Xədicə İsmayılovanın şantaj olunmasında İran izi - Versiya

xedice-ismayilovanin-santaj-olunmasinda-iran-izi-versiya-
Oxunma sayı: 656

Son günlər internetdə Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntünün yayılması ölkədə gündəmini zəbt edən mövzulardan biridir. Məsələyə müxtəlif səviyyələrdə reaksiyalar verilməkdədir. Jurnalist baş verənlərin onu yolundan döndərməyəcəyini, heç bir halda mövqeyindən çəkilməyəcəyini bəyan edib. Ölkənin həm media qurumları, həm siyasi partiyaları bəyanat və açıqlamalar yayaraq etirazlarını bildiriblər. Artıq Azərbaycan Mətbuat Şurası da Baş Prokurorluğa müraciət edərək məsələnin araşdırılmasını istəyib. Hələlik nə hökumət səviyyəsində, nə də müvafiq qurumlar tərəfindən məsələyə reaksiya verilməyib. Yəni jurnalistin hansı məqsədlə və kimlər tərəfindən şantaj edilməsinə dair suallar açıq, cavabsız şəkildə qalmaqdadır. İlk baxışdan bu suala hər kəsin verə biləcəyi bir cavab var. Bu ondan ibarətdir ki, Xədicə İsmayılova ölkə rəhbərliyini ən yüksək səviyyədə tənqid etməkdən çəkinməyib, hakimiyyətə qarşı radikal siyasi mövqeyi ilə tanınır, cəmiyyətdə böyük rezonansa səbəb olan araşdırmaların müəllifidir. Bu cür mövqeyi olan jurnalistə qarşı şantajın da elə hədəf seçdiyi ünvandan gəlməsi bizim hər birimizin ağılına gələn ilk versiya ola bilər. Necə ki, Rafiq Tağı qətlə yetiriləndə heç düşünmədən hamımız birmənalı olaraq İranın adını çəkmişdik. Ancaq nə oldu? Ağıla gələn ilk versiya düzgün ola bilərmi?

Üstündən dörd-beş ay keçməsinə baxmayaraq, qətlin hansı məqsədlə, kim tərəfindən törədildiyi sübuta yetirilməyib. İndi də ortalıqda daha bir jurnalistin obrazlı ifadə etsək “qətli” var. Və ağlımıza ilk gələn versiya da məlumdur...

Lakın dünən “Qafqazinfo”ya şərh bölməsindən göndərilən maraqlı bir informasiya baş verən hadisə ətrafında fərqli versiyalar da ortaya çıxarır. İnformasiyanın mahiyyəti belədir ki, Xədicə İsmayılovanın şantaj edilməsində İranın da izini axtarmaq lazımdır. Belə ki, onun video görüntülərinin ortaya çıxmasında İran xüsusi xidmət orqanlarının rolu ola bilər və məqsəd də Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlik cəhddir. Daxil olan informasiya bəzi suallar yaradır və onların üzərində düşünmək mümkündür. Yəni bu versiyada həqiqət payı nə qədərdir? Bu diqqəti əsas hədəfdən yayındırmaq deyil ki? Bütün hallarda irəli sürülən versiya üzrə bəzi suallara cavab axtarmaq mümkündür.

Hər şeydən əvvəl onu demək lazımdır ki, Azərbaycanla İran arasında münasibətlərin gərginliyi demək olar ki, pik həddə çatıb. Məsələ o qədər dərindir ki, onu gizlətmək belə mümkün deyil. İranın Azərbaycana qarşı təhdidləri, ölkənin daxili işlərinə burun soxmaq cəhdləri son aylar daha da artıb. Azərbaycan tərəfi isə məsələni çox şişirtmədən, yəni açıq siyasi bəyanatlardan çəkinməklə, öz işini görməkdədir. Təkcə son günlər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyatlar və elə dünən SEPAH-a casusluqda ittiham edilərək həbs olunan 22 nəfərlə bağlı açıqlanan informasiyalar məsələnin hansı həddə olduğunu göstərir. MTN-nin bu əməliyyatları, son bir ayda Nardaranda və digər yerlərdə həbs edilənlərin olması vəziyyətin son dərəcə ciddiliyinə əsas verir. Bu o deməkdir ki, İran Azərbaycanda vəziyyəti qarışdırmaq üçün təkcə casuslardan və din amilindən istifadə etmir. Onlarla başqa yola da əl atılır. Bunlardan biri də Xədicə İsmayılovanın şantaj olunması ola bilərmi?

Məlumdur ki, Azadlıq Radiosu ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşir və orada çalışan jurnalistlərin hüquqlarının qorunmasına bir növ bu ölkə tərəfindən nəzarət mövcuddur. Yəni bu gün dünyada söz və mətbuat azadlığı ilə bağlı məsəlinin bütün hökumətlərin qarşısında prinsipial vəzifə kimi qoyulduğu bir vaxtda, jurnalistlərə basqıların dövlətlər üçün ciddi baş ağrıları yaratdığı bir şəraitdə, tanınımş bir jurnalistin, özü də Azadlıq Radiosunun əməkdaşının şantaj edilməsi kimə lazımdır? Bu həm də Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaratmağa yönəlik cəhd ola bilərmi?

Yeri gəlmişkən, Rafiq Tağı qətlə yetiriləndən sonra Xədicə İsmayılova facebook sosial şəbəkəsində açıq şəkildə İslama nifrət etdiyini yazmış və onun bu statusu ciddi müzakirələrə yol açmışdı.

Burada bir sual da niyə məhz görüntülərin indiki məqamda üzə çıxması ilə bağlıdır. Yəni Quba hadisələri, Nardaranda həbs olunanlar, Səhər Kanalının Bakı nümayəndəliyinin əməkdaşlarının, eləcə də dünən MTN-nin casusluqda ittiham edərək həbs etdiyi şəxslərlə bağlı məlumatların mövcud olduğu bir vaxtda, Xədicə İsmayılovanın görüntürlərinin ortaya çıxması təsadüf sayıla bilərmi? Bu görüntülər nə zaman qeydə alınıb, niyə məhz indi yayımlanıb? Jurnalist son vaxtlar nə yazıb? Axı Xədicə İsmayılova uzun illərdir ki, bu mövqedədir və indiyə kimi ən sərt yazılar və araşdırmalar yazıb. Bəs niyə indi şantaj olundu? Bütün bu suallara ağıllı bir müstəntiqin cavab tapması lazımdır. Hələlik isə ölkənin hüquq-mühafizə orqanlar susur. Biz heç bilmirik ki, onlar fakt üzrə heç olmasa cinayət işi açıblarmı? Bu arada məsələyə hökumət tərəfindən də rəsmi reaksiyanın olmaması təəccüblüdür. Axı ən azı Qubadakı dərsdən nəticə çıxartmaq və baş verənlərə vaxtında reaksiya vermək, ölçü götürmək lazımdır.