Şəkərin qiyməti rekord həddə çatdı - Araşdırma

sekerin-qiymeti-rekord-hedde-catdi-arasdirma
Oxunma sayı: 908

Dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti bahalaşıb və təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb. Artıq Azərbaycanda da bu məhsulların, xüsusən də yağ və şəkərin qiymətində artım müşahidə olunmaqdadır. “Qafqazinfo” ölkədəki bəzi ərzaq məhsullarının qiymət artımı ilə bağlı kiçik araşdırma aparıb.

Əvvəla qeyd edək ki, Dövlət Statistika Komitəsi də iyun ayı üçün istehlak malları ilə bağlı açıqlamasında günəbaxan və qarğıdalı yağlarının qiymətində bahalaşmanın qeydə alındığını göstərib. Komitə kərə yağının, şəkər və şəkər tozunun qiymətinin isə ucuzlaşdığını qeyd edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da yaydığı məlumatda bildirilib ki, iyun ayında bəzi ərzaq mallarında bahalaşma olub. Ən çox bahalaşma isə şəkərin qiymətində (14%) qeydə alınıb. Qiymət artımının əsas səbəbi dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada istehsalın aşağı düşməsidir. İstehsalın aşağı düşməsi hava şəraitinin pis olması və şəkər plantasiyalarının köhnəlməsi ilə də əlaqədardır.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyevin də fikirlərini öyrəndik. S. Əliyev də təsdiqləyib ki, dünya bazarlarında xammalların, müxtəlif ərzaq məhsullarının qiyməti artır: “Qızıl, ərzaq məhsulları, kofe, şəkər, taxıl məhsullarının qiyməti getdikcə bahalaşır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı daim bununla bağlı həyəcan təbili çalırlar ki, dünyanı ərzaq böhranı gözləyir. Bu daha çox inkişaf etmiş ölkələrə təsir göstərir. Ərzaq məhsullarının qiymətinin artmasının ən əsas səbəbi, bu məhsulların əsasən alınıb satıldığı dolların getdikcə ucuzlaşmasıdır. Ucuzlaşmaya görə də ərzaq məhsullarının qiyməti qalxır. Qiymətlərin qalxmasına təbii fəlakətlər də zəmin yaradır. Quraqlığın, daşqınların olması kimi proseslər də son nəticədə ona gətirib çıxarır ki, artıq ərzaq məhsulları istər şəkər, istər yağ və digər məhsullar bahalaşır. Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi kimi ərzaq məhsulları ilə bağlı tələbatını idxal hesabına ödəyir. Öz gücünə Azərbaycanda istehsal olunan məhsullar ölkənin ərzağa olan tələbatını tam ödəyə bilmir. Ona görə də dünya bazarında qiymətlərin artması birbaşa ərzağın qiymətinə təsir göstərir”.

Ekspertin sözlərinə görə, hökumət Mərkəzi Bankın timsalında bu zərərin müəyyən qədər azaldılması, minimuma endirilməsi məqsədilə müəyyən addımlar atır. Bu addımlardan biri də Azərbaycanda milli valyuta olan manatın dollara olan məzənnəsinin bahalaşmasıdır: “2011-ci ilin birinci yarımilində manat dollara nisbətən təxminən 2 faizə qədər bahalaşıb. Azərbaycanın da idxalı əsasən dollarla bağlı olduğundan, manatın möhkəmlənməsi xaricdən gətirilən malların qiymətinin bahalaşmasının müəyyən qədər qarşısını alır. Ancaq bu bahalaşma çox olmadığından təsir də çox ola bilmir. Bu baxımdan mənim fikrimcə, ərzaq məhsullarının qiymətinin qalxması Azərbaycana da təsirini göstərəcək. Onsuz da ölkədə inflyasiya səviyyəsi yüksəkdir. 2011-ci ilin göstəricilərinə əsasən, inflyasiya 9%-ə yaxındır. Ötən ildə bu 5,7 % olub. Bu il inflyasiya səviyyəsinin daha da yüksək, hətta ikirəqəmli olması gözlənilir. Hökumət isə qarşısına məqsəd qoyub ki, inflyasiyanın ikirəqəmli olmasına imkan verməyəcək. Bunun üçün Mərkəzi Bank manatın möhkəmlənməsini davam etdirəcək”.

Nigar Məmmədli