“Bunların kürkünə birə salan regiondakı proseslərdir”

bunlarin-kurkune-bire-salan-regiondaki-proseslerdir
Oxunma sayı: 2582

Avropa Parlamentinin qəbul etdiyi qətnaməni əslində təbii qarşılamaq lazımdır. Başqa nə gözləyirdik ki?

Narahatlığa, həyəcana, emosional reaksiyalara ehtiyac yoxdur. Bu həqiqəti dərk etməliyik: Avropa Parlamentinin və bu kimi kontor mahiyyətli digər qurumların məsələlərə ədalət prizmasından yanaşmaq kimi ənənəsi yoxdur və heç vaxt da olmayıb. Hadisələri həmişə maraqların diqtəsi ilə qiymətləndiriblər…  Öz yurd-yuvasından qovulmuş bir milyondan artıq azərbaycanlıya görə Ermənistana qarşı bir dəfə də olsun “gözünü ağartmayan”, əvəzində torpaqlarımızın işğal faktına haqq qazandırmağa yönəlmiş davranışları və məsələlərə daha çox “kilsə bağlılığı” müstəvisindən yanaşmaqla diqqət çəkən bir qurumdan hansı ədaləti gözləyə bilərik ki? 

***

Dünən qətnamə barədə xəbəri oxuyarkən, yadıma Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi düşdü. Xatırlayıram, Prezident İlham Əliyev Ramil Səfərovu əfv edən kimi, Avropa Parlamentinin deputatları buna etiraz etməyə qalxdılar. Aralarında dünənki qətnamənin müəllifləri də var idi. Onda da qətnamə qəbul etmişdilər. Sənəddə Ramil Səfərovun azadlığa buraxılması “təxribatçı addım” kimi qiymətləndirilmişdi. Qətnamənin az qala hər bəndində Səfərovun əfv olunmasının  “böyük təəssüf hissi ilə” qarşılandığı qeyd olunurdu. Dünənki müzakirələrdə özünə əl qataraq Azərbaycana qarşı çıxış edən portuqaliyalı deputat Anna Qomes isə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına görə Azərbaycanın “ciddi şəkildə cəzalandırılmasını” tələb edirdi. Ermənistan mətbuatında manşetlərdən düşməyən bu qadın, o vaxtdan açıq işarələr edirdi ki, Ramil Səfərovu azadlığa buraxdığına görə İlham Əliyevdən “qisas alacaq”.  “Azərbaycan etnik terror atmosferi yaratdığına görə mütləq cəzalandırılmalıdır” –  Bunu da həmin bu “alovlu demokrat” demişdi.

***

Torpağı işğal olunmuş, uşaqlığı əlindən alınmış, erməni vəhşiliklərini gözlərilə görmüş azərbaycanlı zabitin bayrağı təhqir olunduğuna görə atdığı addımı həzm edə bilməyən, onun azadlığa buraxılmasına görə saçını yolan avropalı “xalalar”, indi başqa bir azərbaycanlının azadlığa çıxması üçün Azərbaycana diş qıcayır, buynuz göstərirlər. Biri erməni öldürüb – ömrünün sonuna qədər həbsdə qalmasını istəyirdilər. Biri isə vasitədir – elə həm də Ramil Səfərovun azadlığına görə Azərbaycan dövlətindən və Prezidentindən “qisas” almaq vasitəsi. Birinci silaha sarılacağı günü gözləyir. İkinci isə erməniyə çırtma belə vurmağı heç vaxt ağlından keçirməyib, bundan sonra heç keçirməz…

Mahiyyətləri budur – maraqlarına cavab verməyən addımlar atanda “cəza qətnamələri” hazırlamağa girişir, amma Azərbaycanlıların soyqırımı, dədə-baba torpaqlarından qovulması, əsirlikdə olanlara ağır işgəncələr verilməsi, iki azərbaycanlının öz elinə ayaq basdığına görə tutularaq ağır cəzaya məhkum edilməsi, birinin isə öz halal torpağında erməni quldurları tərəfindən güllələnməsi və ən nəhayət torpaqlarımızın işğal altında saxlanılmasına görə Ermənistandan  “qisas” almaq barədə düşünmürlər. Hələ bu vaxta qədər əl boyda sənəd qəbul edib deməyiblər ki, ay belə belə olmuşlar,  bir milyondan artıq insanın HAQQI VƏ HÜQUQUNA güllə atmısız!

***

Çox narahatdırlar. Azərbaycanın region ölkələrilə münasibətlərini daha da istiləşdirməsi, bunların ölkəmizlə bağlı proqram və planlarına daxil deyil. Azərbaycan dövləti öz ərazisindən kimlərinsə "platsdarm" kimi istifadə etməsinə imkan vermir. Bir ölkənin başqa bir ölkəyə və ya ölkələrə qarşı qurduğu oyunlarda rol almır.  Bir sözlə, xarici havalara heç vaxt qol götürüb oynamırıq deyə, Mehmanın “südlü aksiyasını” dünya müstəvisinə qaldırırlar.

Bunların kürkünə birə salan, həm də regiondakı proseslərdir. Görürlər ki, regiondakı mövqelərini getdikcə möhkəmləndirib təsir imkanlarını genişləndirən Azərbaycan,  Ermənistanı tamamilə dalana dirəyir. Qarşısını almağa, Azərbaycanı tutduğu yoldan çəkindirməyə çalışırlar.

Bu yol onlar üçün arzulanan deyil.

Bu yol maraqlarına cavab vermir.

Bu yol bizi QARABAĞA aparır!

***

2015-ci ildə də oxşar qətnamələri olmuşdu. Onda da düşmənçilik elementlərini sənəddəki bəndlərin yerinə düzmüşdülər. Ümid edirdilər ki, bununla balaca gördükləri ölkəni qorxudub küncə sıxışdıracaqlar. Amma olmadı. Prezident cavalarını verdi: “Bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etdirmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.

Nicat Dağlar