Hamımız Novruzəliyik...

hamimiz-novruzeliyik
Oxunma sayı: 2033

Nadir Qocabəyli

Bir sayt “beş ən yaxşı hekayəmiz” adlı bir sorğu keçirib. Necə keçirdiyi, kimlərlə keçirdiyi və hansı məqsədlə keçirdiyi öz insafına. Bu sorğunun nəticələri, bu nəticələrə aparan yol, taktika haqqında uzun danışmaq, sorğunun “içalatını” çıxardıb yerə tökmək olar. Ancaq məqsədim bu deyil və buna lüzum da görmürəm...

Sorğunun dürüst, yaxud nadürüst keçirilməsindən asılı olmayaraq, ən yaxşı beş hekayədən dördünün, həm də ilk ikinci yerin müəllifləri “ölülər”dir ki, bu da bizim yazı-pozu əhlində “dirilər” fobiyasının hələ də diri olduğundan xəbər verir desəm, yanılmaram.

Ancaq bu başqa mövzudur...

İndisə məsələ burasındadır ki, özümüzün ən üst pilləyə çıxardığımızı belə anlamaqda çətinlik çəkir, onu yuxarı başa keçirməyimizin səbəbini izah edə bilmirik. Söhbət ən yaxşı hekəyə “Poçt qutusu”ndan və onun məşhur müəllifi Mirzə Cəlildən, bağışlayın, Cəlil Məmmədquluzadədən gedir...

Qəribə burasıdır ki, klassik yazıçımıza nədənsə Mirzə Cəlil deməyi etirazla qarşılayan tanınmış tənqidçimiz Əsəd Cahangir (Əsəd bəy, yaxud Əsəd müəllim demək qəti qadağandır) sorğuda məhz bu hekayəyə səs versə də, “Poçt qutusu”nun birinci yer tutmasını “bizim Novruzəli səviyyəsində olduğumuzla” izah edib, sonra da əlavə edib ki, “bəyəm mən özümü kənara çəkirəm?” Yəni demək istəyib ki, içi mən qarışıq hamımız Novruzəliyik.

Sonra da Novruzəlini aşağılayıb, yüksək elm və texnologiyadan danışıb, kvant fizikasına, kosmosa keçib, qayıdıb Məhəmməd peyğəmbərə və gəlib çıxıb yeni insan tipinə. Özünüz oxuyun: “Novruzəli Homo Sapiensdir, özü də onun Paleolit, yəni ən primitiv formasıdır. Hələ də ən yaxşı hekayəmiz “Poçt qutusu”dur deyə düşünürüksə, deməli, Novruzəli ilə problem doğmalığımız var. “Poçt qutusu” cəhaləti tənqid edən klassik maarifçilik nümunəsidir. İndi isə nanotexnologiya, gen mühəndisliyi, klonlaşdırma dövrüdür. Alimlər müəyyən edir ki, kvant zərrəciklərində molekulyar dəyişikliklər gedir. Kosmosdan Yerə yeni enerji axını başlayır. Göylərin Məhəmməd əleyhissəlamdan sonra bağlanmış qapısı yenidən açılır. Bu dəyişiklik insan beyninin hüceyrələrində də gedir. İndiyədək görünməmiş idrak imkanları müəyyənləşir. Yeni insan tipi yaranır. Kimlərsə Aya turist səfərinə gedir. Kimlərsə başqa planetə köçüb, orda yaşamaq istəyir. İnsan kosmetoloji əməliyyatlar vasitə ilə sifətini dəyişir. Bu sadəcə ağız-burun düzəltmək yox, insanlığın simasının dəyişməsinə rəmzi işarədir. İnsan Allahdan ona verilən təbii hədləri aşır. Elmi yolla ölümün qabağını almaq ideyaları səslənir. Homo Sapiensin tarixi bitir, post insan erası başlayır...”

Əvvəla, "Poçt qutusuna" təkcə "cəhaləti tənqid edən klassik maarifçilik nümunəsi kimi" baxmaqla razı deyiləm. Məncə, hekayədə daha dərin qatlar var. Bəli, sosial baxımdan Novruzəliyə, bəlkə də, avam, cahil demək olar. Amma cahil adam, “primitiv homo sapiens” katdadan şikayətə gəldiyi xana sovqat gətirməz. O öz maraqlarını, öz işlərini mükəmməl bilən biridir. Sadəcə dünyadakı mədəni-texnoloji yeniliklərdən xəbəri yoxdur. O heç vaxt poçta məktub salmayıb, məktub yazmayıb deyə bunları bilmir və bu onun günahı deyil. Ancaq Novruzəli bir insandır, bizim insanımızdır, azərbaycan kəndlisi obrazıdır, onun xarakterik və fərdi xüsusiyyətləri var. Təfərrüata varmıram, amma qisa, oxunaqlı bir hekayədə bütün bunlar ustalıqla verilib.

Novruzəlini polis idarəsindən gətirən xan ona deyir: “Sənin bu hekayətin çox şirin bir hekayətdi. Kitaba yazılmalıdı.”

Həqiqətən, çox dadlı, duzlu, şirin bir hekayədir və bu qədər sevilməsinin səbəbi də elə bundadır. Digər bir məsələ odur ki, müəllif bu hekayəsində Novruzəlini qətiyyən aşağılamır, ona yuxarıdan baxmır, onu qınamır. Hətta bunu onun ağasının dilindən belə etmir. Biz bu kiçik mətndə müəllifin öz yaratdığı obraza böyük sevgisinin şahidi oluruq və ona qoşularaq Novruzəlini sevirik. Düzdür, bu sevgidə bir qədər acıma, mərhəmət duyğusu da var, ancaq mərhəmət də, pərəstiş kimi sevginin ayrılmaz komponentidir.

Bəziləri Novruzəliyə baxarkən hətta qürrələnir də, ancaq anlamır ki, Novruzəlinin poçt qutusu qarşısındakı acizliyi və özünün elektron poçtdan məharətlə istifadə edə bilməsi heç də onun daha üstün, ağıllı, intellektual olmasına dəlalət etmir. Bu sadəcə zaman və məkan məsləsidir, vəssalam, şüdtamam.

Əsəd Cahangirin sözündən belə çıxır ki, istər Cəlil Məmmədquluzadə, istərsə də qeyrisi olsun, bir xırda hekayədə onun qeyd etdiyi nəhəng problemləri qaldırmalı, yaxud çözməlidir. Amma bütün dünya ədəbiyyatından bircə örnək belə göstərmir. O, sənətin elmi-texniki-fəlsəfi yönlərini qabardarkən, bədii, əyləncəli, emosional-ekspressiv çalarlarını unudur. Söz sənətinin sirlərini, bədii mətnin ruhunu, enerjisini yaddan çıxarır. Erudisiyasını nümayiş etdirdikdən sonra özünü Novruzəli adlandırmaqla həm təzad yaradır, həm də çağdaş novruzəlilər arasında özü kimi intellektualların olduğunu etiraf etmiş olur...

Gənc şair Şəhriyar del Gerani isə yazır: “Bir erməni qadın məktubu qutuya salır, bir rus uşaq da salır, amma Novruzəli sala bilmir. Hə, noolsun?..”

Qardaş, məsələ bu qədər bəsit, boz, bayağı deyil axı. “Poçt qutusu”nu anlamaq üçün Novruzəlini sevmək lazımdır, Novruzəlini sevə bilmək üçün ona acımalı, yanmalısan, rəhmli, mərhəmətli, şəfqətli, insaflı olmalısan. Hər şeyi PR-a hesablamamalısan.

Müsahibəsində Məhəmməd əleyhissalamın adını çəkən tənqidçimiz isə onun “rəhman və rəhim” Allahın elçisi olduğunu unudur, “göylərin bağlanmış qapısından” danışır, amma yerdəki məzlumun göz yaşlarını görmür.

“Poçt qutusu” və Novruzəli haqda o sorğudan əvvəl və sonra başqa fikirlər də oxudum, eyni zamanda özüm də bundan xeyli geniş danışa bilərəm, amma bir köşədə bu qədəri, məncə yetər.

Sonda onu demək istərdim ki, Novruzəlini (həm də özümüzü) alçaltmaqdansa, qutuya nəsə salmaq üçün onun (həm də bir-birimizin) belinə çıxmaqdansa, onu (bir-birimizi) sevərək, anlayaraq, onunla (bir-birimizlə) əl-ələ tutaraq irəli getmək lazımdır.