Prokurorluğun gənc əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib - Fotolar

prokurorlugun-genc-emekdaslari-heyder-eliyev-merkezini-ziyaret-edib
Oxunma sayı: 1935

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, habelə Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə mayın 10-da Baş Prokurorluğun gənc əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə əsas məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin gənc əməkdaşlar tərəfindən dərindən öyrənilməsi və mənimsənilməsi, habelə xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə iş birliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti ilə tanışlıq olub.

Ekskursiyanın iştirakçılarına ümummilli liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub, həmçinin Azərbaycan mədəniyyətini və tarixini dünyada daha geniş tanıdılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verilib. 

Ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıb.

Sonda xatirə fotoşəkli çəkilib.