Almatı danışıqları 2 gün davam edəcək

almati-danisiqlari-2-gun-davam-edecek
Oxunma sayı: 1051

Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar iki gün davam edəcək.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan Xarici İşlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

O, danışıqların Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib: “Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik”.

C. Bayramov, həmçinin qeyd edib ki, son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır.

Qeyd edək ki, bu gün Qazaxıstan XİN rəhbəri Murat Nurtleunun iştirakı ilə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Görüşdən sonra tərəflər mətbuata açıqlama verəcəklər.