Seyran Səxavətin “Çayçı Rəşid”i – Hekayə

seyran-sexavetin-cayci-residi-hekaye-
Oxunma sayı: 1532








- İbişdən kağız gəlməyib?
- Yox.
Çayçı Rəşid könülsüz addımlayırdı.
- Ay Rəşid, İbişdən nə xəbər?
- Xəbər yoxdur.
Çayçı Rəşid elə gedirdi ki, elə bil getməsə də olardı. İbişin ayrılığı ona yaman yer eləmişdi. O, bu ayrılığın əlindən yaxasını qurtarmaq istəyirmiş kimi köhnə, qızıl saatına baxdı. Bir-iki addım atıb yenə saatına baxdı. Əgər bu dəmdə çayçı Rəşiddən vaxtı soruşsaydılar cavab verə bilməzdi.
Kimsə yenə soruşdu:
- Cıqan nə yazır?
Çayçı Rəşid təngə gəlmişdi:
- Cıqan kimdi, əşi?
- İbişi deyirəm dayna, ə.
- İbiş kimdi, əşi?
- Yaxşı, İbrahim olsun.
Çayçı Rəşidin dodağı qaçdı, metal dişlərinin parıltısı enli dodaqlarına ani yaraşıq verib, yox oldu. Gözlərinə qəribə bir mehribanlıq çökdü. Öz-özünü danladı, “Caamatınan niyə kobud danışıram, onların nə günahı?” O, qəfil dayandı, tələsik addımlarla geri dönüb özünü Cıqanı soruşan kişiyə çatdırdı.
- Əli dayı sən allah bağışdagınan.
Əli kişi qoltuğundakı xoruzu özünə sıxıb dedi:
- Nədi ki, ə?
- Heç... elə səhər-səhər qanım qara idi, kobud cavab verdim. Əli kişi mehribanlıqla soruşdu:
- Yaxşı... de görüm Cıqan bir şey yazır?
Çayçı Rəşid bu dəfə “Cıqan”ı “İbrahim” kimi eşidib, ədəb-ərkanla cavab verdi:
- Allah imanını kamil eləsin, ay Əli dayı, hələ bir şey yoxdu.
- Darıxma, hövsələli ol, dünyanın bu dinc vaxtında olacaq ki? Yəqin hələ “qarantindən” çıxmayıblar.
Əli kişi “qarantin”i elə tələffüz elədi ki, guya bu söz onun dünyagörüşünün genişliyinə və dərinliyinə dəlalət edir.
- Darıxmağım yoxdu, ancaq bir qorxum var ki, uşaq Sibirə düşməsin.
- Sibirə düşəndə nə olar?
- Necə yəni nə olar, əşi?
Çayçı Rəşidin mehriban sifəti bir anda dəyişib soyudu:
- Necə yəni nə olar, əşi. Bir əlcə uşaq o Sibirin vızhavızında baş çıxardandı?
Əli kişi bir addım da çayçı Rəşidə yaxınlaşdı.
- Əvvəla Sibir sən gördüyün Sibir dəyil indi.
- Çayçı Rəşid bozardı: “Mən Sibiri görməmişəm, canına qismət olsun ”.
- İkimcisinə qalan yerdə qonşumun oğlu üç-dörd il Sibirdə əziyyət çəkdi, nəbit axtarırdı, axırda tapdı, hökumət bilirsən ona nə qədər mükafat verdi?
- Bilirəm.
Əli kişi Sibiri elə təriflədi, elə təriflədi ki, çayçı Rəşid istər-istəməz fikirləşdi: “Bəlkə Əli kişi də Sibiri görənlərdəndi...”.
- Bilirsən nə cahlı-calalınan güzəran keçirillər indi?
- Bilirəm. – Çayçı Rəşid hövsələ ilə cavab verdi.
- Dədəsinə Sibirdən bir tüklü şuba göndərib. Dədəsi and içib, aman eləyir ki, şuba deyil ha, hamamdı.
Çayçı Rəşid İbişi fikirləşirdi, Əli kişinin sözünə qulaq asmağa halı yox idi. Bunu hiss edən Əli kişi yenidən soruşdu:
- Bildin?
- Bildim.
- Nəyi bildin?
- Sənin qonşunun şubası hamam kimidi.
- Di atan oldu rəhmətlik, heç darıxıb eləməginən.
Əli kişi çayçı Rəşidin daimi müştərilərindən idi. Həmişə onun işlədiyi çayxanaya gələr, qabağına bir stəkan çay qoyub saatlarla çənə döyərdi. Qonşu kənddən idi, rayon mərkəzindən çox olsa iki kilometr aralı olardı.
Çayçı Rəşid Əli kişinin qoltuğundakı xoruza işarə etdi:
- Neçiyə verirsən?
- Sənə müftə.
- Müftə yox.
- Yaxşı, onda sən neçə verirsən?
- Üç manat.
Çayçı Rəşidin cavabından sonra Əli kişi tərs-tərs baxıb xoruzu ona tərəf uzatdı:
- Sən o dədənin goru, gör bu xoruzdu yoxsa həştərxandı?
Çayçı Rəşid fikirləşmədən dedi:
- Dədəmin goru haqqı xoruzdu, özü də toyuq xoruzu.
- Yox dayna, bir əlinə götür.
Əli kişi xoruzu çayçı Rəşidə verəndə xoruzun qanadları şappıldadı, ayağı açıldı.
- Əşi, bunun ayağı açıq imiş...
İllik ları xoruz mərkəzi küçə ilə bazara tərəf götürüldü. Yaşı həştadı haqlamış Əli kişi: “Dədənə lənət mərdiməzar” deyə-deyə xoruzun dalınca cumdu. Rəşid bir an boynunu büküb durdu. Xoruzun arxasınca qaçan Əli kişinin dalınca qaçmaq istədi. Lakin müştərilərin onu gözlədiklərini yadına salıb çayxanaya tərəf üz tutdu. Öz “repertuar”ındakı yeganə mahnını zümzümə eləməyə başladı.
“Samavara od salmışam...”.
Rəşid fikirləşdi ki, hələ samovara da od salmayıb. Addımlarını yeyinlətdi.
* * *
- Bəh, bəh, bəh, çay nə çay!
El arasında az danışan çayçı Rəşidin həmişə çayxanada beləcə dili açılırdı.
- Çay nə çay, məxməri, pürrəngi, xoruzquyruğu...
Əli kişinin xoruzu çayçı Rəşidin yadına düşdü. “Görəsən xoruzu tuta bildimi Əli kişi. Əgər xoruz qaçıb Əli kişidən canını qurtarıbsa, onda mən yaxamı qurtar bilməyəcəyəm. Elə oturub-durub deyəcək ki, Həştərxan yekəlikdə xoruzuma bais oldun ”.
Çayçı Rəşidin köməkçisi İbişin dostu Tenka idi. İbiş əsgərliyə gedəndə atasından xahiş eləmişdi ki, onu yanında işlətsin. Çayçı Rəşidin oğluna elədiyi axırıncı “yaxşılıq” bundan ibarət idi ki, oğlunun xahişini nəzərə alıb dostunu “işə” götürmüşdü. Çayçı Rəşid indi oğlunun iyini Tenkadan alırdı.
Alverin qızğın vaxtı idi. Çayçı Rəşidin Başı necə qızışmışdısa, Əli kişinin öz həmişəki yerində əyləşib aramla çay içdiyindən xəbəri yox idi.
- A bala, satmıram e, satmıram.
Çayçı Rəşid əvvəlcə xoruzu, sonra da Əli kişini gördü, yüngülləşdi.
- Əli kişi, xoruzu sata bilmədin?
- Alan olmadı.
- Niyə, nə dedilər? .
- ...
- Sən o imanın çayı nə dedilər?
Əli kişi buxara papağını çıxarıb stolun üstünə qoydu, xoruzun ətli saqqalını rezin kimi çəkib uzatdı.
- Dedilər ki... – Əli kişi duruxdu.
- Nə dedilər?
- Dedilər ki, rəhmətlik dədənin də qiymətini qoymusan xoruzun üstünə.
- Bəs, sən nə dedin?
- Dedim ki, düz deyirsiniz.
- Bəs, onlar nə dedilər?
- Dedilər ki, biz razı, eybi yoxdur, dediyin pulu veririk, ancaq gərək xoruznan bir yerdə dədəni də bizə verəsən.
- Bəs, sən nə dedin?
- Dedim ki, dədəm odey qəbirstannıxda, gedin çıxardın aparın, ancaq cibində pulu olsa dəyməyin.
- Bəs, onlar nə dedilər?
- Nə deyəcəklər, pərt olub getdilər, lotular.
Əli kişi daz başını qaşıyıb, armudu stəkandakı çayı bir dəfəyə hortdatdı.
Nahardan xeyli keçmişdi. Çayxanada üç nəfər qalmışdı: Əli kişi, çayçı Rəşid, Tenka. Çayçı Rəşid soruşdu:
- Yaxşı, xoruza neçə verim, elə, deyəsən, mənim qismətimdi.
Əli kişi qoltuq cibindən dəsmala bükdüyü əzik-üzük pulları çıxardıb çayçı Rəşidə göstərdi:
- Ə, ay anası göyçək, mənim puluma nə gəlib.
- Bəs, onda bu xoruzu qoltuğuna vurub dodu kimi nə gəzdirirsən?
Əli kişi o yan-bu yana baxıb ehtiyatla:
- Ay xalası göyçək, arvad məcbur eləyir, deyir ki, hər cümə günü nə var bazara gedirsən. Mən də onun başını bu xoruznan aldadıram. Hər dəfə də soruşanda ki, bəs niyə satmamısan, deyirəm ki, mən deyən pulu vermədilər.
- Bəs, arvad nə deyir?
- Deyir ki, yəqin dədənin qiymətini üstünə qoymusan.
- Deməli, satmırsan?
- Yox, dədəm oğlu, qardaşım, yox!
Əli kişi ayağa durdu. Stolun üstünə saralıb əldən düşmüş bir manatlıq qoydu. Pulunun artığını almadan xudahafizləşib getdi.
Çayçı Rəşid pulları sayıb qurtarandan sonra Tenkadan soruşdu:
- Tenka, bura bax görüm, dərsini oxumusan?
Tenka çayçı Rəşiddən heç vaxt belə “yersiz” sual gözləmirdi.
- Hə, oxumuşam.
Çayçı Rəşid boy-buxununa o qədər də yaraşmayan ciddi bir görkəm alıb davam elədi.
- Bəs nə vaxt oxumusan? Sən elə səhərin göbəyi yırtılandan mənim yanımda deyilsən?
- Dünən axşam oxumuşam.
- Bu axşama nə dərsiniz var?
Tenka çox fikirləşmədən belə bir cədvəl “tərtib” elədi.
- Tarix, coğrafiya, idman, əmək, alman dili.
Çayçı Rəşid ağ xalatını çıxartdı, qara kostyumunu geydi. Soçidən gətirdiyi, üstündə lüt qız şəkli olan qalstukunu bağlayıb qabağına bir stəkan çay qoyandan sonra Tenkadan soruşdu:
- Tarixdən, bir də ki, coğrafiyadan dərsiniz haradı?
Tenka diribaş və dilavər uşaq idi. Lakin bu sualın qoyuluşu ona çox qəribə gəldi...
İbişin deməyinə görə atası üçüncü sinfi qurtarıb. Ona görə də Tenka fikirləşdi ki, mən səkkizincidə oxuya-oxuya çayçı Rəşid məndən savadlı olacaq?
- Tarixdən və coğrafiyadan dərsimiz: vətən müharibəsində dağların və çayların rolu.
Sonra Tenka bu mövzunu çayçı Rəşidə belə izah elədi: vətən müharibəsində düşmən hücum edəndə dağlar sinəsini gərib bizimkiləri müdafiə edirdi, çaylarla isə gəmilər üzə-üzə bizimkilərə silah, yemək şeyləri və paltar aparırdı.
Çayçı Rəşid Tenkaya diqqətlə qulaq asıb ondan razı qaldığını bildirdi:
- Bəs, idmandan dərsiniz haradı?
- Uzunluğuna tullanmaq.
- Tenka, almanca çaya nə deyirlər?
Tenka fikirləşdi ki, çayçı Rəşid müharibədə olub. Bəlkə də almanca çay sözünü bilir. Lakin Tenka səhv edirdi... Buna baxmayaraq cəsarətlə və qəribə bir tələffüzlə:
- De Çuaajj! – dedi.
Çayçı Rəşid bu dəfə daha böyük razılıq hissi ilə başını tərpətdi.
- Dərsini yaxşı oxu, Tenka, hər nə var oxumaqda var, yaxşı oxu ki, mənim kimi hambal olmuyasan. İbişə də bu sözləri deyirdim, fikir vermədi, axırı getdi əsgərliyə, allah bilir hara düşəcək.
- Əsgərlik pisdi ki? – Tenka astadan soruşdu.
Çayçı Rəşid ömründə belə bağırmamışdı:
- Uşaqsan, uşaq qələtini elə!
Tenka yerindəcə qurudu. Çayçı Rəşidin hələ də ona baxdığını hiss edib fikirləşdi ki, yəqin cavab gözləyir. Dedi:
- Eliyəcəm.
- Nə eliyəssən?
- Qələtimi...
Çayçı Rəşid Tenkaya baxanda sarsıldı. Tenkanı yaş elə boğurdu ki... Ürəyində Tenkanın atasını söydü: “Biqeyrət köpəyoğlu, arvad-uşağını atıb getdi!”
Tenkanın atası dörd il bundan əvvəl göyçək arvadını üç uşaqla qoyub aradan çıxıb.
Çayçı Rəşid onu yanına işə götürəndən üç-dörd gün sonra şəhərə söz yayıldı ki, o, Tenkanı anasına görə yanında işlədir. Çayçı Rəşid ha axtardı bu sözün ilk “müəllifin”i tapa bilmədi. Ona görə də özünü sakitləşdirmək üçün duz-çörək götürüb birbaş Tenkanın babasının yanına getdi, and-aman elədi ki, adıma böhtan deyirlər. Tenkanın babası da ürəkdən inanmışdı. Çünki o, bilirdi ki, çayçı Rəşid elə adam deyil.
Çayçı Rəşid Tenkaya baxdı, İbiş yadına düşdü, Tenkanın ala iri gözlərində yaş qurumuşdu.
- Tenka, eləmə.
- Nəyi?
- Qələtini.
- Yaxşı.
Çayçı Rəşid çayxananın qapısına içəri tərəfdən “Bağlıdır” – yazılmış kiçik lövhəni asdı, sonra da böyük anbar kilidi ilə qapını bağladı. Yanında dayanıb ona baxan Tenkaya dedi:
- Get dərsinə.
- Gedəcəm.
- Pulu da ver anana.
- Verəcəm.
- Səhər də tezdən gəl, yatıb yuxuya qalma.
- Yaxşı...
- Hə, di tərpən.
...Bu hərəkəti çayçı Rəşidin özünə də, Tenkaya da bərk dəymişdi. “Bir dəli şeytan deyir, hökumətin pulunu qoy Tenkanın yolunda, get hər yanı ələk-vələk elə, atasını tap gətir ”.
O, bu fikrindən tez daşındı. “Heylə biqeyrətin olmağından olmamağı yaxşıdır”.
Çayçı Rəşid Tenkanın anası Gülpərini fikirləşdi. “Doğrudan da yaxşı qadındı, köşək gözləri, püstə burnu, iri döşləri, boy-buxunu...”. Və bu fikirdən təcili daşındı, təzədən bir də bu fikrə qayıtdı. “Zalımın qızı adamın canını alır. Bunun əri köpəyoğlu niyə atıb getsin, bilmirəm”. Gülpərini öz arvadı ilə müqayisə elədi. “Bizimki də arvaddı, elə bil bir torba sümükdü. Gözdən gözü yox, qaşdan qaşı. Dili də ki, gürzə ilan ”. Özünə yazığı gəldi və müqayisəyə belə yekun vurmaq istədi: “Bir şey var ki, mənim arvadım təmizkardı”. Yenə əksini fikirləşdi: “Gülpərinin sünbülündən su damır ki...”.
Bu cür fikirlərin əlində əsir-yesir olmuşdu. “Ay bu fikri mənim ağlıma salanın allah evini yıxsın...”. Bu fikri onun ağlına camaat salmışdı...
Sakitləşdi. Saatına baxdı. Əllərini şalvar ciblərinə qoydu. Sonra pencək ciblərinə, sonra ciblərindən çıxardı... lap sonra isə sağ əlini pencək cibinə dürtdü, sol əlini yellədə-yellədə addımlarını yeyinlətdi. Onun yerişi tamam dəyişmişdi. Özünün isə bundan xəbəri yox idi. Təzə yerişlər onu camaatın nisbətən gur yerinə gətirib çıxardı.
- İbişdən kağız gəlməyib?
Çayçı Rəşidin yerişi dolaşdı.
- Gəlməyib.
- Rəşid dayı, İbişin adresini ver maa.
- Hələ kağız gəlməyib, bala.
O, İbişin sinif yoldaşını da belə yola verdi.
- Ay Rəşid, bəridən gəl görüm.
Çayçı Rəşid dönüb baxanda Əli kişini gördü, xoruzu da qoltuğunda.
- Əşi, Əli kişi, hələ gedib evə çıxmamısan, vallah arvad səni abırdan salacaq.
- Taxsı axtarram. Bəri bax görüm, Cıqan nə yazır?
- Əşi, bəs, səhər soruşmadın?
- Soruşdum...
- Bəs indi nə deyirsən?
- Dedim birdən səhər-axşam arası bir xəbər olub.
İndi çayçı Rəşid ona deyirdi: - Dünyanın bu dinc vaxtı nə olasıdı ki?
- Əlbəttə.
Əli kişi taksi axtarmağa getdi. Çayçı Rəşid evə gələn kimi arvaddan soruşdu:
- İbişdən kağız gəlməyib?
- Yox.
- Bəs, nə vaxt gələcək?
- Mən nə bilim. Guya kağız gəldi yedik kağızı?
- Dil-dil ötmə, çörək gətir.
Çayçı Rəşid bərk narahat idi. Hiss eləmişdi ki, bu gün İbişdən mütləq kağız gələcək. Hamı birtəhər idi. Məktub da ki, bildiyiniz kimi gəlib çıxmaq bilmirdi.
- Kişi, qulağım cingildəyir, vallah.
- Nağayraq?
- İbişdən kağız gələcək.
Çayçı Rəşid elə iştah nümayiş etdirirdi ki, elə bil ən azı bir həftə dilinə heç nə dəyməyib.
- Kişi, gözüm yol çəkir.
- İndi də gözü yol çəkir...
- Vallah, İbişdən kağız gələcək.
- Qırx dəfə demişəm ki, adam qızısan, mollalıq eləmə.
- İndi görərsən.
- ...
Çayçı Rəşid bıçağı yerə saldı. Arvad o saat dedi:
- Ay Rəşid, kişi qonağımız gələcək.
Könülsüz arvadına baxdı: - Sən o kişi qonağın canı bıçaq ver.
O, keçən il Soçidə istirahət edəndən sonra çəngəl-bıçaqla yeməyə başlamışdı. Elə çəngəl-bıçaqları da Soçidən alıb gətirmişdi. Keçən yaydan da özünü inkişaf eləmiş, mədəni səviyyəli adam hesab edirdi, arvadını isə geri qalmış. Çünki arvadı heç cür çəngəl-bıçağa öyrəşmirdi. Çayçı Rəşid bu məsələni öz-özlüyündə belə izah edirdi ki, o rayon mərkəzində anadan olub “şəhərlidir” arvadı isə kəndçi.
Çayçı Rəşid duz qabını aşırıb tökdü. Arvad o saat dedi:
- Kişi, dava olacaq.
O daha dözə bilmədi: - Ay arvad, adamsan, adam balasısan...
Əsəbiləşib əlində qaşıq kimi tutduğu çəngəli yerə saldı. Arvad o saat dedi:
- Ay Rəşid, arvad qonağımız gələcək.
Çayçı Rəşid yeməyini yarımçıq qoyub ayağa qalxdı:
- Məni qınayanın yeddi arxada öləninə lənət!
- Nənəmin goru haqqı daha dinməyəcəm, sən İbişin qərib canı çörəyini ye.
Arvad onu əyləşdirdi.
“Arvad qonağımız gələcək”.
“Bəlkə Gülpəri gələcək”.
“Yox, Gülpərinin bizdə nə işi var...”.
Arvad gözünü pəncərəyə, Rəşid isə ona zilləmişdi.
- Ay Rəşid, çörəyini ye, sənə bir söz deyəcəm.
O, axırıncı tikəni qoz udan həştərxan kimi udub dedi:
- Qurtardım.
- İncimiyəssən ki.
- Əşi, yox.
Arvad pəncərədən sallanan hörümçəyi ona göstərib dedi:
- Vallah, məni qınama qonağımız gələcək.
Bu dəfə təmkinlə cavab verdi:
- Ay arvad, deyəsən, günü-gündən zayıllıyırsan, öz aramızdı? Ağız, oğul evləndirmirəm, qız köçürtmürəm, bu bir belə qonağı nə “yığırsan” bura?
Arvadın rəngi açıldı, gözlər parıldayıb, qəribə bir şəkil aldı:
- Niyə evləndirmirəm. Allah qoysa İbiş gələn kimi evləndirəcəm. Ona bir toy vurdurum ki...
Kişi arvadının sözünü kəsdi:
- Bəs, onun özünü mən saxladım, arvadını kim saxlayacaq?
- Sən... – Əlavə etdi: - Yəni o qədər ölüvaysan?
- Mən belə boyunduruğa girmərəm.
Ciddi görkəm alıb davam etdi:
- İbiş oxumalıdır, ay ərənnərin qızı.
Arvad partladı:
- Nə qədər sən oxumusan, bir heylə də o oxuyacaq.
- Mənə də çayçı Rəşid deyərlər, mən oxudum sən də bax, zorunnan oxudacam, zorunan... Guya oxuyanların hamısı başınan oxuyur. Əlində kağızı olsun ki, filankəs filan yeri oxuyub.
Arvad səsinin tonunu aşağı saldı:
- Ay Rəşid, sən oxumamısan, acından ölürsən?
- ...
- Qonşumuzun oğlu incinerrik oxuyub. Boylu-buxunlu, yaraşıqlı oğlandır. O günü deyirəm ki, xalan qurban, donnuğun nə qədərdi. Dedi yüz on manat.
Çayçı Rəşid ömründə arvadına belə diqqətlə qulaq asmamışdı.
Həyətdəki gilas ağacına bir sağsağan qonmuşdu, özünü yeyib tökürdü. Bu dəfə çayçı Rəşid özü fikirləşdi: “Sağsağan qırıldayır. İbişdən kağız gələcək”. O, dodağının altında özündən asılı olmayaraq pıçıldadı:
- Xeyir xəbər, sağsağan...
Telefon zəng çaldı.
- Allo...
- Dud... dud... dud...
“Bəlkə, İbişdən bir xəbər deyəcəkdilər”. Ürəyində poçtun rəisini söydü. Kimsə çağırdı:
- Ay Rəşid, ay Rəşid!
Telefon zəng çaldı.
Rəşid: - Ay arvad, telefona cavab ver, - deyib özünü çölə atdı.
- Ay Rəşid, ay Rəşid!
- Gəldim, gəldim.
“Elə bil altıayaqlıqdı zalımı çıxmış”.
Çayçı Rəşidin ayağı aşsüzənə ilişdi. Mis, köhnə aşsüzən daş pillələrlə diyirlənə-diyirlənə gedib toyuq hininin yanındakı böyük daşın üstündə acıqla “zingildəyib” susdu. Toyuqların səsinə qazlar səs verdi. Yalnız bundan sonra çayçı Rəşid eyvanın işığını yandırdı və o saat da onu çağıran qaraltını itirdi. Çayçı Rəşidə elə gəldi ki, bütün şəhər bu səs-küyü eşitdi. Rəhmətlik anasının sözlərini xatırladı. “Dəvə durdu dam yıxdı”.
Çayçı Rəşid dəmir darvazanı cırıldatdı. Ürəyində darvazanı düzəldəni söydü. Sanki dəmir darvaza cırıldamasa açılmazdı.
O, əvvəl Tenkanı gördü.
- İbişdən kağız gəlib.
- Sən Həzrət Abbas?!
Sonra isə poçtalyonu gördü. Tenka da, poçtalyon da çayçı Rəşidin dəvəti ilə həyətə girib ikinci mərtəbəyə qalxdılar.
Çayçı Rəşidin İbişdən başqa on uşağı vardı, hamısı da qız. Ondan soruşanda ki, bu bir belə qızı neynirdin, cavab verərdi: - Arzum vardı ki, İbiş tək olmasın, onun bir qardaşı olsun. Amma neyliyim, sağ olsun arvadı, elə yanından keçməmiş “damazlıq” gətirir. Bir dəfə də, risk eliyəcəm, əgər oğlan olmasa, “dükanı” bağlayıram.
Bu çayçı Rəşidin yaralı nöqtəsi idi: “Zəhmət çək, kirpiyinlə od götür, onunla-bununla üz-göz ol, müdirin zəhrimar sözlərini balsız-bəhməzsiz yeyə-yeyə qız böyüt, elə həddi-buluğa çatandan bir az sonra bir “hazırın-naziri” böyürdən çıxır ki, bəs qız mənimdi. Daha ondan soruşa bilmirsən ki, bala, camaat əziyyət çəkəndə sən harada idin?”
O, təxminən yüz dəfə bu cür fikirləşmiş və həmişə də belə nəticəyə gəlmişdi: “Bəs o vədə mənə niyə deyən olmadı ki, ay köpəyoğlu, biz qız yekəldəndə sən harda idin”. Yalnız bundan sonra sakitləşərdi. Bəzən də xəyalən lap gələcəyə gedər, on nəfər kürəkənin arasında əyləşib onlara məsləhət verərdi.
İbişin bacıları hamısı bir-birinə dəydi: “Qaqamızdan kağız gəlib”.
İbişin anası fır-fır fırlanırdı – oğlundan məktub gəlmişdi. Ailə o qədər sevinirdi ki, elə bil ki, uzaq olsun, məktub müharibədən – ön cəbhədən gəlib.
Zərfi açdılar. Qış günü tonqal başına yığışan kimi “məktubun başına” yığışdılar. Məktub oxumağı burdakı adamların ən savadlısı hesab olunan Tenkaya həvalə etdilər. Tenka elə böyük məsuliyyət və həyəcanla oxumağa başladı ki, elə bil teatr institutuna qəbul imtahanı verirdi.
- “Şanlı məktub. Əziz və hörmətli dədəm və nənəm”.
Çayçı Rəşidin arvadı özünü saxlaya bilmədi:
- Dədən də, nənən də, bacıların da sənə qurban!
- Arvad, dinmə görək.
- “Əvvəla salam ”.
- Əleykuməssəlam!
- Arvad, bəsdi!
- “İkinci, əgər zəhmət çəkib mən tərəfin əhvalı ilə maraqlanmaq istəsəniz, sağ və salamat varam”.
- Allah sənə şükür!
Çayçı Rəşid bu dəfə arvadına fikir vermədi, bilirdi ki, xeyri yoxdu, elə axıracan belə olacaq.
Tenka İbişin nənəsinin “müşayiəti” ilə “imtahan verib ” qurtardı. Məktubu yenə oxutdular, yenə qulaq asdılar...
İbiş yazırdı ki, yakutsk şəhərinə düşüb. Amma yazmırdı ki, soyuq olan yerdi, yoxsa isti.
Sevinişdilər, hələ belə sevinişməmişdilər...
Poçtalyon gözaydınlığı verib getmək istədi. Çayçı Rəşidin ailəsi hərə bir tərəfdən töküldülər üstünə ki, çörək yeməmiş hara gedirsən!
- Tenka, get o həştərxanın bir yekəsini kəs.
Tenka öz həmyaşıdına, İbişin böyük bacısına kimi ədasilə: “Aaaz, qəməltini ver görüm”, - dedi.
İbişin böyük bacısı tez qəməlti gətirdi, Tenka cəld aşağı düşdü, həştərxanın bir yekəsi canını tapşırdı, İbişin böyük bacısı həştərxanı yoldu. Tenka kömür qoydu, İbişin anası stol açdı, həştərxan kababının iyi hər yana yayıldı... Çayçı Rəşidə elə gəldi ki, bütün şəhər onun kabab bişirməyindən xəbərdardı.
Sonbeşik əkiz bacılardan başqa hamı stol arxasında əyləşdi. Çayçı Rəşidə elə gəldi ki, indi bütün şəhər onun süfrəsinə baxır.
- Ay arvad, ordan bir şüşə də çaxır ver. – Çayçı Rəşid Tenkaya baxdı.
- Bəs, demədin tut arağı içəcəyik?
- Tenka içəcək çaxırı.
Tenka İbişin böyük bacısına baxıb görkəmini dəyişdi: “Mən də yekəlmişəm”. İbişin böyük bacısı qızardı.
Çayçı Rəşid üzünü poçtalyona tutub dedi:
- Bir dəqiqə məni üzrlü hesab eləyin.
Telefon dəstəyini götürüb nömrə yığdı:
- Duuuuud...
Şəhərə təzə telefon çəkmişdilər. Ona görə də birinci zəngdən sonra mütləq dəstəyi götürürdülər. Elə bil ki, telefonun yanında növbə çəkirdilər.
- Bəli.
- Axşamınız xeyir, nə var nə yox, uşaqlar nətəhərdi?
Evdə milçək uçsaydı eşidilərdi. Ancaq bu sakitlik, milçək vızıltısını eşitmək məqsədi güdmürdü.
- Əli müəllim evdədi?
- Xeyr, yoxdu.
- Hara gedib?
- Vallah bilmirəm, yəqin klubda nərdtaxta oynayır.
- ...
- Xeyirdimi, ay Rəşid qardaş?
- Xeyir olmamış nə var ki, Əli müəllimdən soruşmaq istəyirdim ki, Yakutsk şəhəri soyuq olan yerdi, yoxsa isti.
- Yoxsa səfəriniz var?
- Yox, İbişdən kağız gəlib, yazır ki, Yakutsk şəhərinə düşmüşəm.
- Hə.
- Yaxşı, sağ ol.
Yedilər, içdilər. İbişin, ata-anasının, bacılarının, poçtalyonun, lap axırda isə Tenkanın sağlığına.
Tenka İbişin böyük bacısının yanında pərt olmuşdu: “Niyə mənim sağlığıma hamıdan sonra içdilər?”
Çayçı Rəşid Tenkaya söz verdi. Tenka “niyə mənim sağlığıma hamıdan sonra içdilər” dən vaz keçdi: “Deyəsən bu evdə mənim əməlli-başlı hörmətim var”.O, İbişin böyük bacısına gözucu baxıb ayağa qalxdı:
- İçək o sağlığa ki, İbiş əsgərlikdən gələn kimi evləndirək.
“Gurultulu alqışlar...”.
İbişin nənəsi:
- Ay Tenka, İbiş evlənən kimi səni də evləndirəcəm.
Tenka İbişin böyük bacısına baxdı.
Poçtalyon xudahafizləşib getdi.
Məclisə mürəbbəli çay gəldi.
Çayçı Rəşid coğrafiya dərsi deyən Əli müəllimə yenə zəng elədi. Gəlməmişdi.
İbişin böyük bacısı “Dünyanın siyasi xəritəsi”ni gətirdi. Nə qədər axtardılar, Yakutsk şəhərini tapa bilmədilər. Çayçı Rəşid elə bil tikan üstə oturmuşdu.
- Tenka, bilmirsən ora pambıq bitən yerdi, yoxsa yox?
- Bilmirəm...
Tenka ən çox İbişin böyük bacısından utandı.
İbişin anası sözə qarışdı:
- Deyəsən o şəhər Özbəkistan tərəfdədi.
Özbəkistanı ələk-vələk elədilər, yenə bir şey çıxmadı.
- Qırx dəfə demişəm ki, bilmədiyin şeyi danışma, ay dilinə qara yara çıxmışın qızı.
- Əşi, tay niyə hirsdənirsən? Özün dedin ki, pambıq olan yerdi, mən də dedim, bəlkə, Özbəkistandı, dayna.
Stolun üstünə bir az mürəbbə tökülmüşdü. Tenka özünün mədəni olduğunu göstərmək üçün kağızla silmək istədi. İbişin böyük bacısı:
- Kağıznan silmə, dava olar.
Çayçı Rəşid buna da dözdü...
Telefon zəng çaldı.
- Allo, Əli müəllimdi, bay sənin axşamın xeyir, Əli müəllim, Yakutsk soyuq olan yerdi, yoxsa isti.
- Mənim əsl ixtisasım tarixdi. Əgər tarixə aid sualınız varsa, buyurun.
- Tarixə aid sualım yoxdu... Yaxşı, sağ ol!
Otaqda var-gəl edib özündən çıxdı.
- Bay hökumətin müəllimlərə verdiyi pul burunlarından gəlsin, balalarının canından uzaq yerdə.
...Çayçı Rəşid Tenka ilə həyət darvazasından çıxanda axşam saat doqquz olardı. Qarşılarına “ağırayaqlı” hesab elədiyi qonşusu çıxdı. O kişi nə vaxt çayçı Rəşidin qabağına çıxsaydı işi tərsə düşərdi. Çayçı Rəşid yerin “üzünə “ tüpürüb saatına baxdı. Qaranlıqda heç nə görmədi.
- Tenka, sən get evə, yəqin indi Gülpəri bir Tenka da doğub.
Tenka dinməz ondan ayrıldı.
...Çayçı Rəşidin atası müharibənin ilk aylarında həlak olmuşdu. Üç ildən sonra özü müharibəyə getmiş, qayıdanda anasını sağ görməmişdi. O, tək oğlan idi. Heç kəsdən imdad gözləmirdi. Özü öz başını dolandırmalı, çörək qazanmalı idi. Birinci növbədə isə anasının qəbrinin üstünü götürməyi qarşısına məqsəd qoydu. İki ildən sonra anasının qəbrini düzəltdirdi. Başdaşına da yazdırdı ki, “oğlu Rəşiddən anası Məleykəyə yadigar”. Evləndi, sonra da ki, arvad-uşaq. Təhsil ala bilmədi. O, az savadlı olduğuna özünün böyük qəbahəti kimi baxırdı. Nə isə... Keçənə güzəşt deyərlər. Mərdimazara lənət!...
Saatına baxdı, sonra siqaret yandırdı. Qaranlıq yoldan işıqlı küçəyə çıxdı. Özünü yüngülləşdirmək üçün:

“Samavara od salmışam,
İstəkana qənd salmışam.
İbiş gedib tək qalmışam...”

Çayçı Rəşid on beş il olardı ki, bu yeganə xalq mahnısını ara-sıra zümzümə eləyərdi. İlk dəfə idi ki, bu mahnıya “yaradıcı şəkildə” yanaşmış və ona öz “əlavəsini” etmişdi. “Əlavə” çayçı Rəşidə çox xoş gəldi: “İbiş gedib tək qalmışam”. Kövrəldi.
O, siqareti baş barmağı ilə orta barmağının arasında sıxıb tulladı. İdarə müdirləri kimi cibindən bir topa açar çıxartdı, əlində oynada-oynada coğrafiya müəllimi axtarmağa getdi.

1976