NATO Azərbaycanı təhdid edir

nato-azerbaycani-tehdid-edir
Oxunma sayı: 693





Yola saldığımız həftə dünyaya meydan oxuyan NATO Azərbaycana topsuz, tüfəngsiz, raketsiz, təyyarəsiz və nəticələrindən hələ də xəbərdar olmadığımız, bəlkə də xəbərdar olmaq istəmədiyimiz bir hücum əməliyyatı reallaşdırdı. Bu əməliyyata NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəhbərlik etdi.

NATO rəsmisi keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra, heç bir diplomatik ritorikadan istifadə etmədən birmənalı bəyanat verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”.

Birmənalı – Hərbi yolla həll edilə bilməz. Vəssalam.

Əvvəlcə ağzından od püskürən “vətənpərvərlərə” üzümü tuturam: “Appaturay dedi ki, “hərbi yolla həll edilə bilməz!”.

İkinci, üzümü tuturam Azərbaycanın xilasını Avroatlantik məkanda görən Qərbpərəst “vətənpərvərlərə”: Appaturay dedi ki, “hərbi yolla həll edilə bilməz!”

Üçüncüsü...

Ümumiyyətlə, üzümü tuturam hamıya – “Appaturay dedi ki, “hərbi yolla həll edilə bilməz!”.

Appaturayın bu bəyanatına cavab verən olmadı. Nə rəsmi, nə, də qeyri rəsmi.
Ötən aya boylanaq görək, bu bəyanat nə vaxt səsləndi.

Dovil bəyanatı, Kazan görüşü, Hərbi Parad və NATO rəsmisinin bəyanatı.
Azərbaycan qarşısına qoyulan ağır şərtləri rədd edib hərbi ritorikanın ən ali dərəcəsi olan Hərbi Parad keçirdi. Halbuki, beynəlxalq “ağılverənlər” məsləhət bilirdi ki, hərbi ritorikanı azaltmaq lazımdır.

Appaturayın bu bəyanatının arxasında nə dayana bilər. Mümkün variantları nəzərdən keçirək.

Birincisi, NATO Appaturayın dili ilə demək istəyir ki, Azərbaycan müharibə ilə məsələni həll etmək fikrinə düşsə və müharibəyə başlasa Rusiya Ermənistana hərbi yardım edəcək. Bu isə Azərbaycana problemin həlli əvəzində 2008-ci ildə Gürcüstanın yaşadıqlarını yaşadacaq. Bundan sonra isə vəziyyət bir qədər də ağırlaşacaq.

İkincisi, Appaturay demək istəyir ki, rəsmi Bakı müharibəyə başlasa, beynəlxalq qınaq obyektinə çevrilə bilər. Bu da ölkədə siyasi temperaturun artmasına və hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Qısası, NATO rəsmi Bakıya “müharibəni başlasan, hakimiyyəti itirəcəksən” mesajını verir.

İddia oluna bilər ki, hakimiyyət öz mənafeləri naminə müharibə başlamır. Yəni yuxarıda deyildiyi kimi - rəsmi Bakı müharibəyə başlasa, beynəlxalq dəstəkdən məhrum ola və hakimiyyət itirilə bilər. Onda gəlin görək hakimiyyətə gələcək növbəti siyasi qüvvə Qarabağ üçün nəsə edə biləcək? Əgər beynəlxalq güc mərkəzləri Qarabağı Azərbaycandan qoparmaq istəyirsə, hakimiyyətə yiyələnən qüvvə bu problemi necə həll edəcək? Sülhlə, yoxsa müharibə ilə?

Bu iki səbəb kifayətdir ki, Azərbaycan müharibəni başlamaq fikrindən daşınsın.
Kimsə deyə bilər ki, NATO, ATƏT, BMT, ABŞ, Rusiya bizim işimizə qarışa bilməz. Biz öz torpağımızı geri qaytarırıq. Bəli, bu mümkündür. Bəli, biz müharibəni başlayıb torpaqlarımızı geri almağa cəhd edə bilərik. Amma bu, çox uzun və üzücü bir müharibə də ola bilər. Bax bu da Appaturayın dediklərinin üçüncü yozumu.
Bütün bunlar NATO rəsmisinin, daha doğrusu NATO-nun Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyindən doğan ehtimallardır.

Əslində bayaqdan sadaladıqlarımla Sizi yordum deyəsən?

Sadəcə bunu demək istəyirdim - Appaturay bəyanat verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”.

Onun bu bəyanatına Azərbaycandan heç kim cavab vermədi. Vəssalam.
Amma hər bir çıxılmaz vəziyyətdən ən azı iki çıxış üsulu var. Mütləq var.

Bu barədə növbəti dəfə.