Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət

lukasenkodan-ogullari-ile-bagli-xebere-munasibet
Oxunma sayı: 2636

Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlarının respublika rəhbərliyinə gətirilməsi üçün hazırlıqların başladığı yönündə yayılmış məlumatlara münasibət bildirib.

“Qafqazinfo”nun “Belta” nəşrinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı hökumət üzvləri ilə 2020-ci il üçün makroiqtisadi proqnoza dair keçirdiyi iclasda məlumatların əsassız olduğunu bildirib.

“İnternetdə belə yazırlar: “Lukaşenko hakimiyyəti köçürür. Bəs hakimiyyətdə kim olacaq?..”, “Uşaqları sıralamağa başladılar” və s. 

İndi isə qulaq asın. Heç bir uşaq sıralaması yoxdur. Övladlarımın heç biri hakimiyyətə ötürülməyə hazırlaşmır”, -deyə Lukaşenko vurğulayıb.

Qeyd edək ki, A. Lukaşenkonun 3 oğlu var: Viktor, Dmitri və Nikolay. 

Viktor  hazırda Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi və Belarus Təhlükəsizlik Şurasının üzvüdür.

Dmitri “Prezident İdman Klubu” dövlət-ictimai birliyinin mərkəzi şurasının sədri vəzifəsini tutur.

15 yaşlı Nikolay isə məktəbdə oxuyur.