İranın Azərbaycandakı kapital payı- - 158 mln. dollar

iranin-azerbaycandaki-kapital-payi-
Oxunma sayı: 1022


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan tərəfindən Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri və əldə edilmiş razılaşmalar bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb.
Onun sözlərinə görə, indiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, 2013-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 7% artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 mln. dollar, qeyri-neft sektoruna isə 105 mln. dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 mln. dollar təşkil edib. Bununla belə, nazir deyib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

Sonda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.