“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”

“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”
Oxunma sayı: 4665

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə barələrində məcburi gətirilmə qərarı çıxarılan şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

T.İbrahimov bildirib ki, şahidlərin məhkəməyə çağırılaraq dindirilməsini istəyib: “Raqub Məmmədov icra başçısıdır, onu başa düşdük. Bəs, digərləri niyə gəlmir? Məhkəmədən xahiş edirəm onların gətirilməsini təmin olunsun. İcra başçısı Raqub Məmmədovun da  gətirilməsini istəyirəm, amma məhkəmə nə qərar versə, elə də olsun".

Zərərçəkmiş İsmayıl Məmmədov da icra başçısının məhkəməyə gəlməsini tələb edib: “Kmliyindən asılı olmayaraq qanun qarşısında hamı acizdir. İstintaqda ifadə veriblərsə, məhkəməyə də gəlməlidirlər. Mən necə gəlmişəm, onlar da elə gəlsin. İzah etsinlər görək pulu necə alıblar. Raqub Məmmədov məni qəbul edib, “sən öl” deyib. Gəlsin, görək mənə niyə “sən öl” vururdu?”

Hakim bildirib ki, bu işlə bağlı R.Məmmədov istintaqda ifadə verib, məhkəməyə isə teleqram göndərərək işi ilə bağlı gələ bilmədiyini, ifadısini təsdiqlədiyini qeyd edib.

Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi