Murovdan bu tərəfə - Qarabağdan Reportaj

murovdan-bu-terefe-qarabagdan-reportaj
Oxunma sayı: 784

Yaş artdığı üçünmü, ya Bakının sıxıntılı aurasıdırmı, bilmirəm – son illər kənd həyatı, uşaqlıq məkanları məni özünə çox çəkir. Bəzən hətta düşünürəm ki, sabahlara ümidsiz addımlamaq sonsuzluğunu dəf etmək üçün bəlkə də gözdən-könüldən uzaq olan bir məkana çəkilib ot biçmək, bağ-bağata qulluq etmək, mal-qara otarmaq daha əlverişlidir. Hərçənd buna da imkan verilmir, hər halda bu duyğular qəlbimə tez-tez müsafir olur. İnsan nə qədər bəsit həyat yaşayar, oxşar ictimai-siyasi mənzərə görər, maddi-mənəvi sıxıntılar çəkər? İndi heç kim qəhrəman olmaq istəmir – qəhrəmanlar məsxərəyə qoyulur axı. İndi hamı dayaq nöqtəsi, dayanacaq məkanı, söykənmə yeri axtarır. Mən də axtarışa çıxan kütləvi ordunun bir nümayəndəsiyəm və ot biçmək, heyvan otarmaq gücüm olmasa da, belə bir mənzərəyə müvəqqəti də olsa, mübtəla olmaq arzumu zaman-zaman mümkün etməyə çalışıram. Qarabağ bölgəsinə budəfəki səfərim də bu arzudan doğurdu...

Bakı-Küçərli qatar reysi ilə isti axşamların birində “Ya Allah” deyibən yola düşdük. Vaqon o qədər də səliqəli deyildi, amma yataq dəstləri tərtəmiz idi, hər dəst ağzıbağlı selofan torbaya qoyulmuşdu. Bələdçimiz qadın idi, yəqin bu səbəbdən yola düşəndən az sonra hər kəsə bir stəkan konfetli-zadlı çay da verdi (təbii ki, pulsuz yox, stəkanı 50 qəpikdən). Qatar bələdçiləri adətən söyüşkən olurlar. Amma deyərdim ki, bu dəfə əksini gördüm. Qatarda kondisionerin işlədiyinə də ilk dəfə şahidlik edirdim.

Yevlaxla Bərdənin arasında Qarabağ adlı bol sulu bir kanal var. İstər avtomobillə, istərsə də qatarla o kanalın üstündən adlayan kimi havada kəskin dəyişiklik baş verir: həm təbiət mənzərələri dəyişir, həm də təmiz iqlim adamda xoş ovqat yaradır. Qatarla xüsusilə zövq alırsan. Təsəvvür edin, səhər saat 7-yə işləmiş kanalı ötüb qoca palıdların, uca çinarların, salxım söyüdlərin arası ilə Qarabağa doğru sürət götürürsən. Bütün təbiət oyanmış olur: quşlar öz cəh-cəhi ilə sübh dualarını oxuyur, mal-heyvanlar darvazalardan çıxarılıb otlağa göndərilir, qoca kişilər kötük üstündə oturub qatarın ritmik tıqqıltısına qulaq asırlar. Bəlkə də adam yarıyuxulu olduğu üçün sürətlə ötüb keçən bu mənzərələrə xoş bir nağıl kimi baxır... Rəhmətlik Lev Tolstoy bəzən adi bir həyəti 20-30 səhifə təsvir etdiyi kimi deyəsən mən də çox getdim. Odur ki, birbaşa mətləbə keçmək istəyirəm.
Bərdəyə çatanda artıq hava işıqlaşmışdı. Məni dostlarım qarşıladı, dərhal maşınlara minib Tərtərə doğru istiqamət götürdük. Sübh şəfəqləri əsir düşmüş Murov dağını ovuc içi kimi aydın və yaxın göstərirdi. Bütün dağlar müqəddəsdir, Murov isə xüsusilə. O dağda çox sirlər yatır, amma kəlbəcərli, göyçəli soydaşlarımız və bir də hazırda onun keşiyini çəkən əsgərlər o sirlərə daha çox vaqif olduqları üçün bu barədə danışmağa cürət etmirəm...

Səhərin şehli otları üstündə, tut ağacının altında masa açıb təbii kənd təamları yemək, tüstüsüz, radiasiyasız oksigendən bol-bol udmaq, Murovdan əsən sərt mehi sifətdə duymaq həqiqətən bir dünya rahatlıqdır. “Yol gəlmisiniz, bir az uzanıb dincinizi alın” deyirlər bizə. Yatmaqmı olar? Bakıda ayıq ikən də yatdığımız halda burada mürgü belə adama yaxın düşməz. Öyrəncəli deyilik axı.

Artıq bütün yatmışlar oyanmış, kənd-kəsək əməlli-başlı canlanmışdı. Bunu görüb rayon mərkəzinə çıxmaq, müşahidə aparmaq qərarına gəldim. Maşın olsa da, camaat kimi kənd avtobusu ilə getmək, həm də insanları dinləmək istəyirdim (Güman etməyin ki, məni tanıyırdılar – heç kim tanımırdı – S.R.). Yaşı əsrləri ötmüş Şərq çinarlarını ziyarət etmək, sərin havada var-gəl etmək adama rahatlıq gətirirdi. O qədər də böyük olmayan rayon mərkəzi çox dəyişib. Son illər Tərtərə nə vaxt yolum düşür, mütləq İH binasının qarşısında qazıntı işləri aparıldığının şahidi oluram. İldə bəlkə də iki dəfə “yenidənqurma” işləri görülür. Rayon rəhbərliyinin dəyişdirilməsinə baxmayaraq, yenə də küçələrdə, meydan və parklarda qazıntı-təmir işləri gedirdi, hətta rəhbərlik binasına balkon da artırılırdı. Yeni başçı Ceyhun Cəfərov rayona çoxlu sayda və bahalı elektrik dirəkləri gətizdirib, səkilərə Bakıda olduğu kimi daş düzülür, şəhərin bütün girişləri bilmirəm neçənci dəfə isə əsaslı təmir olunur. Əvvəlki illərlə müqayisədə əhalinin dolanışığında irəliləyiş gözə çarpır, xarici maşınlar da artıb.

İlk öncə bazara girdim. Çox ucuzluqdur. Məsələn, xiyar 15-20 qəpikdir, lobya isə 50 qəpikdən baha deyil, yüksək keyfiyyətli çorəyi 20 qəpiyə verirlər. Rayonda artıq televizor və soyuducu dükanları da fəaliyyət göstərir. Qəribə olsa da, mən bölgələri bazarına və dükanlarına görə dəyərləndirirəm. Hansı rayonda televizor və soyuducu dükanı yoxdursa, deməli ora kasıb yerdir. Amma son vaxtlar rayon mərkəzində müxtəlif ticarət obyektlərindən oğurluq halları da artmaqdadır – dükanlardan, çayxana və kafelərdən ərzaq və bahalı əşyalar gecə saatlarında oğurlanır.

Tərtərdə mərkəzdənqaçma

Şəhərdə təxminən hər 30 metrdən bir su kranı var. Buz kimi su adama sərinlik verir. Su demişkən, ermənilərin insafına qalan Tər-Tər çayı da gəlirdi, bu səbəbdən əkin sahələrini suvarmaq çətinliyi yox idi. Məlumat üçün bildirim ki, ermənilərin nəzarətində olan Sərsəng su anbarından Qarabağa təxminən 60 kanal gəlir və düşmənlərimiz neçə illərdir onların əksəriyyətini bağlayıblar. Bu da faciəvi durum yaradır, xüsusilə də Tərtər üçün. Yadımdadır, neçə illər su olmaması üzündən min hektarlarla torpaq sahəsi əkin-biçinsiz qalmışdı. Artezian quyusu qazmaq isə bu rayonda olduqca çətindir. Məsələn, əgər cəmi 20 km-lik məsafədə yerləşən Bərdə rayonunda su 7-8 metrlikdən çıxırsa, bu, Tərtərdə 150-200 metr civarındadır. Düzdür, son illər rayonda bir neçə artezian quyusu istifadəyə verilib, amma Tər-Tər çayının buraxılması demək olar ki, su ilə bağlı bütün problemləri həll edir. Mən demirəm ki, ermənilər insafa gəliblər, görünür, dağlardan gələn su yığını artdığı üçün onlar anbardan bir az su buraxmaq məcburiyyəndə qalıblar.

El şairi, hətta Səməd Vurğunun da qibtə etdiyi Borsunlu Məzahir Daşqının abidəsini də ziyarət etdim. Təəssüf ki, şəhərin ən görməli yerində olan bu abidə mərkəzdən xeyli uzaqlaşdırılıb. Rayon yerində də bilirsiniz ki, etiraz etməyə icazə vermirlər. Hələ bunlar bir yana, rayon mərkəzinə gələn hər kəsin görə biləcəyi yerdə qoyulmuş dəyərli bir abidə də gözə dəymirdi. O, bugünkü mövcudluğumuzun, dövlətçiliyimizin banisi M.Ə.Rəsulzadənin abidəsi idi, təəssüf ki, 2009-cu ildə bir səhər camaat durub gördü ki, abidə ölkəmizdəki əksər heykəllər kimi “naməlum” istiqamətə aparılıb. Bu günə qədər ondan xəbər yoxdur. Camaat da soruşa bilmir, etiraza icazə verilmir axı.

Tərtər avtovağzalı mərkəzdən xeyli uzaqlaşdırıldığı üçün sakinlər çox əziyyət çəkir: piyada getmək çətindir, taksi də 1 manata aparır. Ona görə də saatlarla taksilərdə oturub gözləyirlər ki, sərnişinlərin sayı 5 olsun ki, adambaşına 20 qəpik düşsün. Yəqin giley-güzardansa yayın qızmarında, od püskürən taksidə gözləmək daha yaxşıdır.
Rayonda dinə gələnlərin sayı xeyli artıb. Bir Cümə xütbəsində iştirak etdim və 100-dən artıq möminin namaza gəldiyinin şahidi oldum. Bu hal fərəhli olsa da, rayonda vəhhabilik də paralel olaraq inkişaf etməkdədir. Yerli əhali təriqətlər arasındakı gərginlikdən çox narahatdır. Deyilənlərə görə Tərtərin Kolanı kəndində mömin kəsimin az qala hamısı məhz vəhhabi təriqətinə qulluq edirlər (Tərtərdə onlara “namazı pulla qılanlar” deyirlər – S.R.). Onu da eşitdim ki, hüquq-mühafizə orqanlarından da onları müdafiə edənlər az deyil. Cümə namazında digər məzhəblər həmrəy olub məscidin imam-camaatını dinləsə də, məhz vəhhabilər ayrıca bir qrup şəklində itaətsizlik göstərir, öz bildikləri kimi edirdilər (Halbuki Cümə namazında imam-camaatı dinləmək vacibdir – S.R.). Düşünürəm ki, bu qorxulu prosesin qarşısı alınmalıdır.

Tərtərdə şahidi oldum ki, yaşlı və orta nəsil sanki ölkədə baş verən bütün proseslərlə barışıblar. Siyasi-ictimai həyatda nə olursa, onu qədərə bağlayır, alın yazısı kimi qəbul edirlər. Nə qədər aldadılırlarsa, rüşvət və sələm çirkabında çabalayırlarsa, yenə də ikiəlli hökuməti dəstəkləyirlər. Yeməyə çörək tapmayanlar da, borc üzündən intihar həddinə çatanlar da “Allah prezidentimizin canını sağ eləsin”, “Hökumətin bu rüşvətxorlardan xəbəri yoxdur, bilsələr, dərhal cəzalandırarlar” deyirlər (Allah mehriban eləsin!).
Bərdədə də bir neçə gün qaldım. Şəhərdə bahalı tikililər çoxalıb, əməlli-başlı villalar ucalır. Onların çoxu Bakıda yaşayan varlı bərdəlilər və yerli ağdamlılardır. Tərtərdən fərqli olaraq burada insanlar siyasi müzakirələrdənsə iş görməyi üstün tuturlar, amma Qarabağın qaytarılacağına da ümidlər tükənməkdədir. Özlərinə imarət tikdirənlərdən biri mənə bunları söylədi: “Qayıdası deyilik, boş söhbətlərdir. Minsk qrupunun hər üç üzvü Azərbaycanda və Ermənistanda böyük biznes qurublar, buralara da öz bizneslərini yoxlamaq üçün, pullarını yığmaq üçün gəlirlər”.

Bərdədə vəhhabi qorxusu yoxdur, dini birlik böyükdür. Amma eşitdiyimə görə nurçuluq təriqətinin dayaq nöqtələrindən biri də məhz buradadır. Deyilənə görə, həftədə bir dəfə ölkəmizin müxtəlif bölgələrindən gəlib burada yarı-məxfi toplantılar keçirirlər. Bu rayonda hicabla bağlı qadağaya böyük etiraz var, amma etirazçılar az qala kütləvi şəkildə həbs olunurlar.

İstər Bərdədə, istərsə də Tərtərdə əhalinin böyük hissəsi əyləncə və şou xarakterli verilişlərin aludəçisinə çevriliblər. Tək-tük ziyalını və möminləri çıxmaq şərtilə hamı toy verilişlərinə baxır və dəhşətli orasıdır ki, üzücü maddi durumu, işsizliyi, digər sıxıntıları deyil, məhz evlənənləri müzakirə edirlər. Xəbərləri izləyənlər tükənmək üzrədir. Düşünürəm ki, bütün rayonlarımızda vəziyyət bu cürdür. Qəzetimizin redaktoru Dilqəm Əhmədin bir söhbəti bu qənaətə gəlməyimə əsas verir. O, işlədiyi bir sahədən tez-tez rayonlara ezam olunur, deyir ki, onunla işləyən bir həmkarı cəmi bir dəfə toy verilişinə çıxıb və ötən dövrlərdə olduqları 4-5 rayonda onu görən bütün sakinlər onu tanıyıb, çıxışını əzbər xatırladıblar: məmur qismindən olanlar da, adi vətəndaşlar da. Demirəm, Qarabağ kimi dərdimiz var, tutaq ki, bu, siyasətlə məşğul olanların işidir, bəs hal-hazırda yaşanan milli faciələrimizə niyə bu qədər laqeydlik var?

Nə isə... Yaxşısı budur, səfərimizin daha maraqlı məqamlarına baş vuraq.

Kəlbəcərlilər millət vəkili Cavid Qurbanovu ittiham etdilər

Məlumatsız oxucularımıza çatdırım ki, Tərtər rayonuna erməni döyüşçüləri ayaq basmayıblar, əksinə vaxtilə ermənilərin yaşadığı Ağdərə (Mardakert) rayonunun böyük bir hissəsi ordumuzun nəzarətindədir. 1992-ci ildə Milli Məclisin qərarı ilə Ağdərə rayonu ləğv olunub Tərtərə birləşdirildiyi üçün bu gün efirdən deyilən “Tərtər rayonunun işğal altda olan filan kəndi...” ifadələri yanlış başa düşülür. Sovet hakimiyyətinin ilk illərində buralara köçürülən və sonra bu yeri dədə-baba yurdu kimi qəbul edən ermənilər ərazinin xeyli hissəsindən çıxarılıblar. Bu məntəqələrin əksəriyytəindən döyüş yolu keçdiyim üçün 15 ildən çox idi ki, həmin yerləri görməyi arzulayırdım. Nəhayət ki, bu dəfə arzuma çatdım.

Tərtər şəhərinin cəmi 100 metrliyində olan Marağa kəndinin girişində hərbi-gözətçi məntəqəsi var və sakinlərdən, bir də əsgərlərdən başqa heç kimi buraxmırlar. Keçmiş döyüşçü və buralı olmağımı əsas gətirdim, üstəlik azərbaycansayağı tanışlıq amilini irəli sürdüm və məntəqədən keçdik. Marağa və ermənilərin Marquşevan adlandırdıqları Şəhriyar qəsəbələrini keçəndə ağır bir mənzərəyə şahid olduq. 19 ildir burada heç kim yaşamadığı üçün xarabaya bənzəyirdi, halbuki bu iki kənd vaxtilə Dağlıq Qarabağın ən böyük kəndləri olmuşdu. 19 ilin yağışı, qarı bütün evləri yuyub torpağa yaxınlaşdırmışdı. Təəssüf ki, yuxarıdan çəkiliş aparmaq imkanım olmadığı üçün tam mənzərəni sizlərə çatdıra bilmirəm. Şəhərə yaxın olduğu üçün burada yaşayanlar az deyil, amma heç kimi ev tikməyə, nəyisə təmir etdirməyə qoymurlar. Hələ də vaqonlarda yaşayan qaçqınlarımız olsa da, onların bu cür səfalı yerlərdə yaşamasına, tikilib yığışmasına nədən qadağa qoyulduğunu anlamıram.

Tərtərdən xeyli uzaqlaşmışdıq, artıq Marağa kəndi də arxada qalmışdı. Mənzərəli yollarla, Tər-Tər çayının sol sahili ilə Murova uzanan yolla ötürdük. Xeyli yol qət edəndən sonra ən son nöqtədə yerləşən kəndə - Həsənqayaya yetişdik. Bu kənd də xarabalıq idi. Kəlbəcərdən olan 18 ailə məskunlaşsa da, onlara da ev tikməyə icazə vermirlər. Rayon mərkəsindən xeyli uzaqda yerləşsələr də, kənddə yaşayış üçün heç bir resurs yaradılmayıb, hətta çayın sahilində olmalarına baxmayaraq, ciddi su problemi yaşayırlar, təsərrüfata, mal-qara saxlamağa da icazə verilmir. Tibbi məntəqə yoxdur, məktəbin yalnız quruluşu var. Bələd olan adam kimi deyə bilərəm ki, Tərtər tərəfdən Dağlıq Qarabağın ən füsunkar mənzərəsi məhz Həsənqayadan başlayır. Buranın yayı daha gözəldir, Murovdan daima sərin meh əsir, amma qışı da sərt olur və təsəvvür edin ki, uçuq-sökük, dəlmə-deşik daxmalarda yaşayan qaçqınlar yağışda-qarda burada hansı zilləti çəkirlər.

Jurnalist olduğumuzu bildirib kəndi gəzirik və bizi cəmi metr yarım hündürlüyü olan, adama tövləni xatırladan bir “evə” aparırlar. Sən demə kəndin ən yaxşı evi bu imiş. Kəlbəcərin Təkəqayası kəndindən olan Raya Musayeva adlı bir qadın bizi hörmətlə qarşılayıb danışmağa başladı. Amma onun söhbətində bir inamsızlıq vardı. “Hər dəfə gəlib yazırlar, hisli qazanımıza qədər çəkib aparırlar, amma hər şeyi tərsinə danışırlar. Siz də gəlmisiniz, xoş gəlmisiniz, amma sizə inanmırıq, gedib siz də deyəcəksiniz ki, yaxşı səviyyədə yaşayırlar” (Raya xanımla video-müsahibəmi yaxın günlərdə saytımızda və digər internet saytlarında görəcəksiniz – S.R.). Təkəqayası, Suzduq kəndlərindən, həmçinin Kəlbəcərin özündən olan qaçqınlar Gəncədə yerləşən İH-dən, əsasən də Kəlbəcərdən millət vəkili seçilən Cavid Qurbanovdan çox gileyləndilər. Onları laqeydlikdə, unutqanlıqda, yurd təəssübkeşliyindən uzaq olmaqda qınadılar. “Aşıq Şəmşir kimi dühanın nəvəsi, səs verib seçdiyimiz Cavid Qurbanov bircə dəfə də olsun bura gəlməyib ki, görsün eloğulları hansı şəraitdə yaşayırlar?” Müsahiblərim çox şeylər dedilər, amma məncə bu qeydlərim də kifayət edər.

Həsənqaya ilə üzbəüzdə, Çayın qarşı sahilində yerləşən Aşağı, Orta və Yuxarı Çaylı kəndləri bomboş idi. Onların hər üçü bizim nəzarətimizdə olsa da, ermənilərdən də on kilometrlərlə uzalıqda yerləşsə də, orada da insanları ev tikib məskunlaşmağa qoymurlar. Nə vaxta qədər? Bilənlər bilir.

Həsənqayada 3 saata yaxın oldum, səngərlər bizdən xeyli uzaqda yerləşdiyindən və hərbçilərlə görüşmək planım olmadığından hündür təpədən hər üç Çaylı kəndini, füsunkar mənzərələri doyunca seyr etdim. Oxuculara bir şeyi də bildirim: şəkillərdə görünən bu qədər ərazidə ermənilər yaşayan cəmi bir məntəqə - Talış kəndi var. Özü də biz tərəfdən çox asan mövqedədir, kəndin camaatına qədər aydın görünür, iki saata almaq olar. Talışa nəzarət etsək, gördüyünüz bütün dağlar əlimizə keçər. Amma... Çox şeyi yaza bilmirəm – olmaz axı...

Qayıdırıq Tərtərə. Marağa hərbi-buraxılış məntəqəsindən keçəndə əsgərlərə siqaret bağışlamaq istədik. Bizə kəskin etiraz edib “Hər şeyimiz var, sağ olun” dedilər.

P.S. Dağlıq Qarabağa və işğal olunmuş ətraf rayonlara əhali köçürmürlər – nə biz, nə də ermənilər. Hətta Şuşa kimi şəhərdə də kütləvi məskunlaşma yoxdur. Bu da ona dəlalət edir ki, sovet dönəmindəki forma bərpa olunacaq: erməni öz yerinə, azərlər də öz yerlərinə qayıdacaqlar. Amma qorxduğum bir şey var. Vaxtilə Şaumyan adlanan Gülüstan rayonunda bizimkilər güclü tikintilər, çoxsaylı köçürülmələr həyata keçirirlər, ermənilər də Kəlbəcərdə bunu edirlər. Yoxsa...

Səbuhi RƏHİMLİ
Bakı-Tərtər-Bərdə-Bakı