Ermənistan qaranlığa qərq oldu - Yenilənib

ermenistan-qaranliga-qerq-oldu
Oxunma sayı: 2543

Yerevan daxil olmaqla Ermənistanın bəzi vilayətlərində elektrik təchizatında problemlər yaranıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Yerevan metropoliteninin işi dayanıb, sərnişinlər təxliyyə olunub.


Telefon şəbəkəsi və internet fasilələrlə işləyir. 

Metropoliten rəhbərliyi, eləcə də ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanmasına cavabdeh olan “Ermənistan elektrik şəbəkələri” QSC baş vermiş hadisə ilə bağlı hələ ki, rəsmi məlumat yaymayıb.

Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, abunəçilərin maye qaz ilə tədarükündə də problem yaranıb.

***

Ermənistan Baş Nazirinin müavini Tiqran Avinyan öz feysbuk hesabında bildirib ki, “Yerevan” və “Razdan” İstilik Elektrik Stansiyalarının enerji blokunda qəza baş verib:

“Hazırda bizim enerji blokumuzda qəza olub. “Yerevan” İES  bütünlüklə və “Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür”.

Onun sözlərinə görə, problemin saat 19:00-a qədər aradan qaldırılması üçün işlər görülür.

***

Ölkənin Səhiyyə naziri Arsen Torosyan və Elm, Təhsil, Mədəniyyət və İdman naziri Araik Arutyunyan feysbuk hesablarında vətəndaşlara müraciət ünvanlayıblar.

“Ölkədə ciddi elektrik çatışmazlığı var. Xahiş edirəm, elektrik enerjisi mühüm müəssisələrə kifayət etsin deyə ona maksimal qənaət edin. Kondisionerləri, əlavə lampaları və digərlərini söndürün”, - deyə Torosyan qeyd edib.

Arutyunyan öz növbəsində gərginliyi həll etmək üçün məsuliyyət daşıdığı müəssisələrə elektrik enerjisindən istifadəni minimuma endirməklə bağlı çağırış etdiyini deyib.

***

Ermənistanın Enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Akop Vardanyan bildirib ki, problem gün sonuna qədər həll ediləcək:

“Enerji sistemindəki qəza ehtimal ki, İranla elektrik mübadiləsi zamanı enerjinin tezliyində azalmaya səbəb olub. Hazırda İran tərəfi ilə qəzanın səbəblərini aydınlaşdırmaq və onu aradan qaldırmaq üçün mümkün yollar axtarılır. Buna baxmayaraq, qəzanın səbəbini dəqiq müəyyən etmək qeyri-mümkündür”.