Keçən il sarımsaq, bu il kartof...

kecen-il-sarimsaq-bu-il-kartof
Oxunma sayı: 4006

Dünya Sakit

Bir vaxtlar Azərbaycanda bazar araşdırmaları ilə məşğul olan şirkətlər yaradılmışdı. Onlardan bir neçəsinin fəaliyyətini izləyirdim, kifayət qədər sanballı araşdırmalar aparırdılar. Xüsusilə ölkəmizə gəlmək istəyən türk şirkətlərindən sifarişlər çox olurdu həmin şirkətlərə. Zaman keçdikcə o şirkətlərin əksəriyyəti ya fəaliyyətini tamam dayandırdı, ya da profilini dəyişib tamam başqa işlərlə məşğul oldu. Səbəb çox sadə idi: sifarişçi olmadı. Belə aydın oldu ki, bazar araşdırmaları Azərbaycanda heç kimə lazım deyil... 

Bu gün faktiki olaraq, bazarımız normal araşdırma, proqnozlaşdırma olmadan fəaliyyət göstərir. Lakin son illərdə bu bazarda baş verənlər ondan xəbər verir ki, inkişaf etmək istəyən iqtisadiyyatda bazarın öyrənilməməsi mümkünsüzdür. Yəni bazardan məlumatın yoxdursa, orada oyunçu olmaq istəyin əbəsdir. Bu, istehsalçılara xüsusilə aiddir: bazarın tələbatını, oradakı malların həcmini, mövcud təklifin keyfiyyətini, strukturunu bilmədən ora mal çıxarmaq uğursuzluğu bəribaşdan göz altına almaq deməkdir. Son illərdə açılışı təntənə ilə qeyd edilən, lakin az sonra fəaliyyətini dayandıran böyük zavodlar, müəssisələr bunun bariz nümunəsidir. Yəqin hamı xatırlayır Şamaxıdakı televizor zavodu, Gəncədə, Naxşıvandakı avtomobil, İsmayıllıdakı velosiped zavodlarının ömrü çox qısa oldu.

Düzdür, hazırda böyük şirkətlərin əksəriyyətində marketinq şöbələri fəaliyyət göstərir. Lakin bu şöbələr əksər hallarda formal xarakter daşıyır, istehsalın proqnozlaşdırılması, tələb və təklifin qiymətləndirilməsi prosesində heç bir rol oynamır. 

Bazarın araşdırılmaması inkişafı prioritet seçilən aqrar sektorda da ciddi problemlər yaratmaqdadır: bir məhsul bir il qıt olur, gələn il o qədər çox istehsal edilir ki, necə deyərlər, su qiymətinə satılır. Ötən illərdə soğan, sarımsaqla bağlı yaranmış belə vəziyyət bu il kartofun “başına gəlib”. Nəticədə, istehsalçılar hökumətə müraciət edərək kartof idxalına rüsumların artırılmasını istədilər ki, Nazirlər Kabineti də bu xahişi yerə salmadı. Əslində, xüsusilə kənd təsərrüfatında istehsal olunan məhsullarla bağlı belə addımlar dünya praktikasında tez-tez tətbiq olunur. Dövlətin dəstəyi daim üzərində olan aqrar sektorun qorunması naminə hökumətlər belə addımlar atırlar. Bu baxımdan, hökumətin son addımı təqdirəlayiqdir. Çünki Azərbaycanda həm yerli məhsul bol olub, həm də kartof idxal etdiyimiz İran və Rusiyada bolluqdur. Hər iki ölkədə bu il rekord həcmdə kartof toplanıb. Üstəlik, hər iki ölkənin milli valyutası dəyərdən düşdüyünə görə gətirilən məhsulun maya dəyəri xeyli aşağı düşüb. Bu şəraitdə daxili istehsalçıların qorunması zəruri idi.

Lakin burada bir məqam da var: hazırda bazarlarda demək olar ki, yalnız yerli kartof satılır. Özü də qiymətində ciddi artım müşahidə olunur – kiloqramı 70-80 qəpiyə qalxıb. Bu isə o deməkdir ki, hökumətin xoş məramından, bazarda alternativin olmamasından sui-istifadə edilir. 

Bu günlərdə prezident “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən  Nazirlər Kabineti 3 ay müddətində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmini hazırlayıb prezidentə təqdim etməlidir. Bu, çox vacib bir addımdır. Sərəncamın icrası ən azından müəssisələrin kortəbii, bazarlama mexanizmləri hazırlanmadan yaradılması praktikasına son qoya bilər. Bundan əlavə, kənd təsərrüfatında bir il qıtlıq-bahalıq, ikinci ili ifrat istehsal-ucuzluq probleminin aradan qalxmasına imkan verə bilər. Bu sahəyə dövlət dəstəyi həm də universitetlərin marketinq fakültəsini bitirib iş tapa bilməyən gənclər üçün iş imkanının yaranması demək olar...