“YAP özü də əziyyət çəkir” - Açıqlama

yap-ozu-de-eziyyet-cekir-aciqlama
Oxunma sayı: 650

Ə.Əhmədov bildirib ki, həmin partiyaların nə özlərinə bir faydası var, nə də cəmiyyətə: “Ən yaxşı variant ondan ibarət olar ki, yalnız ictimai dayaqları olan partiyalar fəaliyyət göstərsinlər. Ictimai dayağı olmayan partiyanın fəaliyyət göstərməsinin heç bir əsası yoxdur və əslində bunun heç bir mənası da qalmır”.

YAP rəsmisinin bu çağırışı ilə bağlı Azərbaycanda nisbətən kiçik partiyalar kimi tanınan qurumların rəhbərlərinin münasibətini öyrəndik.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Ə.Əhmədovun bu yanaşmasının yanlış olduğunu və bu yanaşma ilə razılaşmadığını bildirdi: “Partiyaların böyüklüyü onların cəmiyyət həyatına təsir gücü ilə bağlıdır. Partiyanın gücü onun tərəfdarlarının sayı ilə deyil, ictimai proseslərə təsir imkanları ilə müəyyən olunur. Ona görə də, rəqəmlərin əsas götürülməsi yanlış yanaşmadır. Bu, partiyalara texniki quruluş kimi baxmaqdır. Halbuki partiyalar daha çox siyasi elitanın formalaşmasına kömək edən mexanizmdir, siyasi institutdur. Bu cür yanaşmanın nəticəsidir ki, Azərbaycanda siyasi partiyalar normal fəaliyyət göstərə, siyasi həyatada təşəbbüslərlə, aktiv fəaliyyətlə seçilə bilmirlər”.
F. Mustafa hesab edir ki, Ə.Əhmədovun bu açıqlaması hakim partiyanın özünü başqalarına güclü göstərmək niyyətindən irəli gəlir: “Buna təbliğat üsulu kimi baxırlar. Yəni biz güclüyük, başqaları zəifdir. Təbii ki, bunu söyləməkdə hər hansı hüquqi və ya etik əngəl yoxdur. Amma ümumiyyətlə ölkədə partiyaların vəziyyəti ürəkaçan deyil. Partiyaların siyasətdə aktiv rol almasına şərait yaradılmalıdır. Hakimiyyət bunu etmədikcə bürokratik idarəetmə daha üstün mövqeyə keçir. Bu vəziyyətdən Yeni Azərbaycan Partiyası özü də əziyyət çəkir. Çünki özünün cəmiyyətə, siyasətə təsir imkanları çox aşağıdır”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc hesab edir ki, partiyanın böyüklüyü onun üzvlərinin sayı ilə yox, ideologiyası ilə, prinsiplərinə və milli maraqlara sadiq olmasıyla müəyyənləşir: “Üzvlərinin sayına qalsa, Kommunist Partiyasının üzvlərinin sayı YAP üzvlərinin sayından çox idi. Amma Leninin boğazına ip salanda heç biri ortaya çıxmadı. Əli Əhmədov cəmiyyətdə heç bir çəkisi olmayan, öz fikri olmayan adamdır. Bunlar nə iş görürlər ki? Onların nə əl-ayağı var ki, biz də ona dolaşaq? YAP-ın bir nəfər normal üzvü yoxdur. Partiya başdan-ayağa rüşvətxorlardan ibarətdir. Mən onların mövqeyini cəmiyyət üçün lazımlı hesab etmirəm. Əli Əhmədov belə danışmaqla göstərmək istəyir ki, guya nə isə iş görür”.

Məsələ ilə bağlı Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin də mövqeyini öyrənmək istəsək də, o, Ə.Əhmədovun açıqlamasına münasibət bildirməkdən imtina etdi.

Azadliq.info