Hökumətdən 5 il geriyə addım...

hokumetden-5-il-geriye-addim
Oxunma sayı: 5713

Gələn il büdcəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə, 1 qəpiyi isə ekologiyaya xərclənəcək.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə 2016- cı ilin dövlət büdcəsinin parametrlərini şərh edərkən qeyd edib. Onun sözlərinə görə, büdcə kiçildi və başıaşağı gedərək 5 il bundan əvvəlki, 2011-ci il səviyyəsində qərarlaşdı: “Çünki, hökümət gələn il üçün dövlət büdcəsinin gəlirlərini bu illə müqayisədə 4,87 milyard manat və ya 25,1 faiz az proqnozlaşdırdı. Gözləntilərimiz özünü doğrultdu. Əslində, onu proqnozlaşdırmaq elə çətin də deyildi. İllərdir ki, şişirdilmiş xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu heç də hökümətdə rasionallığının artmasından deyil, sadəcə neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar. Dövlət büdcəsinin əsas donoru olan Dövlət Neft Fondundan büdcəyə transferlərin bu ildən başlayan azalması tendensiyasinin gələn ildə də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb”.

Bundan sonra büdcənin yükünün mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi olacağını vurğulayan ekspert bildirib ki, gələn il bu illə müqayisədə hər 3 başlıca mənbədən azalma proqnozlaşdırılıb: “Xüsusilə də növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17,6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmadığının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Bu səbəbdən də gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyəti zərərlə əvəz olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək. Artımla proqnozlaşdırılan mənbələrdən biri də sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir”.

Xərclərə gəlincə isə, növbəti ildə onun həcmi bu illlə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırıldığını qeyd edən ekspertin sözlərinə görə, beləliklə növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiyə, 14 manatı dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpiyi sosial müdafiəyə və təminata, 11 manat 30 qəpiyi müdafiəyə, 10 manat 50 qəpiyi təhsilə, 7 manat 60 qəpiyi dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manatı məhkəmə hakimyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpiyi səhiyyəyə, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqçılığa, 81 qəpiyi elmə, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərlənəcək: “Gələn il proqnozlar özünü doğruldacağı halda, büdcədə 1.7 milyard manat da kəsir yaranacaq. Büdcənin ümumi mənzərəsi belədir. Amma bu proqnoz göstəricilərinin təqdimatıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Heç uzağa getməyək, bu il ötən il prornozlaşdığımız büdcə ilə gözlənilən icra arasında 2,5 milyard manat fərq yaranır. Gələn ilin büdcənin də faktiki icrası proqnozlaşdırdığından az ola bilər. Elə bu ilə olduğu kimi. Odur ki, bu günə də şükür eləməli olacagıq. Deməli, bu hələ son deyil”.

Günel Türksoy