“Yaxşı tutaq ki, deyir, bəs, bu ailə-məişət komediyasının “Ulduz” jurnalının gənc yazar Aysel Əlizadənin redaktorluğu ilə çıxan son sayına nə dəxli var?”, - deyə soruşa bilərsiniz. Axı yazımızın əsas mövzusu dərginin ədəbiyyatımızın gənc ledisinin redaktorluğu ilə çıxan sözügedən sayıdır. Amma söhbətə qaynananın tipik bakılı koloriti ilə dediyi sözlərlə başlamağımız da bakılılar demişkən, bica deyil. Niyə? Gəlin bunun üçün dərgini vərəqləyək!
Ondan başlayaq ki, “Ulduz”un gənc ulduzlara etibar olunması kiminsə şıltağı, fərdi istəyinin nəticəsi olmayıb, məqsədyönlü gəncləşmə tələbinin zəruri nəticəsidir. Romantik pafosu bir yana qoysaq, Cavid demişkən, “Lazımsa cəhalətlə güləşmək, bir çarə var ancaq, yeniləşmək!” Bəli, gənc cəmiyyətimizdə ədəbiyyat da gəncləşməlidir və özünüifadə üçün yaşıl qələmlərə meydan verilməlidir. “Demirsiniz ki, biz yeni ruhun, yeni fikrin daşıyıcılarıyıq, amma qocalar bizə meydan vermir? Buyurun, bu meydan, bu da siz, di qabiliyyətinizi göstərin”. AYB rəhbərliyinin son iki ildə müəyyən fasilələrlə dərginin bir neçə sayını cavanların öhdəsinə buraxmaq kimi eksperimentə getməsi gənclərin yaradıcılıq enerjisini daha dərindən üzə çıxarmaq və gənclik dərgisi olan “Ulduz”un gələcək kadr potensialını dəqiqləşdirməklə yanaşı, həm də gənclər-qocalar müstəvisində sözügedən qarşıdurma enerjisini tənzimləmək məqsədindən doğur. Həm də nəzərə alın ki, qarşıdan Azərbaycan Yazıçılar Birliyinin zəruri kadr islahatları vəd edən və növbəsi çoxdan keçən növbəti qurultayı gəlir.
Aysel xanımın bu işi dərginin gənc yazarların redaktorluğu ilə çıxan üçüncü sayıdır. Elementar məntiq də, Darvinin təkamül nəzəriyyəsi də tələb edir ki, hər say özündən öncəkindən fərqli və əlbəttə ki, daha təkmil olsun. Aysel xanımın təşkilatçılıq qabiliyyəti, savadı, zövqü və bədii istedadına inanan birisi kimi, şəxsən mən bu saydan çox şeylər gözləyirdim. Eyni dərəcədə güvəndiyim gənc yazarlar Qismət və Cavid Zeynallının redaktorluğu ilə nəşr olunan əvvəlki iki saydan da gözlədiyim, amma təəssüf ki, görmədiyim bir çox şeyləri... Axı atalar üçəcən deyiblər. İki dəfə dirəyə dəyib qayıdan top axır ki, qapıdan keçməliydi, ya yox? Təəssüf ki, dərginin əvvəlki iki sayı ilə müqayisədə hər hansı ciddi fərq (və irəliləyişdən!) birmənalı danışmağa imkan verməyən bu say da, yumşaq desək, ümidlərimizi doğrultmadı. Və hətta top bu dəfə qapıdan ümumən yan keçdi... Jurnal Darvinin təkamül nəzəriyyəsi yox, induistlərin tənəzzül ideyasını təsdiq etdi.
2004-cü ildən bəri “Ulduz”a baş redaktorluq edən E.Hüseynbəyli və onun komandası özlərindən öncəki Ə.Salahzadə “administrasiyasından” ən azı bir məsələdə fərqlənə bildilər – jurnalın az qala 68-ci ildən qalan cildini dəyişdilər. Hərdən çaşıb gənclik yaşları ilə çoxdan vidalaşmış mesenat H. Mirələmov və seks-simvol N. Atəşini üz qabığına çıxarmalarına baxmayaraq, “Ulduz”un müəllif tərkibində radikal gəncləşmə prosesi getdi, gələcəyinə dair ümidlər doğuran imzalar debütlərini elədilər, oxucu diqqətini az-çox çəkən yeni rubrikalar açıldı. Nəticədə jurnalın çağdaşlığa uyğun daha sərbəst, daha demokratik imici formalaşdı. Bəs, Qismət, Cavid və Aysel gələcək baş redaktor olaraq E.Hüseynbəylidən nədə fərqləndilər, jurnalprobdan necə keçdilər? Onları bu rola çəkmək olarmı?
Əvvəl jurnalın üzü, sonra içi! Aysel xanım ənənənin əksinə olaraq, müəlliflərin şəkillərini jurnalın içi yox, üz qabığına qoyur və fərqinə varmır ki, bunlar nizamilər, füzulilər, natəvanlar deyil, yəni oxucu kütləsinin hələ tanımadığı bu şəxslərin şəkillərinin altında adlarını da qeyd etmək lazımdır. Bu dizayn “yeniliyinin” nəticəsi isə o olur ki, oxucu hansı şəklin hansı imzaya məxsus olduğunu sadəcə olaraq müəyyən edə bilmir.
Bəzi müəlliflərin şəkli hansısa mülahizələrlə üz qabığına çıxarılmadığı halda, bəzilərinin şəkli yenə də hansısa mülahizələrlə iki dəfə nümayiş etdirilir. Şəkillərin əksərən tutqunluğu onların sifətini görməyə imkan vermir. Nəticədə jurnal gənc imzalarla oxucunun vizual tanışlığı vəzifəsini yerinə yetirə bilmir. Gənc qələmdaşlarını oxuculara tanıtmaq və sevdirmək istədiyinə şübhə etmədiyimiz Aysel xanım əvvəlcə gözün görüb, sonra könlün sevdiyini nədənsə unudur. Ki, biz yüz dəfə eşitməkdənsə, bir dəfə görmək zamanının insanlarıyıq.
Jurnalın arxa qapağında üç aya yaxın İranda həbsdə olan gənc şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin şəkilləri qoyulub. Və onların bu kədərli, mağmın durumu “Arşın malalan” filminin finalında faytonun arxasına oturdulan Vəliylə Tellini xatırladır. Halbuki məhbus şairləri üz qapağına çıxarmaqla Aysel xanım bir gülləylə iki hədəfə vura bilərdi: birincisi, bu, gənc şairlərin İran hökuməti tərəfindən haqsız saxlanımasına qarşı etirazın “Ulduz” versiyası olardı; ikincisi, üç aydan bəri ekran, efir, mətbuat və internet saytlarının əsil ulduzuna çevrilən bu gənclərin şəkli kioskların yanından keçən hər kəsin diqqətini “Ulduz”a cəlb edər, jurnalın uğurlu satışının qarantına çevrilə bilərdi. Nəsə, şans qaçırılıb və gəlin bu məsələdə Aysel xanımın xətrinə dəyməyək! Onsuz da onun jurnalın sözügedən sayına məsul redaktor olması ilə bağlı titul səhifəsində məlumat verməməklə Elçin Hüseynbəyli onun xətrinə dəyibdir. Və Elçindən bunun səbəbini soruşduqda, bu məsələ ilə baş redaktorun müavini Qulu Ağsəsin məşğul olduğunu bildirdi. Istər Elçin olsun, istrə Qulu, bu, bir məsələni dəyişmir. Jurnalın titul səhifəsində yaxşı-pis, fərqi yoxdur, zəhməti keçən gəncə bir imzalıq yeri qıymır, sonra da öz yerini bizə verməməkdə özümüzdən qocaları qınayırıq. Demək, biz də qocalırıq, Elçin əfəndi, qocalırıq!..
Baryer barədə bu qədər, keçək interyerə. Yenə də bədii redaktor Ədalət Həsənin 60-cı illəri yada salan romantik üslublu şəkilləri, hərdən də internetdən götürülən və özəl cəlbediciliyi ilə seçilməyən illüstrasiyalar. Vəssəlam! Aysel xanımın naşir və redaktor təxəyyülü burdan o yana keçmir. Məncə, jurnalın təkcə redaktor və müəllifləri yox, rəssamı da gənc imza olmalı və onun dizayn tərtibatı gəncliyin daimi axtarışlardan usanmayan, yenilikçi, üsyankar, narahat ruhunun vizual ifadəsinə çevrilməliydi. Aysel xanım öz yaşıdlarının yaradıcılığına gəncin gözüylə yox, qocanın eynəyi ilə baxıb.
Mənim isə jurnalda dərc olunan materiallara tənqidi baxış etməkdə eynəyə-filana ehtiyacım olmadı. Necə deyərlər, fakt göz qabağında idi. Ən çox narazılıq doğuran müəlliflərin bir çoxu üçün səciyyəvi olan kübar görünmək xatirinə kübarlıq cəhdi, snobist əda, avropasentrist ovqatdır. Bunu görmək üçün Günel Xəzəlin orijinal əsərdən daha çox tərcüməni xatırladan, hekayədən daha çox roman rezyümesini yada salan, əhvalatçılığıhn hekayəçiliyi üstələdiyi “Berta” hekayəsi və Yeganə Cansailin nə tematikası, üslubu, nə də ideyası ilə seçilməyən “Jezebel” hekayələrinin eləcə sərlövhəsinə baxmaq kifayətdir. Nərmin Hüseynzadənin lirik qəhrəmanının rəqibəsiinin adı məhz Eliziyadır!. Axı bu gənc xanımlar bertaları, yezebelləri, eliziyaları harda gördülər ki, hətta onlardan hekayələr, şeirlər də yazdılar? Rus yazıçılarının həyatı və Avropa yazıçıları ilə bağlı internetdən götürülmüş lətifələri dərc etdirən Ayxan Ayvazın ağlına da gəlmir ki, hər gün üz-üzə gəldiyimiz yazıçıların, tutaq ki, Murad Köhnəqalanın, Əlisəmid Kürün, Seyran Səxavətin və s. həyatı və lətifələri oxucular üçün qat-qat maraqlı ola bilərdi! Jurnal sözün həqiqi mənasında oxunar, əldən-ələ gəzər, dildən-dilə düşərdi. Ruslan Mollayev Kiplinqdən yazır və fərqinə varmır ki, sadəcə Vikipediyaya daxil olmaqla Kiplinq haqqında N sayda məlumat əldə etmək olar. Müəlliflərdən biri öz avropasentrizmində hətta bir addım da qabağa atıb özünü Romeo imzası ilə təqdim edir və sə və sə və s.
Milli ədəbi köklərə bağlı yazılar da xüsusi maraq doğurmur. C.Zeynallının “Bu gün sevməsələr də...” yazısında böyük ədəbiyyatşünas M.Rəfiliyə ağısı çağırılmış bayatı təsiri bağışlayır. Halbuki Cavidin daha orijinal bir yazıyla görünməyə kifayət qədər potensialı varıydı. Çünki söhbət təqaüd almaq üçün AYB-yə daxil olan, Gənc Ədiblər Məktəbi üzvlüyünə girən sıravi söz möhtəkirindən, ədəbiyyat alverçisindən yox, özündən on yaş aşağı və on yaş yuxarı nəsr iddiasında olanların demək olar ki, hamısından seçilən ciddi imzadan gedir. Ciddi imzaya qarşı tələb də ciddi olmalıdır və hesab edirəm ki, əzizimiz Cavid mənim bu qınağımdakı səmimiyyətə şübhə etməyəcək.
Elxan Yurdoğlunun Eynəli bəy Sultanovdan təqdim etdiyi “Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır” yazısı isə gənclik dərgisindən daha çox Akademiyanın ədəbiyyat İnstitutunun elmi-teamtik dərgiləri üçün yararlı ola bilərdi.
Ədəbiyyatın ən böyük təsir mənbəyi həyatın özü, istedadın ilkin əlaməti təkrarsızlıq, orijinallıqdır. Elxanın şeirlərindən Rəsul Rzanın, Ramil Colavdarlının şeirlərindən R.Rövşənin, Elmar Şahmarın şeirlərindən V.Səmədoğlu və hətta Aqşinin səsi gəlir. Rəbiqə Nazimqızı modern üslubda yazdığı “Qum dənəsi” hekayəsində qadın-kişi münasibətləri, ümumən mıəhəbbətə Anarın beşmərtəbəsinin altıncı mərtəbəsindən baxır. Halbuki indi Bakıda 20, 30, hətta 40 mərtəbəli göydələnlər inşa olunur. Daha inşa vaxtı deyil.
Hər ədəbi nəsil öz ədəbi tənqidçisi ilə birlikdə meydana çıxır və o, tənqidçi sözügedən nəslin düşünən beyni olur. Nə Aysel xanımın istedadlı şairə Qumru Zeynallıya yazıdığı ön sözdəki səmimiyyət, nə də Tünzalənin teatr-tamaşaçı probleminıə həsr olunmuş “Antrakt” yazısındakı kifayət qədər ağıılı və obyektiv münasibət hələ belə bir tənqidçinin varlığından xəbər vermir. Ümumən götürəndə, jurnalda ən yeni ədəbi nəslin yaradıcılığını təhlilə çəkən gənc, heç olmasa qoca tənqidçi imzasına ehtiyac varıydı. Çünki hər hansı bədii fakt yalnız analitik süzgəcindən keçəndən sonra özünün təsdiqini tapır.
Jurnalda dərc olunmuş bədiim materiallar, xüsusən də şeirlərlə bağlı iki cəhətin tənqidini xüsusən önəmli sayırıq. Birincisi, mövzu qıtlığı, ah məhəbbət, of məhəbbət, uf, uf, uf, məhəbbət! Doğrudanmı, bizim gəncliyin bədii təxəyyülü öz fərdi hisslərinin təsvirindən, özüylə oynamaqdan o yana keçmir. Məncə, ən böyük ədəbiyyat yazıçının özü qurtaran yerdə başlayır. İkincisi, əksər gənc yazarların ifrat ciddiyyəti, gülüş ruhundan, yumor hissindən az qala məhrumluğu! Sənət dünyanı xilas edə bilməz! Onun gücü olsa-olsa, insandakı gülüş ruhunu oyatmağa yetərlidir! Özü də bunu sadəcə mən demirəm, çağdaş dünya ədəbi-estetik fikrinin patriarxları U.Eko, O.Qasset deyir. Və bir də əlbəttə ki, həyatın özü deyir. Məsələn, uzağa getməyək, Salamın 90-cı illərdə, Murad Köhnəqalanın son illərdəki bədii uğurlarının əsasında onların şeirlərindəki yumor, ironiya, bir sözlə, gülüş ruhu durmurmu? Oxucunun, ümumən insanın kədər limiti dolub və sənətin mayəsi sadəcə qəm deyil. Müasir sənətin ən böyük ciddiyyəti onun “qeyri-ciddiliyindədir”.
Bu baxımdan jurnaldakı bir müəllif - “Dolmafobiya” hekayəsinin müəllifi Aslan Cəfərli haqqında ayrıca danışmaq istəyirəm. Dünyaya milli mətbəxlə (dolmayla!) çıxmaq cəhdinin iflası mövzusunda yazılmış hekayə istər fərdi və milli özünüifşa ideyası, istərsə də fraqmentar üslubu ilə postmodern təfəkkürün məhsuludur. Ən başlıcası, hekayədəki iddiasız gülüş ruhu, sirayətedici yumor duyğusudur. Təəssüf ki, müasir ruhla müasir üslubun birləşdiyi belə yazılar jurnalda çox deyil. Ümumən, götürəndə, Aysel xanımın müəllif seçimində bir təsadüfilik hiss olunur. Bölgələrdə, ölkə sərhədlərindən kənarlarda yaşayan müəlliflər diqqətdən kənarda qalır. Gənclərin dərc etdiyi əvvəlki saylarda da yer alan müəlliflərə təkrarən meydan verilir və s.
Hə, gəlib çatdıq sözümüzün sonuna. İndi bildinizmi, niyə sözümə “Qaynana” filmiylə başlamışdıq? Amma filmdə hər şey yaxşılıqla bitir axı: biz mehriban ailəyik, gəlin, dostlar, deyək-gülək! Tənqidlərimdən inciyənlər də sözlərimi zarafata yoza bilərlər...