Maşın bazarının aylıq vəziyyəti - Araşdırma

masin-bazarinin-ayliq-veziyyeti-arasdirma
Oxunma sayı: 688

İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, may ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb. Ay ərzində dinamikanın nisbi artımına baxmayaraq təklif 1.8% azalıb. Təklifin azalmasına baxmayaraq tələbi üstələmə tendensiyası hələ də davam etməkdədir. Ay ərzində bağlanan əqdlərin dinamikası artsa da, qiymətlərdə ciddi dəyişiklik baş verməyib. May ayı üçün bazarda orta qiymət əvvəlki ayla eyni olub və 15 115 dollar təşkil edib.
Bazarda müşahidə olunan nisbi aktivlik may ayında avtomobillərin ekspozisiya müddətinin bir qədər azalmasına səbəb olub. Mayda təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 2.6% azalaraq 49 günə enib.

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 10 200-dən artıq avtomobilin 23,6%-i bazara məhz mayda təklif olunub. Digər 76,4%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə son bir ildə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 4 ayda xeyli azalıb və bu, bazarda təklif əmsalının kəskin artımının qarşısını alıb.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payında aprel ayı ilə müqayisədə 1,0% artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 30,3% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklif azalması qeydə alınıb. Təklif üzrə ən çox azalma (10.5%) “Hyundai” markalı avtomobillərdə qeydə alınıb. Ən çox təklif artımı isə Rusiya istehsalı olan avtomobillər üzrə qeydə alınıb (3.5%). Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi “Mercedes-Benz” ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 86,7% təşkil edib. Yerdə qalan 13,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib. May ayında təklif portfelində ötən aydan fərqli olaraq nisbi azalma (1,8%) qeydə alınıb.

Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illəri əhatə edib.

Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda “Ofrouder” tipli avtomobillərə maraq göstərənlərin sayının artdığını göstərir. Buna baxmayaraq son aylar monitorinqlər nəticəsində Rusiya istehsalı olan avtomobillərə marağın artdığı və alıcılıq qabiliyyətinin əsasən qiyməti ucuz olan avtomobillər ətrafında formalaşma tendensiyası müşahidə olunub. Qeyd edək ki, Rusiya istehsalı olan avtomobillər əsasən “Sedan” markalar olduğundan bu amil təklif üzrə “Ofruder”lərin kəskin artımının qarşısını alır. Buna baxmayaraq ekspertlər hesab edirlər ki, tədricən bazarın yenilənməsi yaxın bir-iki ildə “Ofruder”lərin sayının artımı ilə nəticələnəcək.
Hazırda avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri də avtomobilin onların rahatlığını tam təmin etməsi ilə bağlıdır. İndi alıcıların mütləq əksəriyyəti avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillərə üstünlük verirlər.

Nigar Məmmədli