Eldar Sabiroğlunun bu açıqlamasından məlum olmadı ki...

eldar-sabiroglunun-bu-aciqlamasindan-melum-olmadi-ki
Oxunma sayı: 1874


Rusiya Azərbaycanı kütləvi şəkildə silahlandırmağa başlayıb. Bu  barədə “Vedomosti” saytına  Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, söhbət üç batalyon (94 ədəd) T -90C tankından, təxminən üç batalyon (təxminən 100 ədəd) piyada döyüş maşınları BMP- 3, bir divizion (18 ədəd) özüyeriyən artilleriya “Msta-C”,  1 divizion (18 işəsalma qurğuları) yaylım atəşinin reaktiv sistemləri olan “Smerç”, 1 divizion (18 ədəd) “Vena” özüyeriyən toplarından gedir. Mənbə Rusiya ilə Azərbaycan arasında bağlanan sazişin ümumi dəyərinin 700 milyon və yaxud təxminən 1 milyard dollar olduğunu bildirir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu “Qafqazinfo”ya açıqlama verib. 

“Mən  bu haqda heç bir söz deyə bilmərəm. Çünki məlumatsızam. Xəbərin doğru olub-olmadığını araşdırmaq lazımdır. Bu da sadə proses deyil. Bəzən elə şişirtmə informasiyalar dövriyyəyə buraxırlar ki, bunun həqiqətlə heç bir əlaqəsi olmur. Əlbəttə, Azərbaycanın Silahlı Qüvvələri öz potensialını möhkəmləndirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək haqqına malikdir. Torpaqlarımızın 20 %-i işğal altındadır. Onu erməni tapdağı altında qoya bilmərik. Ancaq nəzərə almaq lazımdır ki, tez-tez bu cür məlumatlara rast gəlirik. Və bu işdə Ermənistanın xüsusi canfəşanlığı daima görünür. Ermənistan pulsuz əldə etdiyi, böyük miqdarda olan silahları ört-basdır etmək üçün Azərbaycanı beynəlxalq aləmdə bu şəkildə diqqət mərkəzinə gətirmək məqsədi güdür. Mən bu məlumata bir neçə gün əvvəl Seyran Ohanyanın həyəcanlı şəkildə Azərbaycan durmadan silahlanır barədə verdiyi bəyanatının davamı kimi baxıram”.

Günel