üstəlik, mənim tanıdığım 3 nəfərin adı bu siyahıda yox idi…
Müharibələr iki cür olur. Biri dünyəvi, digəri isə uhrəvi. Bu müharibələrin fərqini sadə dildə izah etsək, belə təsvir edərik: dünyəvi müharibə, bir qonşu digər qonşunun bağını zəbt etməsi nəticəsində, uhrəvi müharibə isə birinin qonşuluqda yaşayan digərinə: “Mənim anam, bacım və yaxud yoldaşım olan küçədən nə sən, nə də sənin arvadın “şortikdə” keçməsin”- dedikdə başlayır. Bu iki növ müharibədən savayı üçüncü növ müharibənin olduğunu da söyləməyə əsas vardır ki, bu da həm dünyəvilik, həm də uhrəvilik xassələrini özündə daşıyır. Məsələ, əgər II Dünya Müharibəsi dünyəvi, 90-cı illərin ortalarında Bosnia və Hersoqovinyada serblərin qətliam törətdikləri müharibə uhrəvi idi isə, Qarabağ, Əfqanıstan və İraq müharibələri həm dünyəvi, həm də urhəvi müharibələrdir.
Açığı, Cavad xanın Şeyx Şamil və Ömər Muxtar kimi Qurani-Kərimin Furkan surəsinin 52-ci ayəsində: “O zaman kafirlərə boyun əymə…” əmrini yerinə yetirmək üçün müdafiə olunduğu haqda məlumatım yoxdur. Amma Cavad xanın, Babəkin və müasir köşə yazarlarının mübarizə apardığı dindən olduğu, həmçinin, onun uhrəvi müharibə etmə ehtimalı olduğunu da hər kəs bilir. Cavad xana olan soyuq münasibət də bu səbəbdəndir. Babəkin də dünyəvi, yaxud uhrəvi müharibə etdiyi tam aydın deyildir. Yəni, tarixçilər Babəkin Bəzz qalasında və ona bitişik ərazilərdə yerli müsəlmanların da iştirakı ilə yeni bir dövlət qurmağı, yoxsa Zərdüşt dinini müdafiə etdiyini tam müəyyənləşdirə bilməyiblər. Lakin hər iki ehtimalda Babəkin İslam dini ilə mübarizə apardığı qətidir.
Mən Babəkin uhrəvi müharibə apardığı ehtimalı üzərində dururam. İngilis tarixçiləri də Babəkin İslam dinini qəbul etməməsi fərziyyəsini daha çox vurğulayırlar. Əsla düşünülməsin ki, ingilslər Babək üsyanını uhrəvi müharibə ehtimal etdikləri üçün mən də Babəkin 16 illik mübarizəsini uhrəvi müharibə adlandırıram. Yox, sadəcə İslamın Azərbaycana gəlməsi ilə Babək arasında 150 il fərq vardır. Əgər Babəkin əsas iqamətgahı sayılan Bəzz qalası və digər ərazilər bu zaman zərfində İslam dinini qəbul etmiş olsa idi, nə Babək Xürrəmidin adlandırılardı, nə də onun başçılıq etdiyi hərəkat xürrəmilər hərəkatı kimi tarixə düşərdi.
Həmçinin, tarixdə müsəlmanlar bir-birləri ilə dəfələrlə vuruşublar. Lakin hər iki tərəfin bayrağı İslam bayrağı olubdur. Babək isə 16 illik mübarizəsində dəfələrlə müsəlman ordusu ilə qarşı-qarşıya gəlib və heç bir döyüşdə İslam bayrağınğı özünə bayraq etməyibdir. O, Zərdüşt dinində tək tanrı sayılan Günəş, daha dəqiq desək, Ahuranın rəmzi olan bayraq altında vuruşmuşdur. Başqa bir tarixi hadisə de mənə Babəkin uhrəvi müharibə apardığını deməyə əsas verir.
Belə ki, XX əsri çıxmaq şərti ilə İslam tarixində müsəlmanlar cəmi 2 dəfə başqa müsəlmanlara qarşı vuruşmaq üçün qeyri-müsəlmanlarla ittifaqa giriblər. Və hər 2 rəzillik doğan bu hadisə 18 və 19-cu əsrlərdə yəni, müsəlmanların artıq fani dünya sevgisinin artdığı bir vaxtda baş vermişdir. Babək də, bəzi mənbələrdə 835, bəzilərində isə 836-cı ildə göstərilir, müsəlmanların əleyhinə Bizans imperatoru Feofillə ittifaqa girdi. Hətta müsəlman ordusunun böyük qismi Babək üsyanını yatırmaq üçün Cənubi Azərbaycanda olduğundan istifadə edən Feofil indiki Türkiyə ərazsində Tarsus adlanan yerdə Zibatra qalasını işğal etdi.
İslam tarixində müsəlmanlar bir-birlərinin qanını axıtsalar da, o dövr üçün qeyri-müsəlmanlarla ittifaq bağlayıb digər müsəlmanlara qarşı vuruşmaları inandırıcı deyildir. Bu baxımdan Babəkin ordusunda Zərdüşt dinindən olanlarla bərabər müsəlmanlar da iştirak etmiş olsa idilər, Babəkin Bizans imperiyası ilə müttəffiqliyinə etiraz edərdilər. Lakin tarixdə onun Bizans imperatoru ilə müttəffiqliyinə qarşı çıxan hər hansı bir dəlil yoxdur. Deməli, Babəkin uhrəvi müharibə apardığı öz təsdiqini tapır, atəşpərəstlər –müsəlmanlara qarşı.
Yuxarıda ingilis mənbələrində Babəkin 24 həyat yoldaşı və 17 oğlu olduğunun yazıldığını səsləndirmişdik. Amma Babəkin məğlubiyyətindən sonra heç bir mənbədə “zalım ərəblərin”, “qılınc müsəlmanların” bu 24 həyat yoldaşın və 17 oğlun burnunu belə qanatdığına rast gəlmirik. Qəribədir, deyilmi? Tarixçilərin yazdıqlarına görə, 16 ildə 20.000 –ə yaxın müsəlman öldürən Babəkin ailəsini “qılınc müsəlmanlar” niyə qılıncdan keçlirmədilər? Niyə, italyanlar Ömər Muxtari öz ailəsinin, silahdaşlarının qarşısında asdıqları kimi, Türkiyə Cümhuriyyətinin ilk illərində qurulan “İstiqlal” məhkəmələrinin qərarı ilə asılan İskilipli Atif Hocanın cəsədini günlərlə ipdə yırğalandırdıqları kimi Babəki də Bəzz qalasında asıb cəsədini ipdə yırğalandırmadılar? Niyə, ingilslərin Şotlandiyanın müstəqilliyini istəyən Villiam Volosu edam edib başını müstəqilliyini istədiyi qalanın qapısına mıxladıqları kimi Babəkin də başını Bəzz qalasının qapısına mıxlamadılar? Niyə, onu döyüşdüyü meydandan çox-çox uzaqda, Samirə şəhərində edam etdilər? Həm də məhkəmənin qərarı ilə…
Zənn edirəm, burada Babək Xürrəmidin haqqında məlumat yetər.Yuxarıda dediyim kimi Zərdüşt dinində ölǝn adamın arxasınca nə deyildiyini bilmirəm. Bunun üçün də Əfəndiyev Asifin tonqalında toplaşanların “Ürəyinizə Günəş olsun” dedikləri ifadəni Zərdüştlükdə tək tanrı sayılan Günəşə etiqad edən Babək üçün “Babək, ürəyinizə Günəş olsun” deyib IX əsrdən XXI əsrə qayıdıram.
Və ilk olaraq haqqlı bir sual ilə qarşılaşırıq. XXI əsr Azərbaycan mətbuatında köşə yazarlarının Zərdüşt dinindən olan, milliyyəti və mübarizə səbəbi tam müəyyənləşməyən Babəkə olan bu sevgi haradandır? Bu 19 köşə yazarı ateizmi və xristian dinini qəbul etsələr də, onlardan heç biri Zərdüşt dininə mənsub olduqlarını bəyan etməyiblər. Ən azı mənim bu haqda məlumatım yoxdur. Yəni, bu insanların Babək ilə dini bağlılığı ehtimalı zəifdir.
Həmçinin, Babək Xürrəmidinin tarixini oxuyan hər kəs mütləq onun milliyyəti və mübarizə səbəbinin ziddiyyətli məqamları ilə rastlaşır. Başqa sözlə desək, tarixi hadisələri və dəlilləri müxtəlif mənbələrdən oxuyan oxucu, sonda Babəkin türk və ya fars olduğuna özü qərar verir. Yaxud onun məzlumların haqqları üçün, yoxsa Zərdüşt dininin müdafiəsinə qalxdığını oxucu öz ideologiyasına görə müəyyənləşdirir. Lakin bir şey qəti şəkildə aydındır ki, Babək İslama qarşı mübarizə aparmışdır. Bax, köşə yazarlarını da Babəkə bağlayan budur.
Çox acı təəssüf hissi ilə bildirməliyəm ki, azərbaycanlı köşə yazarlarımız kim olur olsun, hansı üsuldan istifadə edir etsin, İslama qarşı mübarizə aparanları özlərinə “dost” bilirlər. Ən çox da istifadə etdikləri “şüar” İranda fars millətçilərini İslam kimi təqdim edib ermənilərə kömək etdiklərini hər fürsətdə azərbaycanlı müsəlmanların başına vururlar. Bu da azmış kimi dindarlarımızı İrana satqınlıqda ittiham edir və onları İrandan “maliyyə” alaraq fəaliyyət göstərməkdə suçlayırlar.
Lakin Azərbaycan tarixində hər hansı bir azərbaycanlı müsəlmanın dövlətinə, millətinə, xalqına qarşı satqınlıq etdiyinə rast gəlinmir. Xanlıq dövründə hər hansı bir xan öz şəxsi mənfəəti üçün idarəçiliyində olanlara qənim kəsilə bilərdi, amma xalqı bizdən olmayanların ayaqların altına atmadı. 28 Aprel bolşevik işğalından əvvəl Azərbaycanda olan milyonerlərin siyahısına baxdıqca siyahıda olan 2-3 nəfər azərbaycanlıdan başqa oradakıların böyük əksəriyyətinin erməni, yəhudi və əcnəbi olduqlarını görürük. O dövr üçün bolşeviklərin siyahısına nəzər saldıqda isə əksəriyyətin azərbaycanlı olduğu diqqətimizi çəkir. “Bizdən olmayan” milyonerləri devirmək üçün azərbaycanlı bolşeviklər ateizmdə qardaş olduqları rus bolşeviklərini üstümüzə gətirdirlər. Sanki “bizdən olmayan” milyonerləri Car Rusiyası başımıza keçirməmişdi. Nəticədə 1813-cü ildən sonra ilk dəfə müstəqillik qazanan Azərbaycan yenidən müstəqilliyini itirdi. Gördüyünüz kimi, vətənə xəyanəti müsəlmanlar deyil, bolşevik ateistlər etdi.
Digər yandan İslam dinində müsəlmanların bir-biri ilə vuruşması haram sayılırsa, Xristinalıqda da bu əməl haramdır. Azərbaycanda İslam dini hansı sürətlə yayılırsa, Xristian dini də eyni sürətlə yayılır. Əgər 1990-cı illərin ortalarına qədər Azərbaycan mətbuatında Xristian dinini qəbul edən jurnalistə rast gəlmək mümkün deyildisə, indi Xristinalığı qəbul edən yazarların sayı kifayət qədərdir. Və bir anlıq təsəvvür edin ki, yenidən Qarabağ müharibəsi başladı və xristian ermənilərlə xristian azərbaycanlılar döyüşmək üçün qarşı –qarşıya gəldilər. Təbii ki, əgər Xristian dinini qəbul etmiş azərbaycanlı və öldükdə qara torpağa çevrilib yox olacağına inanan ateist səngərə qədər gedib çıxacaqsa. Bu məqamda düşündürücü bir sual meydana gəlir: “Xristian azərbaycanlı xristian erməniyə atəş açacaqmı?”
Bax, əsl həngamə onda qopacaqdır. Yeni Azərbaycan Partiyasının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Xristian dinini qəbul etmiş azərbaycanlılardan ibarət batalyonlar xristian ermənilərə qarşı şücaətlə vuruşacaq və torpaqlarımızı ildırım surəti ilə geri alacaqlar. Xristian azərbaycanlıların bu şücaətinin müqabilində İrana “satılmış” azərbaycanlı müsəlmanlardan ibarət batalyonlar isə mühasirəyə düşəcəklər, səhvən öz mövqelərini bombalaycaqlar, Babək Xürrəmidin müsəlmanlara qarşı Bizansla müttəffiqlik etdiyi kimi xristian azərbaycanlılara qarşı xristian ermənilərlə ittiffaq bağlayacaqlar. Bu da azmış kimi İrana “satılmış” müsəlmanlar, 1920-ci il aprelin 23-də Azərbaycan Demokratik Cümhuriyyətinın ordusu Qarabağ və Zəngəzurda ermənilərlə ölum-dirim savaşında ikən, Cingiz İldırıma tapşırılmış hərbi donanma Azərbaycan dovlətinin Bayıldakı silah anbarını zəbt edib Azərbaycan əsgərini silahsız qoyduğu kimi, müsəlmanlar silah anbarlarını zəbt edib ön cəbhədə vuruşan xristian azərbaycanlıları xristian ermənilərin qarşısında əli yalın qoyacaqlar. Qədim atalar sözündə deyildiyi kimi, heç it də itin ayağını tapdalayarmı?..
Sonda, illər öncə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Kaliforniya ştatında erməni icması ilə keçirdiyi görüşdə işlətdiyi bir söz yadıma düşür: “Ermənistanda İslam yayılmır, amma Azərbaycanda Xristianlıq yayılır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi