“Əvvəl də bu cür vəziyyətlə qarşılaşmışıq” - Qurban Qurbanov

evvel-de-bu-cur-veziyyetle-qarsilasmisiq
Oxunma sayı: 1330

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşdıqları və növbəti çempionluğu rəsmiləşdirdikləri “Sumqayıt”la səfər oyunundan (1:0) sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib.

- Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudu. Çətin oyun oldu. Bilirdik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram.

- Qalan 4 turda heyətdə rotasiya edəcəksiz?

- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa, istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq.

- Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan avrokuboklar gəlir, komanda formadan düşməyəcək?

- Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək, uğurlardan sonra “çaşmaq” ehtimallarıdı. Səviyyəsindən asılı olmayaraq, bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk etsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür vəziyyətlə qarşılaşmışıq.

- Komandanıza ardıcıl 5-ci çempionluqdan sonra “əla” qiymət vermək olar?

- “5”dən artıq qiymət verməyəcəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdi. Bu balansı, stabilliyi saxlamağı bacarmalıyıq.

- Çempionlar Liqası haqqında nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?

- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.

- ÇL qrupuna düşmək üçün heyət daha güclü olmalıdı. Bu barədə rəhbərliklə indi söhbət edəcəksiz, ya mövsümün sonunu gözləyirsiniz?

- Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir. Çempionluğu təmin etdiyimizə görə bundan sonra bu işlərlə daha rahat məşğul ola bilərik. Məşqçilər korpusu kimisə almaq istədikdə, rəhbərlik buna etiraz etmir. Digər tərəfdən hər ölkənin öz qiyməti, reytinqi var. Mən də buraya daha güclü futbolçuların gəlməsini istəyərdim. Amma yaxşı futbolçular tapmaq çətindi. Onlar daha güclü çempionatlarda, məsələn, Türkiyədə, Rusiyada oynamaq istəyirlər. Hətta artıq pul da təklif etsən, bura gəlmək istəmirlər.

- Razısız ki, çempionatımızın səviyyəsi aşağı düşüb?

- Biz müqavimətsiz, mübarizəsiz çempion olmadıq. Rəqabət hər zaman olur. Bəli, bu mövsüm xal fərqi əvvəlkilərə nisbətən çox oldu. Ola bilsin ki, bu da çempionatda cəmi 8 komandanın iştirak etməsindən irəli gəlir. Amma yenə də rəqabətin zəif olduğunu deməzdim. Yanvardan bəri çempionatımız tam başqa cür keçir. Elə “Sumqayıt”ı xüsusi qeyd etmək olar. Bütün oyunlar çətin keçir. Bu, hardasa məni sevindirir. Əvvəllər bizdə “Bakı”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter” kimi klublar, “Neftçi” kimi güclü komanda var idi. O zamanlar ölkəmizə çox güclü futbolçular gəlirdilər. AFFA rəhbərliyi ilə komanda sayını artırmaq barədə söhbətlərimiz olur. Amma bəzən arzuladığımız hər şeyi həyata keçirmək mümkün olmur. Hazırda əksər komandalar AFFA-nın hesabına yaşayır. Klub sayını artırmaq çempionatın keyfiyyətinə də təsirsiz ötüşməyəcək.