Məhəmməd Məcidli son sözünü dedi

mehemmed-mecidli-son-sozunu-dedi
Oxunma sayı: 667

“Media forum” saytının məlumatına görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli prosesi izləyənlər arasındadır. Məhkəmə zalına ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri də gəlib.

Prosesdə təqsirləndirilən Məhəmməd Məcidli son sözlə çıxış edib. Qanunsuz olaraq həbs edildiyini vurğulayan Məhəmməd Məcidli müxalifətin kütləvi aksiyalara çıxmasını ölkədə olan durumla izah edib.

O, Azərbaycanda korrupsiyanın baş alıb getdiyini, iqtisadiyyatda monopoliya olduğunu, insan hüquq və azadlıqlarının kobud pozulduğunu vurğulayıb. Məhəmməd Məcidli ordudakı problemlərə də toxunub. Qeyd edib ki, hakimiyyətin siyasətinə qarşı çıxanların həbsi əsassızdır.

Məhəmməd Məcidli özü də daxil olmaqla bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Məhkəmə heyəti yekun qərarı hazırlamaq üçün müşavirəyə gedib.

İctimai Palatanın üzvü Mustafa Hacıbəyli “Media forum”a bildirib ki, prosesin bu gün davam etdiriləcəyi nəzərdə tutulsa da, hakim konkret vaxt açıqlamayıb.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub. Sentyabrda prokuror Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər birinə 3 il, Fuad Qəhrəmanlıya isə 2 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası çıxarılmasını istəyib.

Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı hazırda həbsdə, Fuad Qəhrəmanlı polis nəzarətindədir.