Təyyarəmizi Taliban vurub-Yenilənib

teyyaremizi-taliban-vurub-yenilenib
Oxunma sayı: 779

İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin Əfqanıstanda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin adları açıqlanıb.

Hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımovun çərşənbə günü Trend-ə bunları bildirib:

1.Gəminin kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüd)
2. İkinci pilot Oleq Marşixin (1979-cu il)
3. Şturman İqor Çjen (1966-cı il)
4. Bort mühəndisi Vladimir Şatobin (1969-cu il)
5. Bort radisti Əhmədcan Xacayev (1955-ci il)
6. Bort operatoru Elnur Mahmudov (1981-ci il)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964-cü il)
8. Aviatexnik Əfqan Rəhimov (1980-ci il)
9. Aviatexnik Mehman Hüseynov (1962-ci il)

***

Əfqanıstanda qəzaya uğrayan təyyarənin bütün üzvləri həlak olub. Bu barədə Trendə hadisə baş verən əfqan əyalətinin başçısı Əbdülxalim Mudjaddadi məlumat verib. Onun sözlərinə görə, təyyarə yerli vaxtla saat 23:00-da qəzaya uğrayıb, Aksan kəndi yaxınlığındakı dağla toqquşandan sonra yanğın baş verib. Parvand əyalətinin polis nümayəndələrinin istintaq qrupu yaradılıb. Həlak olanların qalıqlarının axtarışına başlanılıb.

***

Taliban hərəkatı Azərbaycana məxsus olan təyyarənin qəzaya uğraması məsuliyyətini öz üzərinə götürüb. Hərəkatın nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, “Azərbaycan Hava Yolları”nın təyyarəsi “Taliban” tərəfindən vurulub. Məlumatı “Fars” agentliyi yayıb.

***

Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, Azərbaycan təyyarəsinin Əfqanıstanda havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Qafqazinfo” xəbər verir ki, Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata görə 06 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmişdir və radarlarda görüntüsü itmişdir. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirmişdir.
Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur, məlumatda bildirilir.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 05 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 1969-cu il təvəllüdlü 4576 saat uçuş təcrübəsi olan pilot - Kuzmin Sergey Viktoroviç olub.

Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.

***

Azərbaycanın AZAL aviaşirkətinə məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın Parvan vilayətində qəzaya uğrayıb.
«Trend»in məlumatına görə, qəzaya uğramış təyyarənin göyərtəsində 8 heyət üzvü olub.

«Associated Press» isə xəbər verir ki, təyyarə dağa çırpılıb.

Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, qəza dünən axşam saatlarında baş verib.

«Hələlik təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Yerli polis və ordu hissələri onun axtarışını davam etdirir», - deyə Əfqanıstanın «Ariana» dövlət aviaşirkətindən bildiriblər.
Təyyarənin heyət üzvlərinin taleyi haqda məlumat yoxdur.