Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı təltif olundu

efqanistan-muharibesinin-azerbaycanli-istirakcisi-teltif-olundu
Oxunma sayı: 1601

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.

Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb.