Nümayəndələrimiz xarici jurnalistləri güldürdü

numayendelerimiz-xarici-jurnalistleri-guldurdu
Oxunma sayı: 639

Bu, dünən – mayın 3-də BMT-də keçirilən ənənəvi mətbuat konfransında jurnalistlər Azərbaycan missiyasından bu barədə soruşanda üzə çıxıb. Ancaq BMT-dəki nümayəndə, Təhlükəsizlik Şurasının (TŞ) hazırkı sədri Aqşin Mehdiyev səhvi tələsik düzəldib və deyib ki, Azərbaycanın Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd etməsinə lüzum yoxdur.

Azadlıq Radiosunun müxbirinin Nyu-Yorkdan verdiyi xəbərə görə, brifinqdə bir jurnalist soruşub ki, Azərbaycan Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edirmi. Pauza yaranıb, daimi nümayəndənin köməkçisi, müşavir Tofiq Musayev dərhal söhbətə qarışıb: “Bizim söz azadlığına dair elə bir xüsusi ictimai bayramımız yoxdur, amma səhv etmirəmsə, beynəlxalq söz azadlığı günü var”.

Bir neçə jurnalist birlikdə: “Həmin gün bu gündür”.

T. Musayev duruxub, sonra əlavə edib: “Hə-hə, yeri gəlmişkən, bu gündür, üzr istəyirəm”.

Burada Aqşin Mehdiyev müdaxilə edib: “Təbriklər. Bizdə mətbuat azad olduğu üçün onu qeyd etməyə xüsusi günə ehtiyacımız yoxdur”.

Bu sözlər zalda qəhqəhə yaradıb.