Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov fərqli üslubda səsləndirdiyi “Yaranış” kompozisiyasına çəkilən klipinə təqdimat keçirib.
“Qafqazinfo” xəbər verir ki, Samir Qulamovun ekranlaşdırdığı klipin sujet xəttində təbiət hadisələri canlandırılıb.
İdeya müəllifi K.Kərimov olan klip saat əqrəbinin səsi və daha sonra göy gurultusu ilə başlayır. Pəncərəyə yaxınlaşan ifaçı xəyala dalır. Bundan sonra onun xəyalında Qobustan canlanır. Adəm və Həvvanın timsalında insanın yaranışı, bir-birinin ardınca təbiət hadisələri baş verir. Quraqlıqda səhra, küləyin səsi, yağışın yağması - bütün bunları rejissor canlı səslərlə təqdim edib.
Kamran Kərimovun xəyalında canlanan səhnədə özü ilə yanaşı 8 nəfərdən ibarət nağara ifaçısı məharətini göstərib. Kompozisiyanın ərsəyə gəlməsində 2 davul və 1 qoşanağaranın və əlavə 4 nağaranın müşayiətindən istifadə edilib.
Klipin ərsəyə gəlməsində iranlı musiqiçi Fəraməz Gərmrudi, Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda Qobustan dövlət tarixi-bədii qoruğu dəstək göstərib.
Klipin nümayişindən sonra xalq artisti Siyavuş Kərimi bunları qeyd edib: “Kamran Kərimov dövrümüzün ən gözəl müşayiətçilərindəndir. Eyni zamanda bu cür dərin düşüncəsi olan layihələri dəstəkləyirəm. Bunların sayı çox olunmalıdır ki, müqayisə olunsun”.




Son xəbərlər
Son Xəbərlər