Londonda Şuşa anıldı

londonda-susa-anildi
Oxunma sayı: 629

“Qafqazinfo” xəbər verir ki, şuranın sədri, millət vəkili Azay Quliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçirilən forumunda xarici əməkdaşlıq əlaqələrində türkiyəli həmkarlardan Şuranın başlatdığı “Şuşaya azadlıq!” kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb. Hazırda Londonda olan qhtxeber.az saytının redaktoru Sənan Nəcəfov bu kampaniyaya beynəlxalq dəstəyi genişləndirmək üçün aksiya keçiriləcəyini bildirib: “Mən hazırda Londonda aylıq kursdayam. Mənimlə bərabər burada müxtəlif ölkələri təmsil edən 1000-dən çox tələbə təhsil alır. Şuşaya azadlıq kampaniyası çərçivəsində “Şuşanı bir dəqiqəlik sükutla yad edək” aksiyasının keçirilməsini qərar aldıq. Mayın 8-də təhsil aldığım kollecdə tələbə yoldaşlarım milli mədəniyyətimizin beşiyi olan Şuşanın işğalı nəticəsində həlak olmuş dinc sakinlərin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər. Bir dəqiqəlik sayğı duruşundan sonra əcnəbi tələbələrə Şuşa haqda qısa informasiya veriləcək. Bununla bağlı kollec rəhbərliyindən razılıq alınıb”.
S.Nəcəfovun sözlərinə görə, İtaliya, Almaniya, İspaniya, Rusiya, Koreya, Yaponiya, İordaniya, Braziliya və digər ölkələrdən olan onlarla tələbə mayın 8-də öz facebook statuslarında “Şuşanı bir dəqiqəlik sükutla anaq” aksiyasını reallaşdıracaqlar. S.Nəcəfov hazırda Avropada, eləcə də dünyanın ayrı-ayrı ölkələrində təhsil alan azərbaycanlı tələbələrə analoji addım atmaq üçün müraciət edib: “Şuşa Azərbaycan üçün adi bir şəhər deyil, milli mədəniyyət beşiyidir. Şuşada maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edilməsinin və ermənilərin yürütdüyü məkrli işğalçılıq siyasətinin ifşası üçün çox işlər görülməlidir. Şuranın və onun sədrinin başladığı bu kampaniyanın uğurlu alınması bizim əlimizdədir. Bunu reallaşdırmaq üçün bizdən sadəcə fəal olmaq, bu işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni əsirgəməmək lazımdır”.