“KOB Dostu sahibkara dəstək üçün yaradılıb”

kob-dostu-sahibkara-destek-ucun-yaradilib
Oxunma sayı: 3213

“Hazırda 200 iş yeri yaradılsa da, gələcəkdə onların sayının 1000-dən çox olması nəzərdə tutulub".  "Qafqazinfo" xəbər verir ki, bu sözləri Masallı rayon icra başçısının müavini Nəsir Muxtarlı rayonda keçirilən "Kiçik və orta biznesin Dostu" (KOB)  xidmətinin təqdimat mərasimində deyib. 

O bildirib ki, kiçik və orta sahibkarlar maliyyə, vergi və digər bütün problemlərlə bağlı KOB dostuna  müraciət edə bilər: 
"Sahibkarların probleminin aradan qaldırılması bizim üçün öndə olan vəzifələrdəndir. Hazırda 5 fəaliyyət istiqaməti var və əsas vəzifə sahibkarlara şəffaf, obyektiv və nəzakətlə fəaliyyət göstərməkdir". 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov çıxış edərək bildirib ki, ilkin olaraq Masallı Sənaye Məhəlləsində fəaliyyətə başlamış KOB Dostu məhz sahibkara dəstək üçün yaradılıb. Bu mərkəz onlara hüquqların müdafiəsi, maliyyə bazarlarına çıxış üçün kömək edəcək. Həmiçinin sorğu monitorinq mərkəzi də davamlı olaraq fəaliyyət göstərəcək ki, bu da vacib faktordur. 

KOB Dostunun idarə heyəti sədrinin müavini Natiq Həsənov təqdimatda vurğulayıb ki, 10 iqtisadi rayon üzrə 60 KOB Dostu səbəkəsi yaradılacaq. Bundan başqa, 35 Dövlət orqanının xidməti sahibrakara yaxın olunacaq:

"KOB Dostu tərəfindən ilkin olaraq risk əmsalı aşağı olan 20-ə yaxın investisiya layihəsi təqdim olunub".

KOB Dostu nədir? “KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcək.

Günel Hacı