İcra başçısı şirkətlərə tapşırıq verdi

icra-bascisi-sirketlere-tapsiriq-verdi
Oxunma sayı: 2129

Səbail rayon İcra Hakimiyyətində rayonda Pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. 

Sonra bildirib ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar. 

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir. 

Eldar Əzizov bildirib ki, Səbail rayonunda həyata keçirilən bütün Pilot layihələr prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir.  Tikinti ərazisindəki vətəndaşların  köçürülmə və digər problemləri ilə bağlı suallar həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol  verməməlidirlər.