Uduzduğumuz müharibələr

uduzdugumuz-muharibeler
Oxunma sayı: 635

***
Əvvəlcə başlayaq klassik anlamda müharibədən. Yəni, odlu silahla aparılan müharibədən. Uduzduğumuz faktdır. Qarabağ erməni əsgəri qüvvələrinin nəzarətindədir.

Azərbaycan buna qarşı təpki göstərmək üçün sürətlə silahlanır. Amma bu silahlanma hələ ki, bəhrəsini verməyib. Bu yerdə Azərbaycan Silahlı Qüvvələrinin durumunu təhlil etmək olardı. Amma bu ayrıca mövzudur. Bu barədə sonra. Və həm də nəzərə almaq lazımdır ki, Silahlı Qüvvələr hərbi məğlubiyyətimizdə məsuliyyəti olan komponentlərdən ancaq biridir.

***
İndi rəsmi Bakının ağız dolusu danışdığı bir müharibə var. Diplomatiya müharibəsi. Prezidenti İlham Əliyev bir neçə il əvvəl diplomatlarımıza hücum əmri də verib. Doğrudur, diplomatlarımızın müxtəlif vaxtlarda taktiki manevrlərinin və düşmən mövqelərinə həmlələrinin şahidi də olmuşuq. Amma nəticə yoxdur. Azərbaycan hələ də bu müharibədə uğur qazana bilmir. Zaman-zaman düşmən mövqelərinə həmlələri qələbə kimi təqdim etməyə cəhdlər edilir. Amma nəticəyə nəzər salaq - Ermənistana beynəlxalq aləmdə “dur” deyilmir, əvəzində isə Azərbaycandan güzəştlər tələb olunur. Deməli, diplomatyamızın hücumları nəticə verməyib.

***
Bu gün ən acınacaqlı vəziyyət informasiya müharibəsindədir. Əgər qlobal şəbəkənin, yəni internetin ən populyar axtarış resursunda Azərbaycan Respublikasının Ağdam rayonunun adı Akna göstərilirsə, deməli, vəziyyətimiz çox pisdir. Hələ nəzərə alsaq ki, sözügedən – “Google-Maps” axtarış sisatemində adı dəyişdirilən coğrafi məkanlar təkcə Ağdam, Fizuli, Kəlbəcər, Laçın, Şuşa deyil. Ən xırda yaşayış məntəqələrinin belə adı dəyişdirilib, erməniləşdirilib.
Digər internet resurslarında da vəziyyət acınacaqlıdır.
Digərlərindən fərqli olaraq, müharibədə vəziyyəti dəyişmək imkanlarımız mövcuddur və bu dəyişikliyin başqa müstəvilərdə müsbət inikası ola bilər. Pul var, intellektual potensial var və hətta bu yaxınlarda özümüzün peykimiz də olacaq. Bəs niyə vəziyyəti dəyişə bilmirik?
Bir neçə həftə əvvəl moderatoru olduğum tədbirlərin birində Milli Qəhrəman Allahverdi Bağırov və onun Xocalı faciəsindən sonra girovları azad etməsi üçün necə əziyyətlər çəkdiyindən danışdım. Tədbirdə iştirak edən, müasir texnologiyalardan və digər resurslardan kifayət qədər istifadə imkanı və bacarığı olan, lakin Allahverdi Bağırovun kimliyindən xəbəri olmayan bir gənc mənə sual ünvanladı: “Allahverdi Bağırov haqda daha geniş məlumat ala bilərəm?”
Bu sual məni düşünməyə və yaranmış situasiyanı araşdırmağa vadar etdi.
Nəticə acınacaqlı idi.
Müasir texnologiyalardan və resurslardan istifadə imkanı olan gənclərin böyük əksəriyyətinin Qarabağ həqiqətlərindən xəbəri yoxdur. Qarabağ həqiqətlərindən məlumatlı olanların böyük əksəriyyətinin isə müasir texnologiya və resurslardan istifadə imkanları yoxdur. Elə hallar da var ki, müasir texnologiya və resurslardan istifadə imkanlarına malik, Qarabağ həqiqətlərindən xəbərdar olanların vətənpərvərliyi şüarçilqdan o yana getmir. Nəticədə isə nəyi, harada, necə və nə zaman demək problemi bizi məğlub duruma düşəcəyimiz qədər geri salır.
Bu məsələdə vahid koordinasiya olunmuş siyasət yeridilməsi mütləq şərt olsa da, hələlik bu yoxdur. Amma vəziyyətin dəyişməsi üçün yetərli imkanlar var.
Biz isə bir millət olaraq Azərbaycanın iqtisadiyyat, mədəniyyət və idman sahəsindəki uğurlarını başımızın altına yastıq kimi qoyub mürgüləyirik. Və hələ ki, Qarabağı yuxularımızda görürük.