Əlillərin hüquqları

elillerin-huquqlari
Oxunma sayı: 910

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və «Sosial Xidmətlər Təşəbbüsü» İctimai Birliyinin birgə təşkilatçılığı ilə 02 oktyabr 2012-ci il tarixdə BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasının ratifikasiya olunmasının 4-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, aidiyyatı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi beynəlxalq normalara uyğun xeyli təkmilləşdirilməklə, son illərdə 10-a yaxın yeni hüquqi normativ akt qəbul edilib, əlilliyi olan şəxslərin maddi təminatı daim gücləndirilib. Azərbaycan Respublikası BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasını 2 oktyabr 2008-ci ildə ratifikasiya etmişdir. Eyni zamanda ölkəmiz Əlillik üzrə Fəaliyyət Planı üzrə Avropa Əlaqələndirmə Forumu çərçivəsində Avropa Şurası ilə səmərəli tərəfdaşlıq münasibətləri qurub.

Tədbirdə “Əlillərin hüquqları haqqında” Konvensiyadan irəli gələn ümumi öhdəliklərin yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, reallıqlar və qarşıda duran vəzifələr, müasir reabilitasiya modelləri və onun ölkəmizdə tətbiqi imkanları, reabilitasiya sahəsində xarici mütəxəssislərin iştirakı ilə aparılan qiymətləndirmə məsələləri geniş müzakirə edilib. Eyni zamanda, icra olunan təlim proqramları, əlilliyi olan şəxslərin səhiyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi istiqamətində görülən hüquqi tədbirlər, sosial infrastruktura çıxış istiqamətində mövcud maneələr və onun aradan qaldırılmasına dair texniki standartlar və təlimatların tətbiqi ilə bağlı müzakirələr aparılıb.