Bu şəhid məzarlarının da kimliyi məlum deyil

bu-sehid-mezarlarinin-da-kimliyi-melum-deyil
Oxunma sayı: 2546

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.

Bundan öncə paytaxtın Mərdəkan və Qobustan qəsəbələri, Abşeron rayonun Fatmayı kəndindəki adsız məzarlarla bağlı araşdırma aparan Q.Yunusoğlu bu dəfə Binəqədi rayonunun Xocasən qəsəbəsindəki türk şəhid məzarları haqda məqaləsini “Qafqazinfo”ya təqdim edib.

Məqalədə qeyd olunur ki, Xocasən qəsəbəsi ərazisindəki (əski Hacı Həsən kəndi) üç qəbirstanlıqdan ən qədimi 1500 illik tarixə malik  olanı “Pəhlivanilər” hazırda  Hası Həsən gölünün suları altındadır.   Az bir hissəsi isə avtomobil yolunun alt hissəsində torpaq-tullantı qalaqları ilə örtülüb. Bu qəbirstanlığın “Burun” adlanan yerində 1918-ci ilin aprel-avqust aylarında dövlətimizin sərhədləri hüdudunda gedən qanlı döyüşlər ərzində  hay (erməni)-bolşevik qırıcı quldur dəstələri ilə vuruşda (həmin döyüşlər nəticəsində 120 evi olan bu kəndin 44 sakini həlak olub) 5-ci  Qafqaz İslam Ordusunun  şəhid olan  türk əsgərinin dəfn edilməsi barədə yaşlı kənd sakinlərindən Yarəhməd Ağabəy oğlu (1930-2015),Teybə       

Vəliyeva (1912-2009), Xədicə Manafova (1910-2006)   məlumat veriblər. Lakin həmin qəbirin yerini tapmaq mümkün olmayıb. Bu kəndin ərazisindəki  digər qəbirstanlıqda yeri məlum, amma adı-soyadı naməlum  olan Şəhid türk əsgərinin məzarını itib-batmağa qoymayan kənd sakinləri (Manaf Kərimov bə başqaları) onu abadlaşdırmağa başlayıblar və o qəbir camaat arasında “Əmanət qəbir” adlanır. Qəbirin üzü qibləyə yox, döyüş səngərinə tərəf çevrilib. Bu qəbirin bərpa edilməsi və abadlaşdırılması  işləri hələ ki, başa çatdırılmayıb. Xocasən qəsəbəsi ərazisində Şəhid olan daha iki türk əsgərinin qəbri  yaşlı kənd sakinlərinin Fərrux Baləli oğlu Əsgərovun, Zahir Məmmədbaba oğlu Qafarovun, Manaf İsrafil oğlu Kərimovun, İrfa Hüseyn oğlunun  bildirdiyinə görə keçən əsrin 50-ci illərinə qədər köhnə qəbirstanlıqda olub. Sonralar kəndin ərazisi böyüdüyündən  həmin qəbirlər qəsəbədə “Yeni yol” küçəsi altında qalıbıb. 

Ümumilikdə, bu qəsəbədə 4 türk döyüşçüsü Şəhid olmuşdur ki, onların adı-soyadı  barədə  paytaxtımızın Şəhidlər xiyabanında ucaldılmış “Bakı Türk Şəhidliyi”ndə mərmər-ünvan lövhələrdə həkk olunub.                                      

Şəhid ruhların qovuşduğu məkan

Salyan şəhərinin cənub-qərbində yerləşən məzarlıqda Türkiyə Cumhuriyyətinin və Azərbaycan Respublikasının dövlət bayraqları dalğalanır ki, bu da həmin yerdə uyuyan türk döyüşçülərinin müqəddəs qəbrinin olduğunu bildirir. Burada 1918-ci illərdə  mərkəzi  Salyan şəhəri  olmuş Cavad qəzasında   Kür çayınının mənsəbindən keçib gələn və dinc azərbaycanlılara qarşı soyqırım törədən hay (erməni)-bolşevik silahlılarına qarşı qardaşlıq yardımı göstərərək vuruşarkən Şəhid olmuş türk zabiti Ömər paşa və adı-soyadı naməlum türk əsgəri dəfn edilmişdir. Qəbirlərin  əvvəlki yeri indiki məkandan 100 metrə qədər aralı olmuşdur. 

 Abidə-kompleks Salyan Rayon İcra Hakimiyyəti və Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən abadlaşdırılaraq 14 sentyabr 2012-ci ildə istifadəyə verilmişdir. Qəbirlərin üzərində “Bu qəbir 1918 (1337)-ci ildə  vəfat etmiş Ömər paşanındır” və “Naməlum şəhid türk əsgərinin məzarı” sözləri yazılmışdır. İri daş divara isə “1918 den beri Şehitlərimizi kalbinizdə yaşattığınız üçün minnetdarız” cümləsi həkk edilib. 

Məlumat üçün bildirək ki, Bakı şəhərində  ucaldılmış “Bakı Türk Şəhidliyi”ndə  Salyan şəhərində şəhid olmuş türk döyüşçülərindən Mehmet oğlu Ər Hüseynin adı, doğum tarixi 1308, yeri Manisa şəhəri, Şəhidlik tarixi 1334, son məkanı Salyan müharibəsi və Davud oğlu Ər Mustafa, 1312, Ankara, 1334, Salyan müharibəsi  kimi qeyd olunmuşdur.   

Rayonun Kürqaraqaşlı inzibati-ərazi dairəsinə daxil olan (məlumata görə bu bölgənin ən ağır döyüşləri və qırğınları məhz Kürqaraqaşlı, Beşdəli, Cəngən və Ərəbqardaşbəyli kəndlərində olmuşdur)  Ərəbqardaşbəyli kəndinin (əski adı Ərəb Bəbirxanlı olmuşdur) 1911-12-ci illərdə tikilmiş məscidinin (1988-ci ildə yenidə bərpa edilmiş 19.04.2010-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır) həyətində kənd ağsaqqalı Hacı Əlihüseyn Səfərov (1933-2010) tərəfindən yuxarıda qeyd edilən döyüşlər zamanı bu kəndin həlak olan Şəhid 26 nəfərinin (Nəzir Aslan oğlu, Nəzir Ağayar oğlu, Hacı İsmayıl oğlu, Məşdi Məmmədəli,  Həşim Ələsgər oğlu...) adı rəmzi olaraq yazılsa da bu məzarda adı-soyadı bilinməyən türk əsgərinin nəşi uyuyur. Qəbir daşdan yonulmuş sinə və başdaşından ibarətdir. Bu qəbir daşında həmin döyüşlərdə iştirak edən, lakin sonrakı illərdə vəfat edərək kənd qəbirstanlığında dəfn olunanların da adları  (Məcid İslam oğlu, Abbas Əslan oğlu, Əli Hüseyn oğlu) yazılıb.