“Mən bütün qohumlarıma demişəm...”

men-butun-qohumlarima-demisem
Oxunma sayı: 686

AXCP sədri Əli Kərimli qayını Elnur Seyidovun həbsinə münasibət bildirərkən belə deyib.

Əli Kərimli “Media forum” saytına bildirib ki, Elnur Seyidov işlədiyi bankda maddi məsul şəxs olmayıb, onun səlahiyyətləri məhdud olub: “Yalnız rəhbər strukturların göstəriş və tapşırıqlarını yerinə yetirib, səlahiyyətləri bununla məhdudlaşıb. 2005-ci ildə mənə təzyiqlər artdığı dövrdə Elnuru işdən çıxardılar, iki il işsiz qaldı. İki ildən sonra bankda daha aşağı vəzifəyə təyin etməklə işə qaytardılar. Həbsdən əvvəl ailəmizdə məlumatlar vardı. Mən də, Elnurun özü də müxtəlif mənbələrdən məlumatlar alırdıq ki, ona qarşı hansısa təxribat ola bilər. İndi hər şey göz qabağındadır. “Texnikabank”dakı həbslərdən sui-istifadə edərək məndən qisas almaq üçün Elnuru tutdular.

Elnura qarşı iqtisadi xarakterli ittiham irəli sürülüb, amma istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Həbsi MTN həyata keçirib. Elnur MTN-də saxlanır. Ağır xəstə olmasına baxmayaraq heç bir sübut göstərilmədən haqqında həbs qətimkan tədbiri seçilib. Bütün bunlar onu sübut edir ki, bu iş xüsusi quraşdırılıb, heç bir əsası yoxdur, birbaşa mənə təzyiq xarakteri daşıyır.

Mən təəssüf edirəm ki, “Avroviziya” ərəfəsində bütün dünya Azərbaycan hakimiyyətindən islahat və dəyişiklik gözlədiyi vaxtda mənəviyyatsız və qanunazidd siyasət davam edir. Bundan əvvəl jurnalist Xədicə İsmayılovaya qarşı törədilmiş mənəviyyatsız hərəkət, indi mənə qarşı təxribat onu göstərir ki rejimin qətiyyən dəyişmək, təkmilləşmək, islah olunmaq fikri yoxdur. Qanunsuz və zorakı vasitələrlə öz siyasətini davam etdirmək niyyətindədir”.

AXCP sədri deyib ki, Elnur Seyidov heç vaxt siyasətlə məşğul olmayıb: “O hər zaman siyasətdən kənar adam olub. Siyasətdən kənar adamların siyasətçi qohumlarına görə cəzalandırılması mənəviyyatsızlıqdır. Amma belə təzyiqlər mənim mövqeyimə təsir edə bilməz. Mən bütün qohumlarıma demişəm ki, təhlükəsizliklərini təmin etmək üçün hətta mənimlə qohumluqdan imtina edə bilərlər. Ona görə də müxtəlif vasitələrdən istifadə etsinlər, amma mənim özümə və yaxınlarıma olan təzyiqlər mənim mövqeyimi dəyişə bilməz”.

Əli Kərimli bildirib ki, bundan əvvəl onun əmisi oğlu İnqilab Kərimov həbs olunub və siyasi məhbus həyatı yaşayıb, yalnız Avropa Şurasının təzyiqlərindən sonra azad edilib: “İnqilab Kərimovun avtomobil təmiri sexini əlindən alıblar. Digər əmim oğlunun Xutor qəsəbəsində taxta sexini söküblər. Sən demə, həmin taxta sexi Xutorun arxitekturasını pozurmuş. Sexin sökülməsi haqqında sərəncamda belə yazılmışdı...

Təzyiqlər çox olub. AXCP üzvü olan qohumlarım bunu cəbhəçiyə olan təzyiq kimi qəbul edirlər. Elnur isə Xalq Cəbhəsinin üzvü və siyasətçi deyil. Amma hər hansı təyziqə görə, hətta mən təklif etsəm belə, bu qohumluqdan intina etmək fikrində də deyil. O, yaxın qohumuna görə gələn əzablara dözmək məcburiyyətindədir.

Bütün ailəm bilir ki, belə təzyiqlərlə mənim mövqeyim dəyişməyəcək. Açığı, bunu mənə heç vaxt təklif edən də olmayıb. Təzyiqə məruz qalan dostlarım və qohumlarım da başa düşürlər ki, buna görə qınanılası bir adam varsa, o da indiki rejimin başında duran İlham Əliyevdir, indiki hökumətdir. Axı mən qanunsuz heç bir fəaliyyət göstərmirəm, hər hansı qanunsuz işlə məşğul olmuram. Fəaliyyətim Azərbaycan xalqının və dövlətinin maraqları üçündür.

Mən sivil mübarizə tərəfdarıyam. Əgər mənə qarşı qeyri-sivil vasitələrdən istifadə olunursa, bunun məsuliyyətini mən daşımalı deyiləm. Məsləhət görürəm belə axmaq hərəkətlərlə özlərini dünyada daha da artıq rüsvay etməsinlər. Onsuz da belə təzyiq vasitələri mənim mövqeyimdə hər hansı dəyişikliyə səbəb ola bilməz”.