Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

masalli-senaye-mehellesinde-tikinti-isleri-davam-etdirilir
Oxunma sayı: 809

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsində görülən işlərlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələrinə məlumat verilib ki, artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.

Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana tikilib, lazımı şərait yaradılıb. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların əksəriyyəti yerli sakinlər olacaq.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.