Prezident Türkiyədə açılış mərasimlərində iştirak etdi

prezident-turkiyede-acilis-merasimlerinde-istirak-etdi-
Oxunma sayı: 681

Azərbaycan prezidentinə və Türkiyə hökumətinin başçısına məlumat verilib ki, qardaş ölkənin ilk və yeganə neft-kimya müəssisəsi olan “Petkim-Petrokimya Holdinq”in təməli 1965-ci ildə Yarımca şəhərində qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub. 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Turgas” şirkəti ilə birlikdə “Petkim-Petrokimya Holdinq”ə məxsus Neft-Kimya Zavodunun 51 faizinə yiyələnib. Keçən il “Petkim” ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub. İstehsal olunan məhsulların 50 faizi ixrac edilib. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.

Sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Petkim” şirkətinin “Star” neft emalı zavodunun və Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlqoyma, AYPE-T zavodunun açılış mərasiminə gəliblər. Mərasim iştirakçıları əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və şəhidlərin xatirəsini yad ediblər.

Daha sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Tədbir iştirakçılarına Türkiyənin Petkim yarımadasının gələcəyinə həsr olunmuş film təqdim edilib.

Mərasimdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevi İzmirdə görməkdən məmnunluğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Van vilayətində baş vermiş dəhşətli zəlzələdən dərhal sonra qardaşlıq əlini uzatdığı üçün başda prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına ölkəsi adından minnətdarlığını çatdırıb.

Zəlzələ baş verən andan ilk yardımını təklif edən və ilk xarici yardım çatdıran ölkənin məhz Azərbaycan olduğunu vurğulayan Türkiyə hökumətinin başçısı axtarış-xilasetmə işlərində Azərbaycandan gələn heyətin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir deyib ki, Azərbaycanın üç təyyarə ilə göndərdiyi qida yardımı artıq bölgədəki vətəndaşlara paylanıb.

İzmirdə həqiqətən də böyük və möhtəşəm bir layihənin təməlqoyma mərasiminin keçirildiyini qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “Petkim”in ortaqları olan ARDNŞ və “Turgas”in birgə inşa edəcəyi neft-kimya müəssisəsinə qoyulan 5 milyard dollar investisiya həm dünyada, həm də Türkiyədə zavodun inşasına qoyulan ən böyük yatırımdır. Azərbaycan ilə Türkiyənin əl-ələ verərək qardaşlıq çərçivəsində çox böyük ortaq layihələr həyata keçirdiyini deyən Türkiyə hökumətinin başçısı tikinti dövründə burada 10 min nəfərin çalışacağını vurğulayıb. Müəssisə işə düşdükdən sonra isə burada 1000 nəfər daimi işlə təmin olunacaq.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün qeyd olunduğunu xatırladan Türkiyənin Baş naziri deyib ki, Türkiyə qardaş Azərbaycanın bu sevincini birlikdə yaşayır. İyirmi il ərzində Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur. Bu müddətdə iki qardaş ölkə birlikdə çox böyük layihələr həyata keçirib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, həm Türkiyənin, həm də Azərbaycanın əsas hədəfi bölgədə sülhə nail olmaqdır. Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, ölkəsi bu problemin həllində Azərbaycan ilə birgə çalışmağa davam edəcək.

Türkiyə hökumətinin başçısı Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi münasibətilə də təbrik edib. Çıxışının sonunda Türkiyənin Baş naziri bu möhtəşəm layihələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək bu günün Türkiyə-Azərbaycan əlaqələrində əlamətdar tarix olduğunu vurğulayıb.Azərbaycan dövlətinin başçısı Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı türk xalqına başsağlığı verib. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqı türk xalqının yanındadır, - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Türkiyə birliyi tarixi əsaslara söykənərək getdikcə güclənir. Bu gün Türkiyənin və Azərbaycanın bütün məsələlərdə bir yerdə olduğunu, bir-birini dəstəklədiyini, birgə layihələr icra etdiyini, təşəbbüslər irəli sürdüyünü qeyd edən Azərbaycan prezidenti bugünkü mərasimin də bu birliyin təzahürü olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, bugünkü təməlqoyma mərasimi rəmzi xarakter daşıyır. Çünki cəmi 20 il müstəqillikdən sonra Azərbaycan qardaş ölkəyə böyük həcmdə yatırımlar qoymağa başlayır. Dövlət başçısı Azərbaycanın və Türkiyənin artıq uğurla reallaşdırdığı və icra edilməkdə olan birgə layihələrini xatırladıb.

Azərbaycan prezidenti uğurların təməlində dostluğun və qardaşlığın dayandığını xüsusi vurğulayıb və deyib ki, qardaş ölkə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsində qısa müddət ərzində böyük, uğurlu, şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilib.

Azərbaycanın da son illər ərzində keçdiyi şərəfli yoldan danışan prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz də ölkəmizin dünyadakı nüfuzunun artmasından qaynaqlanır. Dövlət başçısı seçkilərdə Azərbaycana böyük dəstək verən Türkiyəyə bir daha minnətdarlığını bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AYPE-T zavodunun videogörüntü vasitəsilə açılış mərasiminə qoşulublar. Burada istehsal olunan aşağı sıxlıqlı polietilen məhsulu plastiklər sənayesinin dünyada geniş istifadə olunan ən əhəmiyyətli xammallarından biridir. İllik məhsuldarlığı 160 min ton olan zavodda müxtəlif sektorların ehtiyacını ödəməyə yönəlmiş 11 çeşiddə məhsul istehsal olunacaq. Azərbaycan dövlət başçısı və Türkiyənin Baş naziri müəssisənin açılışı münasibətilə təbriklərini çatdırdılar.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyıb Ərdoğan videobağlantı vasitəsilə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasiminə də qoşulublar.

İzmirli deputat Aydın Şəngül məlumat verib ki, Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra “Bir millət, iki dövlət” idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaq. Liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanıb. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcək.

Azərbaycan prezidenti və Türkiyənin Baş naziri liseyin təməlinin qoyulması münasibətlə təbriklərini çatdırdılar.



AzərTAc