“Onlara hər dəfə toxunan kimi ağızlarından söyüş yağır”

onlara-her-defe-toxunan-kimi-agizlarindan-soyus-yagir
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Bakı”nın qaradərili futbolçusu İbrahim Karqbo bu səbəbdən ailəsindən ayrı düşüb. Syerra-Leoneli futbolçu “Bakı”ya transfer olunduqdan sonra ailəsini də buraya gətirib. Lakin buradakı münasibətə dözməyən futbolçunun həyat yoldaşı və qızı Belçikaya köçüb. Bu haqda 30 yaşlı yarımmüdafiəçi “Futbol+”ə açıqlama verib: “Bir müddət əvvəl ailəmi Bakıya gətirdim. 11 yaşlı qızımı ingilisdilli məktəbə yazdırdım. Lakin bir neçə həftə keçməmiş onun ağladığını gördüm. Məktəbdə hər kəs ondan uzaq gəzir, “qara” deyib onu ələ salırmış. Bir gün də “Torqovı”dakı dükanlardan birində bir kişi qızımın buruq saçlarını oynadıb, sonra isə ona baxıb gülüb. Baş verənlərdən sonra həyat yoldaşım burada yaşamaq istəmədiyini bildirdi və onlar Belçikaya qayıtdı. İndi tək qalmışam. Eyni vəziyyətlə yaşıl meydanda da qarşılaşıram. “Neftçi”nin “14” (Bahodir Nasimov) və “Qarabağ”ın “11” nömrəli (Rauf Əliyev) futbolçularından çox narazıyam. Onlara hər dəfə toxunan kimi ağızlarından söyüş yağır. Başqa komanda yoldaşlarımla toqquşduqda isə əl sıxıb ayağa qalxırlar. Komandamı pis vəziyyətdə qoymamaq üçün hər dəfə dözürəm. Lakin mən də insanam və səbrim daşa bilər”.

Məsələ ilə bağlı Rauf Əliyevin münasibətini öyrəndik. “Qafqazinfo”ya açıqlamasında futbolçu deyilənləri təkzib etdi: “Karqbonun dedikləri haqda ilk dəfə sizdən eşidirəm. Belə bir şey ola bilməz. Yəni o qədər səviyyəsizik ki, belə hərəkət edək? Bunlar hamısı boş söhbətlərdir”.

Ceyhun Əhmədov