Vox Populi

vox-populi
Oxunma sayı: 641

Bu üç nəfər ibarətdir YAP-çı deputat Siyavuş Novruzov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və ilhamverici səsi olan digər deputat Zahid Orucdan. Doğrusu, Zahid Orucun adı heç oxucumuzun yadına düşmürdü, telefonda “o Bərdədən deputat qoyulan cavan oğlan var ha” demişdi, ardını mən tamamladım və Oruc yoldaşın ismi-şərifini söylədim, hələ bu minvalla “ay səni sağ olasan” alqışı qazandım. Yəni kim deyirsə Zahid Orucdan xeyir gəlməz, inanmayın.

Fikir verdinizsə, oxucu bu 3 zatın qəzetdə sözlərinin getməsinə etiraz bildirmir - məsələnin bu tərəfini yəqin ki, dəqiqləşdirmək lazımdır - yalnız deyir şəkilləri getməsin. Şəkillər niyə getməsin, oxucu bunun da ciddi bir səbəbini söyləmədi, heç mən də soruşmadım, nahara tələsirdim.

Şəxsən mən özüm də bəzi şəkillərin kütləvi informasiya vasitələrində göstərilməsinə pis baxıram. Məsələn, hansısa bomba partlayışından, təbii fəlakətdən sonra insan cəsədlərinin, qanın, camaatda mənfi hisslər oyadan başqa təfərrüatların qəzetdə və ya televizorda nümayişinə qarşıyam. Bu, jurnalist etikasına da ziddir. Əgər belə detalları göstərmək mütləq vacibdirsə bu halda da gərək elə göstərəsən uşaqlar-filan bunu görmək imkanında olmasın. Halbuki, bizdə manyak telekanalizasiyalar var, ölüm xəbərləri verəndə insan qanını xüsusi böyüdüb göstərir, üstünə mozaika çəkmək ağlına gəlmir. Sanki bunlar xəstədir, irin-qan göstərəndə camaatın sevimlisi olurlar. MTRŞ sədri Nuşirəvan əkə də evdə milli dolma dürməyi basa-basa belə videolara məmnuniyyətlə baxır, xəbərdarlıq-zad eləmir.

Nə isə, sözümün canı odur ki, yuxarıda adıçəkilən 3 şəxsin fotoları belə kateqoriyalara aid deyil, ancaq oxucu istəyir bunların şəklini qəzetdə görməsin. Bilmirsən bu vəziyyətdə neyləyəsən.
Başqa bir oxucumuz isə yazır ki, amerikalılar şeytan xasiyyətli adamlardır, dünyada pis işlər görürlər və bu pis əməllərdən biri də... insan fikrini oxuyan aparat qayırmaqlarıdır. Deyir, bizim Milli Təhlükəsizlik Nazirliyi həmin aparatdan birini alıbdır, hazırda camaatın fikirlərini gizlicə öyrənirlər. Aparatın iş mexanizmi telepatiyaya əsaslanırmış və sairə. (Yeri gəlmişkən, məktubun bu yerində hörmətli oxucumuz mən də daxil, hamımızın boynuna qoyub ki, biz telepatiyaya inanırıq. Belə də yazıb: “Hamımız bilirik ki, telepatiya var”. Daha neyləyə bilərik, əgər belə yazıbsa deməli, hamımız inanmağa borcluyuq. Boş bir şeyə görə soydaşımızın xətrinə dəyəsi deyilik ki?)

Məktubun qəribə cəhəti nədir? Söhbət ondadır ki, adam məktubu yazıb, axırında da qeyd edib: “Bu faktı qəzetdə dərc edin, qoy xalq MTN-in Amerikadan fikir oxuma qurğusu aldığını bilsin, ancaq mənim adımı qəzetə verməyin”. Halbuki xəbəri yoxdur, mənə bu məktubu yazmağı fikirləşdiyi anda MTN əməkdaşları həmin qurğu vasitəsiylə onun fikirlərini oxuyublar, adını da qəşəng bilirlər. Nə gizlədim, elə bu yazını yazdığım anda MTN şefi Eldar Mahmudov zəng vurdu, dedi, ey Zamin bəy, biz o adamın fikirlərini oxumuşuq, narahat olma, dövlətçiliyə təhlükə doğurmur, məsləhətdirsə adını da qəzetdə dərc edə bilərsən. Hər halda, mən oxucunun adını burda yazmıram, ümumiyyətlə, daha bu mövzuda fikirləşmirəm. Qoy MTN-in qurğusu mənim fikrimi axtarıb xarab olsun.

Sonda Qubadan Yusif Qrızlının məktubuna da yer verək. Yusif bəy müğənni Könül Xasıyevanın YAP-a üzv olmağına təəssüf etdiyini bildirir. Deyir, onun səsini çox sevirəm, bu səs sehrlidir, göydən gəlir və sairə. İndi Xasıyeva şəxsi məqsədləri üçün YAP-a girməklə Yusif bəyi sarsıtmışdır. Açığı, bu, ekzotik məktublar silsiləsindən deyildi, yazıda bir qədər yer qalmışdı, ona görə bura qoydum, çıxdı getdi işinin dalıyca. Həmişə yemək-içməkdə olasınız...

musavat.com