Gömrüyün “1 manat” davası

gomruyun-1-manat-davasi
Oxunma sayı: 4803

Raminə Eyvazqızı

Manatımızın ucuzlaşmağını Aztv təbiri ilə xoş qarşılayanlar sevinə bilərlər. Artıq bahalaşmanı çeynəyib həzm etmişik. Bəlkə də yenidən bu məsələyə qayıtmaq çoxuna ürəkbulantısı verər, amma verməsin.

Bir vaxtlar İrana xəstə, tacir axınının qarşısını ala bilməyən sərhəd –gömrük xidməti artıq asudə vaxtlarındadır. Manatın dəyərdən düşməsi tək paytaxtda deyil, bölgələrdə, həmçinin İranla dolanan Astara və Biləsuvarda da öz ağrılı nəticələrini göstərir. İranlı belə artıq manatımıza tamah salmır, bir vaxtlar kücədə bizi bezdirən dəllal puldəyişənlər yoxa çıxıb. “Siz nə yaman ziyandasız” deyib, bizi məsxərəyə qoyurlar. Öz doğma dilimizdə, bizim qanımızdan olanlar, farsın boyunduruğunu sığal bilənlər. Zaman vardı, İran tərəfə keçənlər yaxşı həkim, ucuz müayinə, müalicə, keyfiyyətli dərman, münasib qiymətdən alqış edirdilər. İndi tək-tük gözə dəyən xəstə belə cənublu həkimi sevindirir.

Bizim xəstələrimiz o tərəfə savadlı həkimdən çox ucuz müalicə dalınca gedirdilər. İndiki vəziyyət bu mülahizəni təsdiqləyir. O boyda xəstə axını necə də dayandı? “Qaxılım, öz ölkəmdə qalım, ölsəm ölüm” deyib, təsəlli tapırlar. Zarafat deyil, əvvəllər 100 manatla Ərdəbil, Təbrizi gəzən indi bu pula bir müayinə xərcini də ödəyə bilməz. Yerli həkimlərimiz sevinclidi, İrana qaçan xəstələrdən intiqam vaxtı yetişib. İran bizə inad həm həkim qəbulu, həm dərmanın, həm də müayinə qiymətini 3-4 qata qaldırdı. Üstəlik ölkəsinə daxil olana sığorta haqqı(3 manat 50 qəpik), torpaqbasdı vergisini(2 manat 50 qəpik) də əlavə etdi. Xəstəmiz və alverçimizlə gəlir əldə edən İran da bizim qədər uduzub,fərqində deyil. Bir vaxtlar cənublunun otelində gecələmək üçün yer tapılmazdı, indi otel sahiblərinin məkanı bomboşdur.

Son müşahidələrimdən belə nəticə çıxarmaq olar ki, sərhədyanı alverçilərmizin çoxu manat ucuzlaşandan sonra o tərəfə keçməkdən imtina edib. Sərhəd boşalıb, seyrəkləşib. Bir vaxtlar onmetrələrlə uzanan növbələrin, qarşıya keçmək üçün söyüş edənlərin səsi kəsilib. Çox halda insanlara kobud davranan, ötən əsrin gömrük havadarı erməni Şahnəzərovun “qanını daşıyanların” həvəsi ölüb.

Xəstələrimizin məsələsi burada da həll oluna bilər, amma İran məhsulları ilə alver edənlərin, çörək qazananların işi xeyli pisləşib. Bu vacib iqtisadi nüansdır və ticarət dövriyyəsində uçurum yarandığına işarədir. Monopoliya üçün münbit şərait hökm sürür, gömrük rüsumlarının ləğvi nə qədər alqışlansa da, mayada pulu olmayan sadə ticarətçi uduzub.

İranla sərhəd-gömrük məntəqəsində gözdən qaçmayan bir məqəm var. Biləsuvarın İranla sərhəd ərazisində qanunsuz fəaliyyət göztərən mikroavtobuslar. Kiçik məsafə üçün camaatdan 1manat(heç olmazsa 40-50 qəpik də yox) tələb edən sürücülərin davranışına baxanda onların azərbaycanlı olmadığına inanırsan. İndi deyəcəksiz ki, bu qədər problem arasında gözəbatan bu sürücülərdirmi? Soyuq havada yaşlı adamları 1 manat verməyə məcbur edən, “verməsən, düşürəcəm yerə”deyən sürücülər kim üçün işləyir? Onlara dövlət sərhəd-gömrük xidmətinin ərazisində pulla camaat daşımağa kim ixtiyar verib? Sürücüsünün “avtobus mənimdir”, sərhəd xidməti əməkdaşının “avtobus dövlətindir” cavabları arasında qalırsan. Tək bir sual verə bilirsən. Gömrüyümüz çarəsiz adamların 1 manatınamı qalıb?

P.S. Az əvvələ qədər İrana axınımıza çox sevinirdim. Axı o tərəflər də bizimdir. Manatımızın qara bəxti bu yaxınlaşmaya, doğmalaşmaya elə bir sərinlik gətirdi ki, artıq bütün hallarda üşüməyə başlamışıq. Təəssüf…