Doğrudan oğruya...

dogrudan-ogruya
Oxunma sayı: 2589

Xuraman Hüseynzadə

Hər kəsin oğurluqla məşğul olduğu ölkədə yalnız bir dürüst adam vardı. O, başqaları kimi gecələr oğurluğa getmir, evdə oturub tənbəki çəkir, roman oxuyur. Bu, belə davam etmir. Bir gün oğrular yığılıb dürüst adama deyir ki, belə rahat həyat yaşamaqla o, başqalarının işinə mane olur. Onun evdə oturduğu hər gecədə bir ailə ac qalır. Dürüst adam dan yeri ağarana qədər gecəni bayırda keçirməyə başlayır, amma oğurluq eləməyi özünə sığışdırmır. Sonra geri qayıdır, görür ki, evi soyulub. Bir həftədən sonra onun bir qəpiyi qalmır, evində nəyi varsa, tükənir.

Sonda dürüst olan bir nəfər qalır o ölkədə, amma çox keçmədən o da acından ölür.

Pasifist dürüstlərin aqibəti adətən, belə olur. Kalvino da “Qara qoyun” hekayəsində bunu deyir.

Bütün zəmanələr, dürüstlərin və oğruların tərs keçilər kimi kəllə-kəlləyə gəldiyi sıldırım qayalığa bənzəyir. Bir ayağı o qayadan sallanır dürüstlüyün. Zəif bir zərbə, ehtiyatsızlıq aşağı atar onu... Amma atmır. Güman ki, zəmanələr, elə həqiqətlə yalan, oğru ilə doğru arasında mübarizə aparmaq üçündü. Vaqif də üç əsr əvvəl bunu deyirdi:

“Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.”

Daim həqiqətin, doğrunun yanında olduğu, rüşvət almadığı üçün işdən çıxarılan yaxın qohumum Fəxrəddin müəllim artıq iş yox, həqiqət axtarır. Bilir ki, tapa bilməyəcək. Amma ümidlidi. O Henrinin “Sonuncu yarpağı”nı çox oxuyub deyəsən.

Həyatı təbəddülatlar içində keçən Fəxrəddin müəllim deyir: “Əl əli yuyar, əl də üzü” deyirlər, həmin “üz”ü “yumaq yox, ona tüpürmək lazımdı.

Bir karikatura var: dəllək, üzünü təraş edəcəyi adamdan soruşur ki, hansı üzünüzü qırxım?

***

“Hündürdaban ayaqqabılar aldım

boyum bir az da uzandı

bir az da uzaqlaşdım həqiqətdən...”

Öz şeirimdəndi bu misralar. Həqiqətin yanında olmaq üçün cəmiyyətdən təcrid olunmaq lazımdı. O, adamların olmadığı yerdədi.

***

Kalvino, gerçək oğruların cəmiyyətinə həsr etdiyi “Qara qoyun”da deyir:

“Hökumət insanlardan nəsə oğurlamaq üçün qurulan cinayətkar bir təşkilat idi, insanlar da vaxtlarını hökuməti aldatmaqla keçirərdi.”