Samuxda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar

samuxda-heyder-eliyevle-bagli-tedbir-kecirildi
Oxunma sayı: 840

Müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Samux rayonunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Samux şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz ulu öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH başçısı bildirib ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 

RİH başçısı bildirib ki, bu il Azərbaycanı bir dövlət kimi məhv olmaqdan hifz edən, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramı ifadə etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaranan Heydər Əliyev Fondunun fəaliyyətinin 20 illiyidir. Qeyd edilib ki, bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının ulu öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin mənəvi irsinin öyrənilməsində, təbliğində və ideyalarının yaşadılmasında, bu ideyaların həyata keçirilməsində misilsiz fəaliyyət göstərməkdədir.

Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov isə çıxışında ümummilli lider Heydər Əliyevlə bağlı bir-birindən maraqlı xatirələrindən danışıb.