Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu

leysan-ismayillinin-66-kendini-agsunun-70-ni-isiqsiz-qoydu
Oxunma sayı: 1799

İyunun 17-də, gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Ağsu rayonlarında təsərrüfat sahələrinə ciddi ziyan vurub.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, qasırğaya oxşar şiddətli külək rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb. Leysan nəticəsində 20-dan çox evi su ilə dolub, insanların mebel və məişət əşyaları, yataq dəstləri su altında qalıb.

Rayonun Cülyan kənd sakini Anar Feyzullayevə məxsus minik avtomobilinin üzərinə ağac aşıb. Yağışdan sonra əmələ gələn sel suları rayonun Tircan və Maçaxı kəndlərinin avtomobil yolunu dağıdıb, Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılıb, 20 kəndə içməli suyun verilməsi dayanıb. Külək və leysan yağışı yetişən, lakin hələ biçilməyən taxılı tələf edib. Əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib.

Güclü külək və leysan Ağsu rayonunun Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə ciddi ziyan vurub. İlkin məlumata görə, külək 70-dən çox evin dam örtüyünü dağıdıb. Güclü külək meyvə ağaclarına və taxıl sahələrinə ziyan vurub. Ondan çox irigövdəli ağac aşıb. Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisinin nəqli kəsilib.

Hazırda İsmayıllı və Ağsuda rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakət zamanı evlərə, əkin sahələrinə və meyvə bağlarına dəyən ziyana görə ümumilikdə 500-dən çox insan, o cümlədən əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibi, kəndli fermer və bağban külli miqdarda maddi zərər görüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.