Əbülfəs Qarayev Pol Pakerlə görüşüb

ebulfes-qarayev-pol-pakerle-gorusub
Oxunma sayı: 647

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”ya nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən  Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirib.

Nazir həmçinin Azərbaycanın təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

Görüşdə Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Bundan başqa, görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr də müzakirə edilib.