“Mən artıq Azəri qızı Ebru olmuşam...”

men-artiq-azeri-qizi-ebru-olmusam
Oxunma sayı: 9323


1993-cü ilin ilk günləri. “Mən Tanrı Misafiriyəm” deyən çəlimsiz bir qız bir anda Türkiyə musiqisinə bomba kimi düşdü. Bir müddət sonra, “Bərabər yürüdük biz yollarda” sözləri bütün Türkiyənin dilində dolanmağa başladı. Eyni vaxtlarda Azərbaycanda da hər yerdə “Dəmir atdım yalnızlığa” səslənməyə başlamışdı. Atasız böyüyən, imkansızlıq üzündən məktəbi yarıda buraxaraq, dərzi olaraq çalışıb, ailəsini dolandıran 18 yaşlı Ebru birdən birə albomu milyonlarla satılan bir ulduza çevrilmişdi... Media bu qızın sözün hər mənasında “Fırtınalar” qopardığını yazırdı. Tənqidlərinsə ardı arası kəsilmirdi. Atasının yaşadığını, 16 yaşında ailəsi tərəfindən Hamdi adlı iş adamıyla nikahlanıb, bir müddət sonra şiddət səbəbiylə ayrıldığını yazan media, onu yalançı adlandırırdı. “Bunları bilsəydilər, yaxamı buraxmayacaqdılar” deyərək cavab vermişdi Ebru.

1996-1998 ci illər. “Sən sus, heç bir şey söyləmə” sözləri həmin dövrdə çox məşhur idi. Ard-arda çəkildiyi seriallar reytinq birincisi ikən, qəzetlər H.Əliyevin şəxsi dəvəti ilə Azərbaycanda konsertləri baş tutan yeganə türk sənətçisini qadın həmkarlarının qısqandığı, Ebrununsa konsert dəftərindən əlavə, “Eşq dəftəri” nin də qabarıq olduğundan yazırdı... Eşq yaşadığı adamlar siyahısında kimlərin adı çəkilmirdi ki?! “Sən Allahın bir Lutfusun” klipində çəkilən futbolçu Uche, birlikdə layihələr hazırladığı Emrah, M.Kırmızıgül, Ö.Deniz, S.Ortaç, Alişan... Həqiqətdə isə, Ebrunun həyatında təkcə bir nəfər vardı. Mətbuatın “Starın həyatındakı sıradan dövlət məmuru” olaraq tanımladığı vəkil Ömər Durak sonradan onun evlənib ayrıldığı 7 illik sevgisi olacaq...

1999-cu il, 1 dekabr. “Dön ne olur” adlı albomunun təqdimat mərasimində, eyni adlı mahnını ifa edərkən, beyin qanaması keçirməsi, hər şeyin film kimi baş verməsi bəziləri tərəfindən əvvəlcədən yazılmış ssenari kimi qiymətləndirildi. Lakin, çox keçmədi ki, başındakı tikiş izləri, əməliyyatın təfərrüatları mediaya açıqlandı və həkimlərin kəskin etirazına baxmayaraq,o, martın 11-i, 3 saatlıq canlı konsert proqramıyla çıxış edib, “İkinci həyat” adlı müəllif proqramına başladı. “Türkiyənin duaları 80% ölüm riski olan Ebrunu qurtardı” yazılırdı mətbuatda.

2000-ci illər ərzində çıxardığı albomlarla, mahnılarıyla aktuallığını itirməyən Ebru Gündeş, qardaşı Cengiz Kumartaşlıoğluyla birgə öz biznesini qurdu. Həmçinin, Türkiyənin süd sənayesində də yerini möhkəmlədən sənətçi artıq ildə cəmi 3-4 böyük konsert verərək, efirlərdə az-az görünməyə başladı.

2008-ci il, 26 noyabr. Ebru Gündeş 3 illik sevgilisindən ayrılıb, amma bunu mediaya açıqlamır. Səbəb, münsif olduğu Popstar Alaturka yarışmasının aparıcısı Osmantan Erkırın proqramın reytinqinin azalacağından ehtiyyat etməsidir. Azərbaycandakı konsertinin ardıyca, ölkə pressasının suallarını cavablandıran sənətçinin “Mən artıq Azəri qızı Ebru olmuşam. Burda bir ev alıb, bura köçəcəm” tipli sözlərinin nədən xəbər verdiyini media çox sonradan anlayacaqdı... Növbəti illərdə 300-dən artıq geyimini internet üzərindən satışa çıxararaq, bütün gəliri xeyriyyə cəmiyyətlərinə bağışlayan, sənətçilər içində vergi rekortmeni olan Gündeş, illərlə arzuladığı övladı – qızı Alaranı dünyaya gətirdikdən sonra, nəinki, sənətini arxa plana salmadı, hətta populyarlığının pik həddinə çatmaqla, Türkiyədə hər ay verdiyi konsertlərə günlər öncədən bilet qalmayan tək sənətçi oldu.

Və bu gün... 5 illik həyat yoldaşının əmlakının müsadirə olunmasının ardından bütün diqqətlər sənətçiyə yönəlib. O isə, haqqında səslənən heç bir fikrə münasibət bildirmir. Maraqlı olansa budur ki, Rzanın qardaşını bir neçə il əvvəl müğənni Şahsenemə mesaj yazdığı üçün əlindən güllələyən, sırf müğənni olduğuna görə, Güneli gəlin olaraq qəbul etməyən ata Sərraf və xanımı, oğullarının həyatın hər üzünü görən Ebru Gündeşlə izdivacına məmnuniyyətlə razılıq vermişdilər!

Şadıxan