“Kür qaçqınları”nın problemləri daşır

kur-qacqinlarinin-problemleri-dasir-
Oxunma sayı: 690

Xatırladaq ki, daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən indiyə qədər 326 milyon manat vəsait ayrılıb, Fövqaladə Hallar Nazirliyinin məlumatına görə Nazirlər Kabinetinin 197 s saylı sərəncamında nəzərdə tutulan 3205 evdən bu günə qədər 2406 ev tikilib istifadəyə verilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən həftənin sonlarında İmişli rayonunun Telişli kəndində salınmış 104 evlik qəsəbədə monitorinq aparıb. Monitorinq zamanı Qərargah üzvləri qəsəbə sakinləri ilə görüb, onları narahat edən problemləri dinləyıb və yeni qəsəbədə tikilən evlərə baxış keçiriblər. İnsanları narahat edən məsələlər qəsəbədə onlar üçün ayrılan 12 sotluq həyətyanı torpaq sahəsinin azlıq təşkil etməsi, iş yerlərinin olmaması, evlərində problemlərin əmələ gəlməsi və s.- dir. Yeni salınmış qəsəbədə dolanışıq və yaşayışın normal olmaması səbəbindən bir şox insanlar qəsəbəyə köçmür, köhnə kənddə qəzalı və təhlükəli vəziyyətdə olan evlərində yaşayırlar.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri yerli sakinlərin iştirakı ilə Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkəninin, balkonunun və döşəmənin çatlaması, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su damması qeydə alınıb, bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb (!?). Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar ya köhnə kustar usulundan istifadə edib divarlarda deşik açaraq sobalar vasitəsi ilə evi qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.

Telişli qəsəbəsində yaşayan bir qrup sakin “Kür” Qərargahı üzvlərinə bildiriblər ki, onların evləri, təsərrüfatları daşqınlar zamanı ciddi ziyan çəksə də Nazirlər Kabinetinin 71 saylı 04 mart 2011- ci il tarixli sərəncamı əsasında əkin sahələri üçün ayrılmış vəsait bu günə qədər onlara ödənilməyib.

Qəsəbədə yaşayan yaşlı sakinlərin şikayəti isə ondan ibarətdir ki, pilləkənlərə (bəzi pilləkənlər 7 daş hündürlüyündədir) əl tutan (qoltuk, məhcər) qoyulmadığından evə düşüb qalxmağa çətinlik çəkirlər.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Kür daşqınları ilə bağlı tikilən digər şəhərciklərdə də monitorinqlərini davam etdirmək niyyətindədir.. Qərargah eyni zamanda qəsəbələrin salınmasına çəkilən ümumi xərc və ayrılıqda bir evin tikintisinə sərf olunan vəsaitin həcminin müəyyənləşməsi ilə bağlı aidiyyatı qurumlara və Fövqaladə Hallar Nazirliyinə İnformasiya sorğusu göndərməyə hazırlaşır.

İmişli rayonunun Telişli kəndində salınmış yeni qəsəbədəki mövcud problemlər və onların həlli ilə bağlı “Kür” Qərargahı FHN- ə müraciət edib.