Dövlət Xidmətində ulu öndərin xatirəsinə həsr olunan tədbir keçirilib - Fotolar

dovlet-xidmetinde-ulu-onderin-xatiresine-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 2314

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Dövlət Xidmətinin rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Fəxri xiyabanı ziyarətdən sonra Xidmətin inzibati binasında Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmətin Aparatının rəhbər heyətinin iştirakı ilə keçirilən tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Azərbaycanın ən ali təltiflərindən sayılan “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir qrup şəxs bu medalla təltif edilib.

Təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, müavinləri, həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmiş bir qrup “Milli Qəhrəman” və 44 günlük Vətən Müharibəsində iştirak edən “Vətən Müharibəsi Qəhrəmanı” da olub.

Ulu öndərin anadan olmasının 101-ci il dönümü tədbirində medallar xidmət rəisi Mürsəl İbrahimov tərəfindən təltif olunanlara təqdim edilib. Təltif olunanlar Heydər Əliyevin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.