Payızda Bahar müjdəsi

payizda-bahar-mujdesi
Oxunma sayı: 646

Bir neçə gün əvvəl Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova ATƏT Parlament Assambleyasında keçirilən dinləmələrdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq təklifi ilə çıxış edib. Təklif təşkilat rəhbərliyi tərəfindən maraqla qarşılanıb.
Sözsüz ki, rəsmi Bakının belə bir addım atması təqdirəlayiqdir.
Əvvəla, rəsmi Bakı bu təkliflə ənənəvi barışmazlıq sindromunu sındırmaq cəhdi göstərir. Amma belə yanaşma kütlə arasında populyar olmadığına görə ehtiyatlı yanaşma sərgilənir. Ehtiyatlı yanaşmanın göstəricisi təklifin məhz Bahar Muradovanın dilindən səslənməsidir. Amma təbii ki, xanım Muradova belə bir təklifi yuxarıdan verilən göstərişlə səsləndirib.
Bu məqamda parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərovun aqressiv bəyanatları yada düşür. Ziyafət Əsgərovun barışmaz və aqressiv bəyanatları sözsüz ki, daha populyar və cəlbedici görsənir. Maraqlı məqam isə ondan ibarətdir ki, onun bəyanatlarından sonra hakimiyyətin daha yüksək eşelonlarından da bu bəyanatlara dəstək verilir. Ziyafət Əsgərovun bəyanatları özlüyündə kəşfiyyat xarakterli olur. Bu baxımdan Bahar Muradovanın da bəyanatını rəsmi Bakının kəşfiyyat xarakterli addımı hesab etmək olar. Və bu kəşfiyyat üç istiqamətin rəyini öyrənməyə yönəlib: birinci –Azərbaycan xalqının, ikinci – beynəlxalq təşkilatların, üçüncü – ermənilərin. Amma bu məsələyə hələ ki, hər üç istiqamətdən maraq passivdir.
Bahar Muradovanın səsləndirdiyi təklifin başqa bir elementi də var. Nəzərə almaq lazımdır ki, ictimai təşkilatlar səviyyəsində belə dialoqlar vaxtaşırı aparılır. Amma bu dialoqların predmeti Dağlıq Qarabağ münaqişəsindən daha çox, postsovet yaşam tərzinin yaratdığı mənəvi-psixoloji və sosial-iqtisadi problemlər olur. Təbii ki, münaqişənin çözülməsi yollarının araşdırılmasını icmalararası dialoqların müstəvisinə çıxarmaq və daha ciddi müzakirələr aparmaq lazımdır. Bunun üçün isə dialoqları aparan tərəflərin ümumi fonunu yaradacaq və rəsmi hesab oluna biləcək formata ehtiyac var.
Burada başqa bir məqam isə ondan ibarətdir ki, belə bir dialoqa cəhd Azərbaycanın imicinin daha da konstruktiv olduğunu bir daha sübut etmiş olar.
Beynəlxalq təşkilatların dəstəyi və vasitəçiliyi ilə belə bir dialoqun baş tutacağı təqdirdə Azərbaycan başqa bir məsələdə də ermənilərin qara-qışqırığına qarşı arqument əldə etmiş olar. Sülh üçün dialoq prosesinin davam etdiyi müddətdə qarşı tərəf həmişə Dağlıq Qarabağın erməni icmasının danışıqlara cəlb olunmasını təklif edir. Əgər icmalararası dialoq baş tutarsa, ermənilərin bu tələb və təklifi qüvvəsini itirmiş olacaq.
Sözsüz ki, dialoq tərəfləri kimi ilk növbədə Bayram Səfərov və Bako Saakyanın üz-üzə oturması vacibdir. Bundan sonra isə Dağlıq Qaradağın erməni və azərbaycanlı icmalarının müxtəlif sosial təbəqəyə məxsus insanlarının, müxtəlif peşə sahiblərinin dialoqunun baş tutmasını reallaşdırmaq olar. Bütün bunlar üçün isə ilk növbədə siyasi iradə lazımdır.
Bahar Muradovanın təklifi bu siyasi iradənin mövcudluğuna sanki bir işarədir. Xanım vitse-spikerin təklifi payızın orta ayında Bahar müjdəsinə bənzəyir.
Təbii ki, sülh istəyənlər, müharibəyə hazır olmalıdır. Amma bir məsələ də var ki, sülh istəyənlər düşmənlə danışıq masası arxasında oturmağı, dialoq aparmağı da bacarmalıdır. Bu dialoqa dodaq büzənlər və hətta bu dialoq cəhdini xəyanət kimi qəbul edənlər də olacaq. Amma həmin şəxslərə sual vermək istərdim: Bu gün vuruşmaq imkanımız yoxdursa, nə etməliyik?
Cavab birmənalıdır: Danışmalıyıq, dialoq aparmalıyıq.
Kimsə üçüncü variantı bilirsə, buyursun.
Sözsüz ki, dialoq da müharibənin bir elementidir. Burada da peşəkarlar kimi, naşılar da, satqınlar da olur. Çalışmaq lazımdır ki, bu cəbhədə təşəbbüs satqın və naşıların əlində olmasın. Ona görə də dialoqu məhz vətəni sevən peşəkarların ixtiyarına vermək lazımdır.