“Bu, Azərbaycana adına ləkə olacaq” - Şərh

bu-azerbaycana-adina-leke-olacaq-serh
Oxunma sayı: 664

“Rəsmi Bakı Fransa Senatının “erməni soyqırımının” inkarına qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə səs verməyəcəyinə ümid edirdi. Ümidlər doğrulmadı. Senat da Fransa parlamentinin aşağı palatası kimi erməni lobbisinin maraqlarından çıxış etdi. Türkiyə hökuməti hadisələrin bu istiqamətdə inkişafına hazır idi və Fransa ilə münasibətlərə dair konkret plan ortaya qoyub. Çünki, Fransa prezidenti Nikola Sarkozinin erməni təəssübkeşliyini rəsmiləşdirməsi cavabsız qala bilməzdi.

Senatın qərarı bəlli olduqdan sonra “bəs rəsmi Bakının planı nədir” sualı xeyli aktuallaşıb.
Fransa Senatı bədnam qanunu təsdiq edərkən, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edirdilər. Prezidentlərin birgə qəbul etdikləri bəyanatda belə bir ifadə yer alıb: “Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirib və ümid etdiklərini bildiriblər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq münaqişənin tənzimlənməsində bundan sonra da regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar”.

Bu ifadənin hansı dövlətin təşəbbüsü il bəyanata salındığını söyləmək çətindir. Hazırkı həssas məqamda bu bəndin - Fransanın adının müsbət mənada hallandırılmasının Azərbaycanın maraqlarına cavab vermədiyini vurğulamaq lazımdır.

Senatın qərarı Fransanın ermənipərəst mövqeyinin rəsmiləşdirməsi deməkdir. Xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə rəsmi Bakının Fransa ilə bağlı hansı addımlar atacağına dair suala belə cavab vermişdi ki, hələ Senatın qərarını gözləmək lazımdır. Senatın qərarı ortadadır.

Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində erməni tərəfinə keçdiyini imzasıyla təsdiq etdi. Mən şübhə etmirəm ki, Nikola Sarkozi yaxın günlərdə bu bədnam qanunu təsdiq edəcək. Belə olan halda Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyini – Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyini heç nə olmamış kimi davam etdirməsi Azərbaycan adına ləkədir. Biz bu ləkəni üzərimizdən təmizləməliyik. Fransanın həmsədrlikdən uzaqlaşdırılması proseduruna baş vurmalıyıq. Aydındır ki, bu prosedur xeyli vaxt aparacaq, məsələ uzana da bilər. Ancaq bu işə başlamaq lazımdır ki, Paris, Ankara, İrəvan və ətraf aləm bizim narahat olduğumuzu anlasın. Boş dayanmaq olmaz. Əks halda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gələcək. Hazırda Türkiyə hakimiyyəti, siyasi dairələri və ictimaiyyəti Azərbaycandan ciddi və real addımlar gözləyir. Bu bizim həm də müttəfiqlik borcumuzdur. Necə ki, Türkiyə Ermənistanla Sürixdə protokollar imzaladıqda rəsmi Bakı Ankaranın müttəfqliyə xələl gətirməməsini istədi və bunun nəticəsində sənədlər Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilmədi, eləcə də indi Ankara Bakıdan bu müttəfiqliyə sadiq qalmasını istəyir. Obyektiv istəkdir. Müttəfiqliq qarşılıqlı öhdəliyi nəzərdə tutur.

Ona görə də elə günü bu gün, bu saatlarda Azərbaycan prezidenti yanında Təhlükəsizlik Şurasının toplanmasına, Xarici İşlər Nazirliyinin isə Fransa ilə bağlı konkret hansı addımlar atacağını müəyyənləşdirən plan hazırlamasına ehtiyac var”.