İcra başçısının şəkli utancdır...

İcra başçısının şəkli utancdır...
Oxunma sayı: 4266

Şərif Ağ

Həkim ən ağır xəstəliyi ən adi əlamətlərdən müəyyən edir.

Bəzən qalın bir romanın məğzi bircə cümləsindən bilinir.

İnsan ağzını açıb iki kəlmə danışan kimi “görünür”, bəlli olur.

Aysberqin bir tini kifayət edir ki, onun nə qədər böyük olduğunu təsəvvür edəsən.

Çayın dərinliyi üzündəki naxışdan hiss olunur.

Bu mənada gördüyünüz bu fotoya gülüb də keçməyin.

Bu adi bir başçı səfehliyi, adi yaltaqlıq və itaət nümayişi deyil.

Heç Allaha şərik qoşma yanına da baxmıram.

Bu fotonun faciəsi:

- 1 min 792 kvadrat kilometr ərazinin, 124 min 900 nəfər əhalinin, qədim tarixi, mədəniyyəti, özünəməxsus təbiəti və coğrafi mövqeyi olan, böyük ziyalılar və mədəniyyət xadimləri yetişdirən bir rayonun belə bir insan tərəfindən idarə edilməsidir;

- axsaqlığın qabağa, yaltaqlığın önə, ayağın başa, cahilliyin, rəyasətə yüksəlməsidir;

- mənəvi səfilliyin ixtiyar sahibi olmasıdır;

Bu şəkil utancdır: tarix qarşısında, xalq qarşısında, tərəqqipərvər dünya qarşısında.

Həm də bir aynadır bu şəkil və nə yazıq ki, baxıb özünü düzəltmək ümidimizi çoxdan itirmişik.

Ən dəhşətlisi bu halın, bu cür şəkillər çəkildi çəkilmədi, məmləkətimiz üçün adiləşməsidir.

Adiləşsə də bu cür “katda”lar hələ Xudayar bəy kimi ədəbi qəhrəmana çevrilməyib.

Bu, ədəbiyyatımız üçün yeni tipdir.

Yazıçısını həsrətlə, intizarla gözləyən, zamanımızı bütün dövrlərdə faş etməyə qadir olan unikal bir tip...

Allah bərəkət versin.

Kulis.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi