Kredit təşkilatı bəyanat verdi - (R)

kredit-teskilati-beyanat-verdi-
Oxunma sayı: 3739



“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son dövrlərdə müxtəlif sayt və mətbu orqanlarda “İçraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) və onunla əməkdaşlıq edən Kredit İttifaqları barədə şər, böhtan dolu, savadsız və qərəzli yazılara yer verilir ki, bu da uzun müddət ərzində ölkədə kənd təsərrüfatının inkişafına və kəndli-fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına öz töhvəsini vermiş kredit təşkilatının və kredit ittifaqlarının haqlı narazılığına səbəb olur. Həmin Kİ-lər üzvü olduqları “Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyindən (AKİA) onlara dəstək olmaq məqsədilə 2003-cü ildə təsis olunmuş qeyri-hökumət təşkilatı və Kİ-ləri öz sıralarında birləşdirmiş birlik, Kİ-lərin hüquqlarının qurunmasına cavabdeh qurum olaraq hadisələrə qiymət, haqsız yazılanlara cavab verilməsini tələb edirlər. Məlumat üçün bildiririk ki, AKİA-nın əsas missiyası sıralarında birləşdirdiyi onlarla kredit ittifaqlarının inkişaf etməsinə yardım etmək, onların ölkə daxilində və beynəlxalq səviyyədə hüquqlarının qorunmasına xidmət etməkdən ibarətdir.

AKİA-nın sıralarında cəmləşən Kredit İttifaqlarının yaranma tarixi də 2000-ci illərə təsadüf edir ki, onların yaradılması ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin may 2000-ci ildə imzaladığı “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənmişdir. Eyni zamanda dövlətin aqrar siyasətinin həyata keçirilməsini sürətləndirməklə bölgələri inkişaf etdirmək və bölgə əhalisinin rifah halını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi yaradılmış, Dünya Bankının həyata keçirəcəyi «Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi» çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) vəsaiti ilə dövlət proqramı əsasında ölkənin müxtəlif regionlarında xeyli sayda Kredit İttifaqları təsis olunmuşdur ki, onların maliyyələşdirilməsi də eyni proqram çərçivəsində yaradılaraq fəaliyyət göstərən IKA tərəfindən həyata keçirilmişdir. Həmin dövrdə heç bir maliyyə qurumlarının kreditləşmə aparmadıqları bölgələrdə Kredit İttifaqları İKA MMC BOKT-la qarşılıqlı fəaliyyət göstərərək, ucqar kənd yerlərində xırda sahibkarlığın inkişaf etdirilməsi, kasıb təbəqənin maddi rifahının yaxşılaşdırılması və kreditlənmə səriştəsinin formalaşdırılmasında öz töhvələrini verdilər ki, bu da həmin regionlarda öz müsbət təsirini hazırda da göstərməkdədir. Məhz bunun nəticəsidir ki, ölkədə kənd təsərrüfatı məhsullarının hər bir sahəsində olan artım göz önündədir.

Kredit İttifaqlarının fəaliyyət göstərdikləri bütün bu dövrdə 85-ə yaxın Kİ yaranmış, onlardan 50-ə yaxını öz fəaliyyətlərini genişləndirərək, kredit bazarında özlərinəməxsus yer tutmuş, xeyli hissəsi isə hətta Beynəlxalq normalara uyğunlaşaraq, xarici investorlarla işləyirlər. Bu nəaliyyətlərin əldə olunmasında İKA MMC BOKT-un da xüsusi rolu vardır. Belə ki, İKA fəaliyyətə başladığı 2003-cü ildən indiyədək öz missiyasına uyğun olaraq ona ümumilikdə ayrılmış 18 mln. ABŞ dolları məbləğində vəsaiti, respublikanın 5 bölgəsini əhatə edən 51 rayonda fəaliyyət göstərən 77 kredit ittifaqı və 2425 birgə borclu qrupları vasitəsilə, 35 minədək kəndli-fermerlərə təkrar kreditlər şəklində paylamış, bu ailələrin məşğul olduğu həmin kiçik bizneslərin inkişaf etdirilməsi yolu ilə onların güzəranının xeyli yaxşılaşdırılmasında nəzərəçarpacaq, faydalı xidmətlər göstərmiş və nəticə etibarı ilə 35 mindən çox iş yerlərinin yaradılmasına və qorunub saxlanılmasına yardım göstərmişdir. Əlamətdar haldır ki, bu fakt bünövrəsi ümummilli lider möhtərəm Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan iqtisadiyyatında və o çümlədən aqrar sahədə aparılan islahatların daha da sürətləndirildiyi və dərinləşdirilməsi ilə xarakterik olan möhtərəm Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü tam əhatə edir və bu da bilavasitə ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulu istehsalçılarının dəstəklənməsi ilə bağlı həyata keçirdiyi geniş islahat və inkişaf proqramının tərkib hissəsi və bariz nümunəsi kimi qiymətləndirilməlidir və Azərbaycanda Kredit İttifaqları şəbəkəsinin minlərlə üzvü bu fəaliyyəti məhz belə qiymətləndirirlər. Fəaliyyət dövrü ərzində İKA və onunla əməkdaşlıqda olan kredit ittifaqları faiz gəlirləri, mənfəətdən və mənbədən vergi kimi, işçilərin gəlir vergisi hesabına dövlət büdcəsinə və sosial ödəmələr kimi sosial müdafiə fonduna bütövlükdə 9 milyon manatdan artıq ayırmalar etmişlər. Bütövlükdə İKA tərəfindən paylanmış mikrokreditlərin 88,2 %-lik hissəsinin heyavandarlıqla məşğul olan (xüsusən də 45%-nin Beyləqan və onun ətraf rayonlarında) birgə borclu qrup və kredit ittifaqları üzvlərinə yönəldildiyini nəzərə alsaq bu portfelin Azərbaycanda heyvandarlıq məhsulları bazarının formalaşmasında rolu danılmazdır.

Lakin, yuxarıda qeyd etdiyimiz kimi, son dövrlərdə müxtəlif sayt və mətbu orqanlarında İKA və Kİ-lər barədə qərəzli yazılara yer verilir ki, bu da İKA və kredit ittifaqlarının fəaliyyətlərinə kölgə salır.
Odur ki, Kİ-ləri öz sıralarında birləşdirən, habelə İKA-nın təsisçilərindən biri olaraq AKİA, bəzi KİV-lərin nəşr etdikləri “İKA aqrar sektora ayrılan kreditləri bir qrup şəxsin özəl biznesinə yönləndirir” başlıqlı məqaləsində göstərilən bəzi qərəzli fikirlər barədə iradlarını diqqətinizə çatdırır.

Həmin məqalələrdə göstərilir ki, son 7 ildə İKA-ya Dünya Bankının xətti ilə 50 milyon manat, Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə son 5 ildə 100 milyon manatdan çox vəsait ayrılıb və guya İKA-nın rəhbəri bu vəsaitləri öz biznesinə sərf edib. Bildiririk ki, bu yazılar reallıqdan uzaq, faktlara əsaslanmayan fikirlərdir. Belə ki, İKA-ya ayrılan vəsait hec də 50-100 milyon manat deyil, cəmi 18 milyon ABŞ dolları məbləğində olmuşdur və verilmiş kreditlərin 70-80%-i İKA ilə əməkdaşlıq edən Kredit İttifaqları vasitəsilə aztəminatlı kənd əhalisinə paylanmış, qalan kreditlər isə birgə borclular qruplarına və kasib təbəqənin istehlak ehtiyaclarının təmin edilməsinə yönəldilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, İKA bu vəsaiti təkrar dövr etdirməklə fəaliyyət göstərmiş və hal-hazırda bu kreditlərin bir hissəsi İKA tərəfindən Nazirlər Kabinetinin 11 oktyabr 2012-ci il tarixli 265 s saylı sərancamı əsasında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə İKA arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş qrafiki qabaqlayaraq dövlət büdcəsinə qaytarılmış, hazırki kredit portfelinin qalığı 14 milyon ABŞ dollarına enmişdir ki, bu məbləğlər də kredit ittifaqları və birgə borclu qruplarının üzvlərində dövriyyədədir. Həmin vəsait öhdəlik vaxtları çatdıqca geri İKA-ya ödənilir və İKA da öz növbəsində qrafikə əsasən dövlət büdcəsinə qaytarır və davam etməkdədir.

Məqalələrdə həmçinin qeyd olunur ki, İKA-nın 10%-lə verdiyi kreditlər fermerlərə 25%-lə verilib. Qeyd edək ki, İKA kredit ittifaqlarına krediti həqiqətən də 10%-lə verir, ittifaqlar isə bu faizi ödəməklə yanaşı öz əməliyyat xərclərini bağlamaq və dayanıqlı təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə kreditləri 20-25% arasında borcalanlara verirlər ki, bu da kredit ittifaqları institutunun yaradılması, Kİ-lər hərəkatının mütəşəkkilliyini təmin etmək baxımından Dünya Bankının qaydalarında öz əksini tapmışdır. Ümumiyyətlə sərbəst bazar iqtisadiyyatına malik bir sıra dünya ölkələrində mikrokreditlərin orta faizi 20-25 % olduğu kimi, Azərbaycanda da Kİ-lər üzrə mikrokreditlərin orta faizi 20-25% civarında özünü göstərir.

Bundan savayı, məqalələrdə bir sıra qabaqcıl kredit ittifaqlarının fəaliyyətləri barədə şər-böhtan xarakterli fikirlər qeyd edilməklə onlar barədə mənfi fikir formalaşdırılır. Halbuki, adlarını qeyd etdiyiniz Kİ-lər tərəfindən, xüsusən Beyləqan regionunda aparılan kreditləşmə işinin borcalanlar üçün rahatlığı, bürokratik əngəllərdən, süründürməçilikdən uzaqlığı, borcalanlara bilavasitə yaxınlığı, eyni zamanda əhalinin bu işə səriştəliyi özünün səmərəliliyini təsdiq etmişdir ki, bu da dövlətin aqrar sahədə apardığı islahatlar kontekstində xırda sahibkarlıqla məşğul olanlara dövlətin qayğısı kimi qiymətləndirilməkdədir.

Odur ki, respublikamızın regionlarında fəaliyyət göstərən Kİ-lər, bölgələrdə yaşayan və bu proqramdan faydalanan 13 min nəfər sadə kəndli fermerlər, onların 40-45 min nəfərə yaxın ailə üzvləri adından bəzi qara fikirli bədhaxlara öz şəxsi maraqlarından və subyektiv ambisiyalarından əl çəkmələrini məsləhət görür, kütləvi informasiya və sair vasitələrlə dezinformasiya yaymaqlarına son qoymaqlarını tövsiyə edir, habelə bəzi informasiya agentliklərinin də anonim xarakterli bu cür yazıların işıqlandırılmasında maraqlı olmamalarını arzu edirlər.

“Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyinın İdarə Heyətinin sədri Ayaz Quliyev
“İcraçı Kredit Agentliyi” MMC BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev